İki məmurun savaşı yeni raundda - QARŞIDURMA

Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) arasında münasibətlər yenidən pozulub
“Azadlıq” qəzetinin yaydığı xəbərə görə, hər iki qurum zaman-zaman üz-üzə gəlsələr də, Mikayıl Cabbarovun təhsil naziri təyin olunmasından sonra onlar arasında qarşıdurma bir qədər səngimişdi.
Lakin orta məktəblərdə buraxılış imtahan nəticələrinin açıqlanması və ortaya rüsvayçı faktların çıxması bu iki qurumu yenidən üz-üzə qoyub. Hətta o səviyyədə ki, artıq Mikayıl Cabbarov açıq şəkildə Dövlət İmtahan Mərkəzindən narazılığını ifadə edib.
Təhsil naziri bu il imtahan verən rus bölməsinin 500-ə yaxın şagirdinin Azərbaycan dili fənnindən “2″ qiymət alması ilə bağlı məsələyə münasibət bildirərkən deyib ki, imtahanların nəticələri hər il Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edildikdən sonra Təhsil Nazirliyinə tərəfindən təhlil edilir: ”Bu il üçün olan nəticələr Təhsil Nazirliyinə hələ təqdim edilməyib. Mənim üçün maraqlıdır ki, bu məlumat mediada artıq var, amma Təhsil Nazirliyinə məlum deyil. Təhsil Nazirliyində bu məlumat olmadığı üçün fikir bildirmək çox çətindir. Qanunvericiliyə əsasən, həmin nəticələr Təhsil Nazirliyinə təqdim edilməlidir. Təqdim edildikdən sonra nəticələrlə bağlı cavab verə bilərik”.
Göründüyü kimi Mikayıl Cabbarov nəticələrin Təhsil Nazirliyindən əvvəl mediaya ötürülməsinə açıq şəkildə narazılıq edib.