İblisi (lən) qorxudan 5 keyfiyyət

Adəm övladının ən böyük düşməni kimlərə bata bilmir?
Bismilləhir-Rahmənir-Rahim!
 
Mübarək dinimizin hədəfi - insanı, onun mövcudiyyət fəlsəfəsinə uyğun olaraq, kamil duruma yetişdirməkdir. Bu, insanda həqiqi dəyər inqilabını təcəssüm edən, insanı İNSAN pilləsinə yüksəldən bir məktəbdir. Allah Təala hər bir inanc insanına bu nemət bulağından bəhrələnməyi qismət etsin!
 
Kimləri sevmir iblis?
 
Mübarək dinimiz daima insanın kamil olması üçün zəruri olan keyfiyyətləri çatdırır. İnsanı ayıldır dinimiz. Onun nədən çəkinməli, nələrə doğru getməli olmasını vurğulayır dinimiz. İblisin düşmənlərinin kim olmasını, lənətlik iblisin ardıcıllarının kim olmasını açıqlayır dinimiz. İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: «İblis dedi: «5 nəfər var ki, onlara qarşı heç bir çarəm yoxdur. Bunlar (1) xalis niyyətlə Allaha sığınan və bütün işlərində Ona arxalanan, (2) gecə-gündüz Allaha çox təsbih deyən, (3) özü üçün bəyəndiyi şeyi mömin qardaşına da bəyənən, (4) başına müsibət gələndə səbirsizlik etməyən, (5) Allahın ona qismət etdiyinə razı olan və ruzi qəmi çəkməyənlərdir. Ancaq, qalan bütün insanlar mənim ovcumun içindədir»».
 
Mübarək hədisdən bəlli olur ki, nələr, hansı keyfiyətlər insanı lənətlik iblisdən amanda saxlaya bilər, qoruya bilər və nələr insana xas olmadıqda, lənətlik iblisin təsiretmə imkanları artır. Fikir versək, burada insan mövcudiyyətinin müxtəlif cəhətləri açıqlanır. İlk olaraq, burada insanda niyyət xalisliyinin olması məsələsi işıqlandırılır. Və bu niyyət xalisliyinin tətbiqi yeri də bəlli edilir - Allaha pənah aparmaq, yalnız Ona arxalanmaq və təvəkkül etmək.
 
Sonra Allah Təalanı təsbih etmək, Onun mübarək adını zikr etməyə gəlir. Bu, insanı Allaha bağlayan, insana ən ümdə mövzuları xatırladan bir amildir.
 
Sonra özü üçün bəyəndiyini digərinə bəyənmək kimi çox mühüm əxlaqi keyfiyyətə toxunulur. Əslində bu, insanın rəftar formulu olmalıdır. Həqiqətdə «nə etməli?» düsturu olmalıdır bu müddəa insan üçün.
 
İnsan imtahanlar müqabilində
 
İnsanın həyatında müxtəlif mərhələlər olur. O cümlədən, imtahanlar, sınaqlar, çətinliklər də üz verir insana. Bu məqamda insan özünü itirməməli, panikaya düşüb səhvlər buraxmamalıdır. Hər vəziyyətə düşə bilər insan. Amma dəyanətlə, şərəflə verməlidir öz imtahanlarını. Ruhdan düşməməlidir insan.
 
Hədisdə göstərilən növbəti məqam - insanın bütün çətinlikləri səbir və dözümlə qarşılaması ilə əlaqədardır. İnsanın necə qarşılamasından asılı olmayaraq, onsuz da imtahanlar üz verəcəkdir. Dözüm və səbirlə qarşılasa, ruhu inkişaf edəcək, zənginləşəcək insanın. Amma imtahanlar müqabilində insan özünü itirəcəksə, ruhdan düşüb pessimizmə qapılacaqsa - itirəcəyi özünə qalacaq. İmtahanın da çətinliyini çəkəcək, üstəlik ruhuna də zərbə vuracaq.
 
Sonra hədisdə ruziyə qane olmaq təqdir edilir. Ruzi dərdi çəkməməlidir insan. Amma bu, qətiyyən aza yönəldilmək kimi başa düşülməməlidir. Az işləməyin, az qazanmağın təşviqi kimi qiymətləndirilməməlidir. Söhbət ondan gedir ki, insan halal ruzi əldə etmək üçün çalışmalı, ondan nə asılıdırsa - etməli və bundan sonra əlinə gələn qismətə qane olmalıdır. Çalışdıqdan, səy etdikdən sonra əldə etdiyi imkan müqabilində daxili razılıq hissinə malik olmalıdır. Özgənin malına, varidatına göz dikməməlidir. Nəfsinin ardınca gedib, özünü zillətə salmamalıdır. İmkansızlıq üz verəndə - əgər özündən nə asılıdrsa, edibsə - səbirsizlik və kəmhövsələlik etməməlidir.
 
