İbtidai icma quruluşundan gələn adam - İNANILMAZ YAŞAM TƏRZİ - VİDEO

Baxış sayı: 
169

Daş dövründən "qalan" bu oğlan vəhşi təbiətdə sağ qala bilmək üçün min bir əziyyətə qatlaşır.
Publika.az sizə, Şimali Avstraliya meşələrində gənc blogerin milyonlarla insanın marağına səbəb olan görüntülərini təqdim edir.
2015-ci ilin may ayında Yutub sosial şəbəkəsində "Primitive Technology" kanalı adsız müəllifə məxsus bir video paylaşıb. Videoda oğlanın vəhşi təbiətdən faydalanaraq hazırladığı alətlər, palçıq və gildən özünə necə koma tikdiyi əks olunub. İki il ərzində videoçarxı dünyanın müxtəlif ölkələrindən 18,7 milyon insan izləyib. Avstraliyalı gəncin həyat mübarizəsini izləmək üçün isə kanala 4 milyona yaxın insan abunə olub.
 
Təsadüfi izləyicilərin bir qismi gəncin, daha əvvəl bu kimi eksperimenti keçirən rusiyalı mütəxəssis Timofey Bajenovu təqlid etdiyini düşünür. Digər bir qrup izləyicilər isə onu nəyin bahasına olursa olsun, vəhşi təbiətin qoynunda Allah umuduna gəzən britaniyalı səyyah Bera Qrillisa bənzədir. Lakin danılmaz fakt budur ki, bu gənc məşhur simalardan fərqli olaraq, özü haqqında heç bir informasiya vermir. Adını belə qeyd eləmir.
Çəkilişlər Avstraliyanın şimal-şərqində yerləşən Kvinslend ştatında gedir. İzləyicilərin tikdiyi komada qaldığını zənn edən bloger heç də meşədə yaşamır. O sadəcə, layihə çərçivəsində meşəyə gəlir. Meşədə heç bir yaşayışın olmadığını deyən bloger sevinir ki, burada yırtıcı heyvanlar yoxdur. Sadəcə zəhərli ilanlar gözə dəyir. Buna görə də ehtiyyatlı olmaq lazımdır:
"Yerdən götürdüyümüz hər şeyi ehtiyyatlı qaldırmalıyıq. Mən zaman-zaman gecə saatlarında da meşəyə düşürəm. Artıq təbiətinə bələd olsam da, ehtiyyatı əldən vermirəm."
 
Bloger deyib ki, bütün bunları özü araşdırıb öyrənib:
"Mən bu biliklərə yüzlərlə tematik kitabları, əsas da ibtidai icma dövrünü araşdırmaqla sahib olmuşam. Təbii ki, internetin qazandırdığı biliklər daha çoxdur. Alətləri də məhz o üsullarla hazırlamışam. Mən nə kəşfiyyatçıyam, nə də xüsusi təlim keçmiş biri."
Qəhrəmanın videolarında diqqət çəkən məqamlardan biri onun susqunluğudur. Bloger bunu bele izah edib ki, videonu ilk dəfə özü izləyəndə səbirsizliklə sonunu gözləyirmiş və danışıqlar fikrini yayındırırmış:
"Ona görə düşündüm ki, çəkilişdə yalnız vizuallığa üstünlük verim. Diqqət etsəniz təbiətin hürkütücü səsləri çəkilişi daha da maraqlı edib."
Bloger bütün videoların sonunda vəhşi təbiətdən faydalanaraq primitiv texnologiyaları necə hazırladığını izah edib. Bununla da həqiqətən insan olmayan bir mühitdə həyatda qalmağın müxtəlif üsulları olduğunu izləyicilərə çatdırmaq istəyib.
 
