HƏR ŞEYDƏN İMTİNA EDƏNDƏ ƏN AZI, VƏTƏNDAŞLIQ QALIR...

 
 
Cəmiyyət müxalifət sözünü eşitmək istəmir, vəziyyəti dəyişmək haqqında düşünməyi belə arzulamır
 
Böhranın bir xüsusiyyəti də odur ki, o, tez bir zamanda ondan qurtulmağa çalışan kəsimlərin daxilindəki insani münasibətlərə də sirayət edir və o qədər da xoşagəlməyən ittihamlara, bəyanatlara və üzücü daxili diskussiyalara, münasibətlərin təkrar-təkrar “çözülmə”sinə rəvac verir. Amma bunun özündə də bir müsbət tərəf vardır. Hələ qədim yunanlar deyirdi ki, həqiqət mübahisələrdə doğur, təbii ki, əgər onu axtarmaq istəyi varsa...
 
Bəli, ölkədə vəziyyət bir o qədər də ürəkaçan deyildir. Yaşadığımız dərin mənəvi və ideoloji böhran heç də devalvasiya məsələlərindən geri qalmır. Ən dəhşətlisi bilirsiniz, nədir? Adam böyüməkdə olan uşaqlarına bilmir ki, nə desin, onları necə yönəltsin?..
 
Yalanın hakim olduğu ölkədə uşaqları idealist zəmində böyütmək, onlara həqiqət və doğruçuluq hisslərini aşılamaq ona gətirib çıxaracaq ki, uşaqlar bu yalan girdabında öz yerlərini tapa bilməyəcəklər, sözün əsl mənasında sosial şikəstlərə və uğursuzlara çevriləcəklər.
 
Bəs həqiqəti deyəndə nə olacaq? Onların gözünü reallıqlara açanda nə baş verəcək? Övladlarımız istəmədiyimiz halda rüşvətxorlara, quldurlara və mafiozlara çevrilməyəcəklərmi?..
 
Bəli, günün ən böyük problemi budur – dəyərlər şkalası və ya iyerarxiyası tamamilə itib. Hər addımbaşı yalan danışılır, yalan tirajlanır...
 
Özümüz də az mənəvi sarsıntı yaşamırıq. Başımızı tamam itirmişik.  Ölkədə, cəmiyyətin qeyri-hakimiyyət sektorunda baş verən proseslərə diqqət edirəm. Əsl həqiqəti tutmağa çalışır, bir növ hamını və hər kəsi anlamağa çalışıram...
 
Bəs belə müşahidələr nə göstərir? Bəlli olur ki, insanlar hələ də səmimi deyillər və Aristotelin katarsis təliminin ziddinə olaraq faciələr, böhranlar heç də insanları mənən saflaşdırmır, əksinə onlardakı bioloji başlanğıcların inkişafına bir az da təkan verir. Hamı necə olursa – olsun bu qovğadan, dönəmdən “qalib” çıxmağa cəhd edir.
 
Amma beş-üç adam var ki, “Biz kimik və haradayıq?”, “Hansı mərhələdəyik?” sualları haqda düşünməyi özü üçün heç də əziyyət hesab etmir...
 
Təbii ki, adam öncə özündən başlamalıdır. Ona görə də daim özümdən soruşur və özümü imtahana çəkirəm ki, total irticaya qarşı mübarizədə mən nə edirəm və daha nələr edə bilərdim?..
 
Yox, sizi izafi dərəcədə fəlsəfi və hətta ola bilsin, teoloji mülahizələrlə yormayacam. Bəri başdan deyim ki, bəzi reallıqlara barışmaq zorundayam. Üstəlik, belə edən təkcə mən deyiləm. İndi bir çox fədakar insanlar belə edir, vəziyyəti dəyişməyin mümkünsüz olduğunu anlayaraq onunla barışırlar və özlərinin mənəvi borcunu, hətta mənəvi missiyasını və bəraəti onda görürlər ki, “total ümumxalq yalanı”na qoşulmur, yalanı tirajlamırlar...
Başqa yol varmı? Sizə bir jurnalist “sirri”ni açacam. Təsəvvür edin, eyni  müəllifin Türkiyə hadisələrilə bağlı yazısını onun Konstitusiyaya düzəlişlər haqqındakı yazısından on dəfə artıq oxuyurlar! Əgər hər hansı  yazının oxunmamasını istəyirsinizsə, onun başlığında üç söz yazın – müxalifət və Minsk Qrupu... Əmin olun ki, bu yazı oxunmayacaq və yaxud rekord dərəcədə az oxunacaq...
 