Gördüyümüz kimi, burada insanın həm Allahla münasibəti, həm də fərdi, ictimai baxımdan həyat və məişəti əhatə olunmuşdur. Burada insanın üzləşdiyi hadisələrlə bağlı rəftarlarını tənzimləyən məqamlara toxunulmuşdur. Lənətlik şeytanın dilindən insana təhlükəli yerlər bəlli edilir. Yəni, bu məkanlarda, bu mənəvi mövzularda insanın vücudi durumu axsayırsa, özünü təhlükəyə salmış olur.
 
əyyənedici niyyətlər
 
Sadalanan bu keyfiyyətləri bir qədər də müfəssəl araşdıraq. İnsanın niyyətində xalislik olmadıqda, niyyətlər tam olaraq Allaha doğru yönəlmədikdə, niyyətdə qarışıq olduqda, təmizlik, dürüstlük, paklıq olmadıqda - meydana iblis daxil olur. Əgər insanın bütün işlərdə Allaha sığınmaq, təvəkkül etməsi yoxdursa, özünə, mənsəbinə, vəzifə sahiblərinə arxayın olarsa - burada şeytan lənətliyin qəlbə girməsinə geniş imkan yaranır.
 
Allahı yada salmağa, zikr etməyə gəldikdə, nə vaxt iblisin insanı ram etmək fürsətləri artır? Əlbəttə ki, insan Allahı unutduqda. İnsanın gün ərzində bir proqramı, tənzimlənməsi olmalıdır ki, Allahı bacardığı qədər çox xatırlasın. Bu, öz-özünə olan bir məsələ deyil, iradəvi, şüurlu prosesdir. İnsan, Allahı unutmamaq üçün, bacardığı qədər çox xatırlamaq üçün öz fərdi xüsusiyyətlərinə uyğun olaraq müvafiq proqram qurmalıdır. İnsan Allahı unutduqda, iblisin təsir dairəsinə düşür.
 
Özü üçün bəyəndiyi şeyi digəri üçün bəyənmək - günümüzün ən aktual mövzularındandır. Çox təəssüflər olsun ki, heç də həmişə doğru yolun yolçularının kəmiyyət artımı avtomatik olaraq keyfiyyətin müvafiq surətdə artması ilə müşayiət olunmur. Və o da qeyd olunmalıdır ki, «yalnız özün üçün bəyəndiyini başqasına da bəyən» formulu toplumda arzu olunan səviyyədə yaşanmır. Əfsus ki, insanlar arasındakı mövcud rəftarda daha çox digər prinsip - şəxsi marağı hər şeydən üstün tutmaq prinsipi rəhbər rolu oynayır. Unudulur ki, bu kimi azmalara qol qoymaq - könüllü olaraq iblisin təsir radiusuna daxil olmağa bərabərdir.
 
Ruzi imtahınında səbirsizlik etməyə gəldikdə, bu, iblisin ən çox sevdiyi mövzudur. Məhz burada lənətlik iblis üçün geniş fəaliyyət üfüqləri açılır. İnsanın gündəlik problemlemləri içərisində ruzi problemi - ən çox rast gəlinən və davamlı xarakterlidir. Və insanın həyatının və məişətinin fizioloji baxımdan ən zəruri nöqtələrinə təsir etdiyindən, burada səbir etmək nə qədər mübarək duruma səbəb olursa, səbirsizlik də bir o qədər ruhi zillətə gətirib çıxara bilir.
 
Diqqət yetirsək, mübarək hədisdə iblis öz ruhi durumu üçün müvafiq müdafiə mexanizmlərini təmin etməyən, zəruri keyfiyyətlərə malik olmayan insanların onun «ovcunun içində» olmasını, yəni, tam surətdə öz iradələrini ona tabe etdirmələrini vurğulayır. Bu, ayıldıcı bir xəbər olmalı, hər bir insan öz vəziyyətini mütəmadi təftiş edərək, islahı üçün qərar verməlidir.
 
İblisin ardınca gedənlərin aqibəti
 
İblisin ardınca getməyin acı perspektivləri barədə dinimiz hər zaman insanı xəbərdar etmişdir. Həzrət Əli (ə), şeytanın ardınca gedənləri məzəmmət edərək, buyurmuşdur: «Onlar şeytanı öz işlərinin meyarı etdilər və şeytan da onları öz tələsinə çevirdi. Beləliklə, (şeytan) onların qəlblərində yumurta saldı, cücə çıxartdı, tədricən ağıllarına nüfuz etdi, onları xətalara və büdrəmələrə düçar etdi, batili gözlərində bəzədi.
 
Onların işləri, güclərində şeytanın şərik olduğu və onun dili ilə batil söz danışan şəxslərin işi kimidir».
 
