HƏYƏCAN: “Günəşli” yatağının faciə baş vermiş platformasında İşçilər təxliyə olundu

 
Ötən il dekabrın 4-də Xəzər dənizində baş vermiş təbii fəlakət zamanı "Günəşli” yatağında qəzaya məruz qalmış 10 saylı dərin dəniz özülündə təmir-bərpa işləri davam etdirilir.
 
SOCAR-dan "APA-Economics”ə verilən məlumata görə, noyabrın 4-də təxminən saat 23 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində özüldə silkələnmə müşahidə edilib, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olub.
 
"İşçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların bir hissəsi təxliyə olunub. Hadisə yerində ekspertlər tərəfindən texniki müayinə aparılıb, özüldə heç bir konstruktiv dəyişiklik müəyyən olunmayıb”, - deyə məlumatda vurğulanıb.
 
Qeyd edək ki, hazırda "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə təmir və istehsalat prosesləri ümumi rejimdə davam etdirilir.