İctimai fəal şərt kəsdi

İctimai fəal Bəxtiyar Haciyevin avtomobilinin qanunsuz olaraq cərimə meydançasına aparıldığını bildirərək etiraz əlaməti kimi maşınını DYP rəisi general Ramiz Zeynalova bağışlaması qalmaqal yaradıb
Dövlət Yol Polis İdarəsi bölmə rəisi, polkovnik Vaqif Əsədov ictimai fəalın hədiyyəsindən DYP-nin imtina etdiyini bildirib. Qeyd edib ki, Bəxtiyar Hacıyev avtomobilin üzərinə onu hədiyyə edərək velosipedlə getməyə əvvəlcədən hazırlaşıbmış.
B. Hacıyev buna etiraz edəərk DYP-dən bəzi suallarına cavab istəyib:
“Avtomobili günorta aparıblar, mən isə axşam yazını yazıb aparıb yapışdırmışam. Velosiped isə həmişə axşamlar gedib bulvarda sürə bilməyim üçün maşında olur. Bu, DYP-nin birinci yanlış dəyərləndirməsi.
İkinci yanlış dəyərləndirmə: Vaqif müəllim qeyd edib ki, həmin ərazidə “Formula-1”ə hazırlıq gedir və bütün sürücülərə tətbiq edilir evakuasiya. Vaqif müəllimə təklif edirəm ki, həmin ərazidə olan təhlükəsizlik kameralarına baxaq, məndən öndə və arxada saatlarla park edilmiş avtomobillər olduğu halda, mənim avtomobilim neçə dəqiqə sonra aparılıb, onu müəyyənləşdirək.
Üçüncü və mənim etirazıma səbəb isə ərazidə nəqliyyatın hərəkətinə mane olmursa, niyə evakuasiya edilməlidir? Mən qanuni cəriməni ödəməyə hazıram, ancaq evakuasiya üçün ödənişdən imtina edirəm. Evakuasiya ilə bağlı yuxarıda yazdıqlarımı araşdıraq birlikdə, dediklərim haqlı olmasa, onu da ödəyərik, amma haqlı çıxsa, özləri gətirib qoyarlar yerinə.
Vaqif müəllim ərazidəki təhlükəsizlik kameralarından və cərimə meydançasının kameralarından dünən baş verənləri izləsə, görər ki, piar üçün yox, haqlı və əsaslı etiraz üçün etmişəm”.