İnsanlar arasında bir balaca araşdırma aparsaq, onların işlərinin qayəsi barədə xəbər alsaq, məlum olar ki, bir çoxunun işinin meyarı məhz şeytani səciyyə daşıyır. Onların işləri Allaha tərəf ünvanlanmayıb, nəfsani qərizələrə yüklənib. Bu, həm fərdi müstəvidə, həm ailə müstəvisində, həm iqtisadi, ictimai müstəvilərdə yer alan bir haldır.
 
Ümumiyyətlə, insanın «kim»liyi, onun meyarlarının lnecə»liyindən bilavasitə asılıdır. Bir kəsin ki, meyarı şeytandır, onun işləri də şeytani olcaqdır. İş o yerə çatır ki, insan artıq şeytanın tələsinə çevrilir, onun işini görür. Hərə bir vəziyyətdə, rəngdə, xüsusiyyətdə bu rolu yerinə yetirə bilər, əgər özünün meyarlarına diqqət etməsə.
 
Bunlar - hansısa mücərrəd mövzular deyil. Bir də görürsən bir kəs əqli, zəkanı, əqidəsini, öz dünyagörüşünü, ən nəhayət - ənənəni, ağsaqqal sözünü qoyur bir kənara, müxtəlif iblisvari düşüncə sahiblərinin rəyi ilə durub-oturur. Soruşanda da məlum olur ki, standartları dəyişmişdir.
 
Hədisdə o da vurğulanır ki, iblis insanın ağlına nüfuz etdikdən sonra, günaha sövq edir və buna, pisi yaxşı kimi göstərməklə nal olur. Məsələ onunla sonuclanır ki, bu insanın dili - iblisin dilinə, gözü - iblisin gözünə, gücü - iblisin gücünə çevrilir. Yəni, bu insanın qəlbi şeytanın eyninə çevrilir. Bu, nə üçün baş verir? Çünki, bu kimi insanların meyarı - iblisdir. Hər şey meyarlardan başlayır.
 
İblis insana necə nüfuz edir?
 
İnsan öz düşmənini tanımasa, ondan qoruna bilməz. Əmirəlmöminin İmam Əli (ə) buyurur: «Gizlincə qəlblərə nüfuz edən və asta-asta qulaqlara ovsun oxuyan düşməndən çəkinin».
 
Həzrət Əli (ə) insanın ən böyük düşməni olan iblisin xüsusiyyətlərini açır. İblis səs-küylə, təm-təraqla gəlib girmir insanın qəlbinə. Ahəstə-ahəstə, günahın rəngini dəyişməklə, haramları adiləşdirməklə, sonra kiçik günahlara mürtəkib olunmağa təşviq etməklə, sonra artıq öz günahlarını da adiləşdirib kiçiltməklə insanı əla ala bilir iblis.
 
Bunlar da abstrakt mövzular deyildir. Elə ətrafa diqqət etsək, görərik ki, internet, televiziya, radio, nəşrlər - bütün bunlar çoxları üçün bilgi artırmaq, elmlənmək vasitəsi deyil. Əksinə, ruhani səfalət çirkabına mürtəkib olmaq, öz aqibətini pisləşdirmək üçün bir vasitədir. Şeytanın dominantlığını, təsir artımını müşahidə edirik biz bir çox sahələrdə.
Qeyd olunduğu kimi, tədricən nüfuz edir qəlbə iblisvari mahiyyət. Baxırsan, normal bir insandır. Hər gün bir az haramdan yeyə-yeyə, nəhayət cismini öyrəşdirir harama və hətta özgə haqqını qəsb etmək də adiləşir onun üçün. Buna görə də ən namuslu, vicdanlı insanlar belə, öz mühitlərinə diqqət etməlidirlər. Mühit barədə səhlənkarlıq edən insan, nəticədə gedib elə bir mənəvi zillətə düşər ki, çarə tapa bilməz. Toplumda nə qədər şey var ki, 15-20 il bundan əvvəl heç kim təsəvvür edə bilməzdi bunu millətimiz üçün. İzləsək, görərik ki, asta-asta sırınıb bütün bu anti-dəyərlər toplumumuza. Nəticədə iş o yerə çatır ki, namus, qeyrət, din, əxlaq kimi dəyərlər barədə danışmaq belə çətinləşir - o qədər vecsizlik yaranıb bu kateqoriyalara qarşı.
 
Lənətlik iblisin toruna düşməmək üçün, nəfsani istəklərə qapılmamaq üçün insan Allaha pənah aparmalı, ona üz verən nəcib işlərə görə şükür-nemətli olmalıdır. Həzrət Əlidən (ə) nəql edirlər: «Allaha həmd edirəm şeytanın qovulması və uzaqlaşdırılmasına görə. Eləcə də onun tələ və hiylələrindən salamat qalmağa səbəb olan işlərdə Allahdan kömək istəyirəm».
 
