​İcra başçısından “qiymətli hədiyyə”- tələbələrə elektrik çaydanı verdi – FOTO

 
 
 
Sentyabrın 9-da Lənkəranda müəllimlərin seminarı keçirilib. Şəhərin Heydər Əliyev Mərkəzində baş tutan seminarda müəllimllər, şagirdlər, bu il ali məktəblərə yüksək balla qəbul olmuş tələbələr, icra hakimiyyətinin nümayəndələri iştirak edib.
 
Musavat.com xəbər verir ki, rəsmi tədbir öz axarında davam edib. Lənkəran şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova “2015-2016-cı dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə edib. Tədbirdə Lənkəranda təhsil sahəsində görülən işlərdən unuz-uzadı danışılıb.
 
Növbə icra başçısı Taleh Qaraşova çatıb. O, yeni dərs ili münasibəti ilə müəllim və şagirdlərə uğurlar arzulayıb, tələbə adını qazananları təbrik edib.
 
Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmi saytında yer alan məlumatda qeyd edilir ki, görüşdə 30 nəfərdən çox bu il 600 baldan yüksək nəticə toplayaraq tələbə adını qazanmış gənclər də iştirak edib. Və icra başçısı həmin tələbələrə qiymətli hədiyyələr təqdim edib.
 
Artıq bir neçə saatdır sosial şəbəkələrdə icra başçısının “qiymətli hədiyyəsi”nin nə olduğu geniş şəkildə müzakirə olunur. Sosial şəbəkə istifadəçiləri qeyd edir ki, T.Qaraşov tələbə adını qazanmış gənclərə hədiyyə olaraq dəyəri 20 manata yaxın olan ekektrik çaydanı hədiyyə edib.
 
Həmin elektrik çaydanının fotosunu tədbirdə iştirak edən tələbələrdən biri çəkərək sosial şəbəkədə paylaşıb.
 
İcra hakimiyyətinin rəsmi saytında da icra başçısı T.Qaraşovun həmin “qiymətli hədiyyə”ni tələbələrdən birinə təqdim edərkən çəkilmiş fotosu yerləşdirilib.
 
Müzakirə mövzusu olan bu elektrik çaydanının icra hakimiyyəti tərəfindən hansı məqsədlə tələbələrə təqdim edilməsi və adının “qiymətli hədiyyə” qoyulması maraq doğurur.