Blogerin Şimali Avstraliya meşəsində yaşamaq üçün tikdiyi evin (koma) çəkilişləri 25,8 milyon dəfə izlənib. Yalnız təbii materiallardan istifadə edərək balta, çəkic, daş iskənə kimi alətlər hazırlayıb. Daha sonra gil qablar və kərpicləri bişirmək üçün torpağın içində xüsusi yer düzəldib.
Şəxsi kanalında bu alətlərin hər birinin (bışaq, balta, daş iskənə, şeypur, hörmə səbət və baca) necə hazırlandığını videolarla izah edib.
Bloger vəhşi təbiətdə özünü müdafiə etmək üçün bir neçə əldəqayırma soyuq silahlar hazırlayıb. O, soğan qabığı və zeytun ağacının liflərindən 55 cür silah hazırlayıb ki, onları həm ov, həm də müdafiə üçün istifadə edir. 60 sm-lik kəskin uclu nizələr və 1,2 oxlar ona kifayət edir ki, ac qalmasın. Nizələrin sonuna kiçik taxta dirəklər yerləşdirmək atış zamanı onun sürətini və istiqamətini dəqiqləşdirməyə kömək edir.
Nəhayət qida əldə olunmasına həddən artıq çox zaman getdiyi üçün bloger buna bir çıxış yolu axtarıb. O deyir ki, qidanı bəzən bir neçə saata tapa bilir, bəzən də gün boyu ac qalır. Belə hallarda acından ölməmək üçün əkib- becərməyə şərait yaratmaq lazımdır:
"Siz meşədə qarşınıza çıxan müxtəlif otları, bitkiləri, göbələkləri yeyə bilməzsiniz. Onlar zəhərlidir".
 
Bloger içmək üçün şirin su quyusu qazıb və tikdiyi komanın ətrafında kiçik bostan salaraq orada yemək üçün kartof əkib.
Onun "Technology Primitive" kanalında reklam yoxdur. Yəqin ki, avstraliyalı macərapərəstə videoların izlənməsindən qazanılan 27 min dollar kifayət edir. Təbii ki, əgər o Yutub sosial şəbəkəsi ilə müqavilə bağlayıbsa.
Avstraliyalı macərapərəstin öz şəxsi saytı var ki, izləyicilər bu sayt vasitəsilə onun layihəsini maliyyələşdirir. Bloger deyib ki, onların dəstəyi ilə bu işi sadə hobbidən qazanc mənbəyinə çevirə bilər:
"Mənə maddi dəstək verən bütün izləyicilərə təşəkkür edirəm. Söz verirəm, videoların həcmini nisbətən azaldıb, daha tez-tez yeni videolar paylaşacam. Bununla da siz vəhşi təbiətdə yaşamaq üçün daha çox informasiya əldə edəcəksiniz."
2 mindən çox izləyicisi olan sayt blogere 5 min dollardan çox qazanc gətirib. Yutubun ən populyar kanallardan olan Primitive Technology hələ də izləyicilərini kanala abunə olmağa çağırır. Bloger şəxsi saytından izləyiciləri ilə əlaqə yaradaraq yenə maddi dəstək istəyib:
"Mənim hec bir sosial şəbəkədə hesabım yoxdur. Yaranan saxta hesabları əngəlləyin".
 
Reddit sosial şəbəkəsinin izləyiciləri blogerin layihəsini böyük maraqla izləyiblər.
Fanatların yazdığı şərhlərdə qeyd olunur ki, texnologiyalar insanları o qədər iflic edib ki, adi kamp şəraitində ocaq belə qalaya bilməyən gənclər var:
"Bu oğlan sanki daş dövründən gəlib. Belə davam etsə, 2-3 ilə hətta kompüter belə hazırlaya bilər".
İzləyicilərin çoxu avstraliyalı blogerə dərin hörmət bəsləyir və ona həsəd aparırlar. Sosial şəbəkələrdən istifadə edən gənclər eləcə də, yaşlı nəslin nümayəndələri Primitive Technology kanalını Yutub tarixində izlənilməsi ən faydalı olan səhifələrdən hesab edir.
Könül Cəfərli
 

Загрузка...
Загрузка...