Allah Təala hər bir bəndəsinə irili-xırdalı iblislərlə mübarizədə kömək olsun, inşəallah!
 
Vəsvəsənin əlacı
 
İblisin insana nüfuz etməsinin müxtəlif vasitələri vardır. Təəssüflər olsun ki, bu baxımdan günümüzdə aktuallıq kəsb edən mövzulardan biri də vasvasılıqla bağlıdır. İnsanı mənasız işlərlə məşğul edib, lazımlı işlərdən yayındırmaq - iblisin nailiyyətlərindəndir. Əslində vasvasılıq - bir xəstəlikdir. İslamın nəzərində bu, ciddi ruhi mərəz və ümumilikdə xeyli problematik bir hal hesab edilir. Dinimiz təmizliyi sevir və «Təmizlik - imandandır» deyə buyurur. Amma bir insanın halı ki, saatlarla əllərini yuyur, yaxud çimir ki, bəs ltəmiz olmadım», yaxud əlinə parça keçirib qapı-pəncərəni açır ki, birdən natəmiz olar, yaxud dəfələrlə dəstəmaz alır ki, bəs «deyəsən pozuldu», yaxud namazı neçə dəfə qılır ki, «deyəsən alınmadı» - bu kimi işlər iblisin qəlbə girib vəsvəsə salmasının nəticəsidir.
Dinimiz bunları əqlin kənara qoyulmasının, hərəkətlərin əqlani müstəvidən kənara çıxarılmasının məhsulu kimi qiymətləndirir. Nəql edirlər ki, bir gün İmam Cəfər Sadiqin (ə) yanında dəstəmaz və namazda vasvası bir kişinin adını çəkərək, onun ağıllı bir şəxs olmasını iddia edərkən, Həzrət (ə) buyurdu: «Şeytana tabe olanın nə ağlı ola bilər?». Soruşdular: «Şeytana necə tabe olur?». Buyurdu: «Ondan soruş, gör, onu vəsvəsə edən şey nədir? O, mütləq deyəcəkdir ki, şeytanın işidir».
 
Mübarək hədisdə ayıldıcı məqam vardır: ey insan, əgər şeytan vəsvəsə edirsə, nə üçün ona tabe olursan?! Özünü toparla, etina etmə vəsvəsələrə. Çünki, bu işlərin nə İslama, nə möminliyə aidiyyəti yoxdur. İslam - elm və məntiq, rasionallıq üzərində bərəqərar olan bir təlimdir və iblis lənətliyin işi isə insanı müvazinətdən çıxarmaq, onun gününü qara etmək, səbir və hövsələsini daraltmaqdan ibarətdir. Birini pulla, birini məqamla, birini vəzifə ilə, birini region, kənd-şəhər təəssübü ilə aldadar iblis. Birini dərisinin rəngi ilə, digərini «dəbə uyğundur» adı ilə bir qrup insanın illik xərcini bir paltara verdirməklə, üçüncünü - başqa bir israfla çaşdırır, azdırır iblis. Amma bunların arasında bəlkə də ən xəlvət çaşdırma - təmizlik və s. ilə bağlı qəlbə vəsvəsə salmaqla bağlıdır.
 
«Sən təmizkarsan, camaat səni başa düşmür» - deyə zavallının qəlbinə vəsvəsə salıb, işini-gücünü atdırıb, qiymətli vaxtını saatlarla təmizlik prosedurlarına sərf etməklə keçirtdirir.
 
Dinimiz vəsvəsədən ən effektli müalicələrdən biri kimi, Allahın birliyinə şəhadət verməyi görür. İmam Cəfər Sadiqdən (ə) nəql edirlər ki, vəsvəsə barəsində buyurmuşdur: «Eybi yoxdur, «Lə iləhə illəllah» de!».
 
Yəni, insan səmimi qəlbdən Allaha bağlansa, iblisin heç bir vəsvəsəsi ona təsir edə bilməz. İnsan gerçəkliklə, əqllə olsa, vəsvəsədən mütləq qurtular. Vəsvəsə - bir şeytani məsələdir və Allah Təala cəmi insanlara lütf etsin bu məsələlərdən qurtulmağa!
Allahım, bizləri iblisin bata bilmədiyi keyfiyyətlərə malik olanlardan, Sənə pənah aparanlardan, əqli rəhbər tutanlardan, vəsvəsədən uzaq olanlardan qərar ver!
Allahım, cəmi iman əhlini İmam Hüseyn (ə) əzadarlarından, Həzrət Peyğəmbər (s) və Əhli-beytinin (ə) yolunu gedənlərdən qərar ver!
 
Allahım, qəsb olunmuş torpaqların, ibadətgahların tezliklə qəsbdən qurtulmasını, 12-ci İmam Həzrət Mehdi Sahib əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et! Amin!
(musavat.com)