İki azərbaycanlı holland investorun 4 yaşlı oğlunu oğurlamağa cəhd etdi

Rusiyanın Həştərxan vilayətində dünən keçirilən xüsusi əməliyyat zamanı xarici biznesmenin 4 yaşlı oğlunu oğurlamağa cəhd edən iki azərbaycanlı yaxalanıb.
Turaninfo.az xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsinin vilayət idarəsi məlumat yayıb. Yaxalananlar Həştərxan vilayətində yaşayan 32 və 36 yaşlı azərbaycanlılardır. Hazırda onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılır.
Məlumata görə plan bu ilin fevralında hazırlanıb. Azərbaycanlılardan biri “Niderland Krallığı vətəndaşının 4 yaşlı oğlunu oğurlayıb ondan iri məbləğdə pul tələb etmək” planı hazırlayaraq işə tanışını da cəlb edib. Cinayəti törətmək üçün onlar öz aralarında vəzifələri paylaşıblar və fəal hazırlıqlara başlayıblar. Bu məqsədlə xüsusi avtomobil alıblar, biznesmenin evini və uşağın valideyinlərini izləməyə başlayıblar, maskalar və tapança maketləri əldə ediblər. Cinayətkarlar uşağı evin qarşısında oğurlamağı, onun valideyinlərindən 15 milyon rubl tələb etməyi nəzərdə tuturdu.
Lakin hüquq-mühafizə orqanları plandan xəbərdar olub və martın 29-da cinayətkarları uşağı oğurlamağa cəhd edərkən yaxalayıb. Polisdə dəqiqləşdiriblər ki, həmin gün şübhəlilər holland biznesmenin yaşadığı kotteclər qəsəbəsinə gediblər və evin qarşısında uşağı gözləməyə başlayıblar. “Məqamı yetişəndə onlar əllərində silah və üzlərində maska anası ilə birlikdə küçəyə çıxan uşağı oğurlamaq üçün qadına basqın ediblər. Lakin əməliyyatçılar xüsusi təyinatlı polislə birlikdə bu hərəkətin qarşısını alıb”-mənbə bildirib.
Məlumata görə azərbaycanlılardan biri əvvəllər holland biznesmenin şəxsi sürücüsü işləyib. “İnterfaks” agentliyinin istintaqa yaxın mənbələrdən əldə etdiyi məlumata görə uşağın atası iri investordur, daimi əsasda Rusiyada yaşayır və Həştərxan sakini ilə evlidir. Lakin onun kimliyi haqda informasiya verilmir.