İdxal mallarında və ərzaq bazarında növbəti bahalaşma ola bilərmi?

Dollar bahalaşdı. Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının aprelin 28-nə olan rəsmi məzənnəsini 1,5033 AZN-dən 1,5056 AZN səviyyəsinə qaldırdı.
Bahalaşma cüzi olsa da, bu xəbərin ölkə bazarlarına təsiri hər zaman böyük olur. Son bir ayda hökumət demək olar ki, dolları inzibati yolla ucuzlaşdırmağa çalışırdı və həqiqətən də dollar hiss olunacaq dərəcədə ucuzlaşmışdı. Hətta manatı möhkəmlətmək üçün Mərkəzi Bank bir neçə addım da ataraq, dollarla olan əmanətlərin faizini qaldırdı, dollarla kreditləri dayandırdı, bazarda dollara tələbat azaldı.
Lakin inzibati üsullar dolların növbəti bahalaşma mərhələsinə qədəm qoymasına maneə ola bilmədi.
İqtisadçı ekspert Qubad İbadoğlu musavat.com-a açıqlamasında bildirdi ki,
Azərbaycan Mərkəzi Bankı öz yanaşması ilə milli valyutanın məzənnəsini tənzimləməkdə davam edir: “Çox təəssüf ki, bu, hər hansı iqtisadi siyasətlə, iqtisadi hadisə ilə əlaqələndirilmir. Yalnız Mərkəzi Bankın özünün planlaşdırdığı vaxt məzənnənin aşağı enməsi və ya qalxması istiqamətində siyasət yeridilir. Əslində Azərbaycan manatı nə qədər süni şəkildə dollar qarşısında möhkəmləndirilirsə, bir o qədər də ucuzlaşmağa məhkumdur. Uzunmüddətli dövr üçün götürüləndə, Azərbaycanda dolların bahalaşması labüddür. Ona görə də, insanları çaşdırmaq üçün belə siyasət yürütmək effekt verməyəcək. Digər tərəfdən manatı möhkəmlədən Mərkəzi Bank göstərməyə çalışır ki, manata investisiya qoymaq, manat hesabında depozit yığmaq olar. Bu yolla Mərkəzi Bank manata etibar, inam formalaşdırmaq istəyir. Bu, inzibati yolla mümkün deyil. İndiki halda manatın dollara nisbətdə ucuzlaşması daha məqsədəuyğundur. Ola bilər ki, qısa müddətdən sonra yenidən dolları ucuzlaşdırmaqla manatı əvvəlki vəziyyətinə qaytarsınlar. Ancaq istənilən halda uzun və orta müddətli dövrdə manatın məzənnəsi ucuzlaşmağa məhkumdur”.
Ekspert bildirdi ki, hökumətin manatın möhkəmlənməsi üçün atdığı addımlar da indiki situasiyada heç bir effekt verməyəcək: “Hökumətin atdığı addımlar indiki şərtlərlə, indiki iqtisadi mühitdə effekt vermək gücündə deyil. Əksinə dollar bahalaşarsa, bir çox sahələrdə bahalaşma olacaq. İlk olaraq, bahalaşma anonsunu supermarketlər verdi, hökumətə müraciət edərək bahalaşmanın qaçılmaz olduğunu bildirdilər.
Əgər hökumət bu müraciətə real addımlarla cavab verməsə, onlar bahalaşmaya gedəcəklər. Bu bahalaşma istehlak bazarında müşahidə olunacaq. Xüsusən də idxal məhsullarında və ərzaq bazarında bahalaşma olacaq”.