Hüquq müdafiəçisi amnistiya təşəbbüsü üçün Mehriban Əliyevaya müraciət etdi

Mirvari Qəhrəmanlı: “Yenə Mehriban xanım humanist addım atsın”
Mayın gəlişi ilə əfv məsələsi yenidən gündəmə gəlir. Hər kəsin ən çox ümidlə əfv gözlədiyi aylardan biri də maydır. Bu ayın ya 10-da, ya da 28-də dövlət başçısı tərəfindən sərəncamın imzalanacağı deyilir.
Bu xəbərlərin fonunda hətta 10 mayda amnistiya verilə biləcəyi də ehtimal olunur. Mövcud şəraitin də buna imkan verdiyini düşünmək olar. Belə ki, ötən ilin bu vaxtı Qərbdən gələn təzyiqlər nəticəsində son anda Azərbaycan hakimiyyəti əfv sərəncamı imzalamaqdan vaz keçmişdi. Amma indi situasiya tamam  fərqlidir. Azərbaycanla Qərb arasındakı münasibətlər düzəlib və bunun nəticəsində qənaətbəxş sayılan mart əfvi verilib. Artıq Qərb həbsdə qalan azsaylı siyasilərin azadlığı üçün son cəhdlərini edir. Ölkə iqtidarı da məhbus problemini tamamən aradan qaldırmaqda qərarlı görünür.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı “Yeni Müsavat”a açıqlamasında Qərbin Azərbaycana qarşı münasibətində taktikanı dəyişdiyini söylədi: “Əvvəllər xarici təşkilatların fəaliyyəti bizi narahat edirdi. Bunun üçün dəfələrlə tələblərimiz oldu ki, siyasi məhbus məsələsində taktikanı dəyişsinlər. Çünki hakimiyyətin nəyisə bəhanə etməsini istəmirdik. Mart ayındakı əfv nəticəsində şad olduq. Ardınca da məhbus azad olunmalarının şahidi olduq. Hökumət adına başqa taktikadan istifadə edilməsini, əfvdən əlavə amnistiya da verilməsini vacib sayıram. Çünki elə siyasi məhbuslar var ki, əfv yazmaq istəmirlər. Onlar düşünürlər ki, əfv yazan məhbus özünü bu və ya digər dərəcə təqsirli bilir, yaxud qismən ittihamlarla razılaşır. Məhbuslar da var ki, günahını qəbul edir və düşünürlər ki, əfv yazsalar azad oluna bilərlər. Azərbaycan hökuməti qınaqlardan qurtarmaq üçün amnistiya yolunu seçməlidir. Bir neçə il bundan öncə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva amnistiya ilə bağlı Milli Məclisə müraciət etmişdi. O vaxt amnistiya ilə çoxsaylı məhbus həbsdən azad olmuşdu. Sizin qəzetiniz vasitəsilə Mehriban xanıma müraciət etmək istərdim. Nəyə görə Mehriban xanıma müraciət edirəm? O, millət vəkili, Heydər Əliyev Fondunun rəhbəri və ölkə başçısının xanımıdır. Düşünürəm ki, ən çox onun müraciəti Milli Məclisdə qəbul oluna bilər. Həmfikir tapması da çətin olmaz. Onun müraciəti tamamilə qəbul olunacaq. Yenə də Mehriban xanım humanist addım atsın. Mədən Sənayesinin Artırılması Koalisiyasında, Açıq Hökumət Təşəbbüsü və digər beynəlxalq proseslərdə qınağa məruz qaldığımız üçün Azərbaycan xətrinə Mehriban xanım belə təşəbbüsü üzərinə götürüb, parlamentdə amnistiya ilə bağlı layihə təqdim etsin. Arzu edərdim elə bir amnistiya verilsin ki, Azərbaycanın tarixinə yazılsın. Dünya tərəfindən də alqışlanan qərar olsun. Bunu gözləyirəm. Xatırlayırsınıza, Yunuslarla bağlı addım da məhz Mehriban xanımın təşəbbüsü ilə atılmışdı. Çox istərdim ki, Mehriban xanım tərəfindən belə təşəbbüslərin sayı artırılsın”.