"Hərbi büdcəni artırmaq üçün müdafiə vergisi tətbiq edilə bilər" — İqtisadçı ekspert

 
"Gələn il müdafiə xərcləri son 10 ildə ən aşağı səviyyədə olacaq"
 
Ölkə.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu deyib.
 
Qubad İbadoğlu vəziyyətdən çıxış yolu kimi ordu vergisinin tətbiq edilməsini təklif edib:
 
"2017-c ilin dövlət büdcəsinin ən zəif həlqəsi müdafiə büdcəsi hesab oluna bilər. Çünki, gələn il üçün proqnozlaşdırılan dövlət büdcəsinin açıqlanan parametrlərinə görə, 2017-ci ildə müdafiə xərcləri bu illə müqayisədə 613,4 milyon manat və ya 27,5 faiz azalaraq 1 milyard 615 milyon manat (hazırkı məzənnə ilə 1 milyard dollar) təşkil edəcək. Bu göstərici son 10 ildə, yəni 2007-ci ildən sonra ən aşağı səviyyəni xarakterizə edir.
 
Regionda vəziyyətin gərginləşdiyi və Ermənistanın Azərbaycanla hərbi qarşıdurmasının gücləndiyi indiki şəraitdə Azərbaycanın müdafiə xərclərinin kəskin azaldılması narahatlıq doğurur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, son zamanlar istehlak bazarında sürətlə artan qiymətlər, manatın kəskin devalvasiyası hərbi qulluqçuların həyat şəraitini pisləşdirməkdə, həmçinin silahlı qüvvələrin müdafiə qabiliyyətinin artırılması və yeniləşdirilməsi valyutaya olan tələbatı artırmaqdadır. Belə bir şəraitdə müdafiə xərclərinin kəskin azalmasının, hərbi qulluqçuların əmək haqlarının ixtisarının qarşısını almaq üçün çıxış yollarından biri gələn ildən etibarən müdafiə vergisinin tətbiq edilməsi ola bilər. Fikrimizcə, bu vergi növü əməyin ödənilməsi fondundan (1-2 faiz) şamil edilməklə, yığılan vəsait müdafiə nazirliyinə ayrılmalıdır ki, onlar xərcləri ilə gəlirlərini tarazlaşdıra bilsinlər. Yeri gəlmişkən qeyd edim ki, müharibə şəraitində olan bir çox ökələrdə anoloji vergi növü müxtəlif adlarla (müharibə, ordu, müdafiə və sair) tətbiq olunur".