Cəmiyyət müxalifət sözünü eşitmək istəmir. Cəmiyyət vəziyyəti dəyişmək haqqında düşünməyi belə arzulamır. Bu, bir gerçəklikdir. Belə  vəziyyətdə jurnalistlər nə edə bilər və bəzi müxalifət funksionerləri niyə görə hamıdan və hər şeydən gileylidir?
 
Lap əvvəlcə bu suala cavab verməyə çalışacam. Keçmişin dadı hələ də bəzi müxalifət funksionerlərinin damağında qalıb. 1993 - cü ildən sonra ölkənin müxalifət kəsiminin siyasəti ən azı 90 faiz jurnalistikadan ibarət olub. Əgər müxalifətçilər jurnalistikanın daim rastlaşdığı dürlü texniki və maddi problemləri həll etsəydilər, jurnalistlərin müdafiəsini boyunlarına götürsəydilər, bunu bəlkə də sakit qəbul etmək olardı...
 
Amma belə deyildi və jurnalistlər nəinki partiyaları və onların funksionerlərini təbliğ etməli, hətta onları maddi cəhətdən dolandırmalı idilər. Jurnalistikanın maddi və mənəvi dividentlərini bir piroqa bənzətsəydik, onun ən dadlı hissəsi müxalifətin payına düşürdü. Ona görə də əvvəldə dedim ki, keçmişin dadı hələ də bu adamların damağında qalıb. Bəli, yenə də istəyirlər ki, sakit və rahat həyatlarını yaşasınlar, amma jurnalistlər fədakarlıq etsin, onları təbliğ-təşviq etsin...
 
Fəqət, biz də yorulmuşuq və bəzi reallıqlarla barışmışıq. Məsələn, özümü götürsəm, ölkənin elə bir hadisəsi olmur ki, mən ona reaksiya verməyim. Reaksiya vermədiklərimin səbəbi isə mənlik deyil. Amma yenə də özümdən soruşuram ki,  bacardığımın hamısını edirəmmi? Mən daha nə edə bilərdim?
 
Bəli, jurnalistlikdən, politoloqluqdan savayı bir - iki işsiz-gücsüz müxalifətçini başıma toplayıb siyasi qeybətlə də məşğul olar, bir az da şifahi şəkildə hakimiyyətin qarasınca deyinər, giley - güzar edərdim. Amma bunların mənası varmı? Mən vaxtımı buna sərf edə bilərəmmi?..
Düşünürəm ki, yox. Hazırda heç bir siyasi mənsubiyyətim yoxdur. Amma bir məsələ ilə razıyam ki, bütün siyasi mənsubiyyətlərdən imtina etsək də onlardan biri həmişə qalır. O, da budur ki, biz həm də VƏTƏNDAŞIQ!.. Ona görə də özümün ictimai statusumu belə müəyyən edərdim: NARAHAT VƏTƏNDAŞ...
 
Deyilənə görə, bir vaxtlar Avropada elə bir ictimai-siyasi məsələ olmurmuş ki, Volter ona reaksiya verməsin. Mən belə davranış tərzini həmişə ictimai kredo kimi qəbul etmişəm. Həmişə çalışıram ki, mən də (müqayisə tamam yersiz olsa da...) susmayım, total sükutun və biganəliyin içində heç olmasa, bircə səs eşidilsin. Deyim ki, ən azı indiyə qədər bundan sapmalarım olmayıb, sözümü həmişə demişəm...
 
Düzdür, bəzi müxalifət liderləri bunu “görmür”, “eşitmirlər”. Olsun. Bu, məni zərrə qədər də olsun, narahat etmir. Bilirsiniz, insan öz vicdanının diqtəsilə hərəkət edəndə kənar detallar onu qətiyyən narahat etmir...
 
O səbəbdən də heç də narahat deyilik, çünki vicdanımızın səsi “İndi elə zamandır ki, yalnız özünə hesabat ver!” – deyir...
 
Musavat.com
Yazar : Hüseynbala Səlimov