Hulusi Akarın qiyamçı yavərindən – Şok açıqlama

 
 
Baş Qərargah rəisi Hulusi Akarın yavəri, 15 iyul hərbi çevrilişinə cəhddə təqsirli bilinən polkovnik-leytenant Levent Türkqan istintaqa ifadə verib.
 
Axar.az xəbər verir ki, ifadəsində çevrilişin Gülən camaatı tərəfindən təşkil olunduğunu deyən hərbçi məktəbli olarkən camaata qoşulduğunu bildirib:
 
İmtahan suallarını ötürdülər
 
“Kasıb bir ailənin övladıyam. Atam çox kasıb təsərrüfatçı idi. Tarlamız, bağımız, bağçamız yox idi. Fətullah Gülən camaatı ilə ilk dəfə orta məktəb dövründə tanış oldum. Yaxşı və gələcəyi parlaq bir şagird idim. 5 yaşından zabit olmağı arzu edirdim. Bu xəyalım Gülən camaatının çörəyinə duz-bibər oldu.
 
1989-cu ildə hərbi liseyə imtahan verdim. Yaxşı hazırlaşsam da, hər ehtimala qarşı imtahan suallarını gecə gətirib mənə verdilər. Liseyi uğurla bitirdikdən sonra Baş Qərargaha təyinat aldım...
 
Necdət Özəli dinləyirdik
 
Daima Necdət Özəli (Türkiyə ordusu Baş Qərargahının 28-ci rəisi) dinləmə cihazı ilə izləyirdik. Cihazı “Türk Telekom”da çalışan Gülən camaatı üzvü vermişdi. Necdət Özəl, Hulusi Akar və Yaşar Gülər vəzifə boyu dinlənilib.
 
Hərbi çevriliş barədə 14 iyulda məlumat aldım.
 
Kənan Evrən olacaqsan, ya yox?
 
İyulun 15-də günortadan sonra general Məhməd Dişlinin otağına getdim. O da Gülən camaatının üzvüdür. Bizə Baş Qərargah rəisinə “sən Kənan Evrən olacaqsan, ya yox” sualı verməyimizi tapşırdı. Dişli Hulusi Akarın təklifi qəbul edəcəyini düşünürdü. Ancaq Akar təklifi rədd etdi. Komandanlar da təklifi qəbul etmədilər.
 
15 iyul saat 20-21 radələrində Baş Qərargah rəisi otağında idi. Akar sonuncu dəfə MİT rəhbəri Hakan Fidanla danışmışdı. Fidan idarədən çıxdıqdan sonra xüsusi təyinatlıların 20-yə yaxın üzvü Qərargaha daxil oldu. Dişli də orda idi. 5 dəqiqə sonra Dişli çıxdı, bizə “girin” dedi.
 
Hulusi Akarın xanımına zəng et…
 
İçəri girəndə Hulusi Akar bizə təkrar-təkrar “səhv edirsiniz” deyirdi. Sonra xüsusi təyinatlılar onu apardı. Mən orada qaldım. Dişli mənə zəng edərək Hulusi Akarın həyat yoldaşına zəng etməyimi tapşırdı. Mən də hərbi telefonla Akarın xanımına zəng etdim. O danışarkən ağlayırdı. Parlamentin bombardman edildiyini, mülki vətəndaşların öldürüldüyünü eşidəndə peşman oldum. Törədilənlər qətliam idi…”