İbrahimbəyov Azərbaycana qayıdır – Qurultay olacaq

Kinorejissor, ssenarist, dramaturq Rüstəm İbrahimbəyov rəhbərlik etdiyi Azərbaycan Kinemotoqrafçılar İttifaqının üzvləri ilə görüşüb.
Bu barədə ittifaqın katibi Əlisa Cabbarov məlumat verib. Onun sözlərinə görə, martın 28-də baş tutan görüşdə ittifaqın düşdüyü durum və real vəziyyət müzakirə olunub: “Böyük müzakirəmiz oldu. Əsasən ittifaqın idarə heyətinin iclasını və sonra qurumun növbəti qurultayının keçirilməsini müzakirə etdik. Aprel ayında Rüstəm müəllimin Bakıya yenidən səfəri olacaq. Yəqin ki, aprel ayının sonunda idarə heyətinin toplantısı olacaq”.
Ə.Cabbarov bildirib ki, Kinemotoqrafçılar İttifaqının bütün sənədləri və əşyaları hazırda Bakı sakinlərindən birinin evində saxlanılır: “Könüllü olaraq bütün arxivimizi həmin səxsin evinə yerləşdirmişik. Maliyyə imkanlarımız olmadığından ofis tutub həmin sənədləri oradan çıxara bilmirik. İttifaqın hesabında bir manat da pul yoxdur, dövlətdən maliyyə almırıq, özəl şirkətlər isə maddi yardım ayırmağa çəkinirlər. Təəssüf ki, Rüstəm müəllim Bakıya qardaşının yas mərasimi ilə əlaqədar qayıtdı. Amma burada ümidverici nüans var. Azərbaycanda Rüstəm İbrahimbəyov xofu vardı. O, Bakıya gələndən sonra Rüstəm İbrahimbəyov xofu yox olacaq. İttifaqımızın durumunun düzəlməsi ilə bağlı ümidlər artır”.
İttifaqın katibi hesab edir ki, Azərbaycanda kino qurumları nə qədər çox olarsa, bir o qədər işin xeyrinə olar: “Bir az əvvəl bizim ittifaqın üzvləri şantaj olunub qorxudulurdu. Onların qarşısında hətta şərt də qoyurdular - Rüstəm İbrahimbəyovun ittifaqından istefa verib yeni quruma üzv olmalısan. İndi bu münasibətlər qaydasına düşüb. Yeni ittifaqın sədri Şəfiqə xanım ilə Rüstəm müəllim yas mərasimində görüşdülər. Ümid edirəm ki, daha onlar bizə mane olmayacaqlar”.
Ə.Cabbarov Xalq artisti Rasim Balayevlə olan münasibətlərə də aydınlıq gətirib: “Rasim Balayev bizim ittifaqın və İdarə Heyətinin üzvüdür. O, sadəcə katiblikdən istefa verib. Bu gün də biz onunla məsləhətləşirik, onun köməyinə hər zaman ehtiyac duyuruq. Amma Rasim müəllim dünən Rüstəm İbrahimbəyovla olan görüşdə iştirak etməyib”.