Homoseksualizmin cəmiyyətimizdə inkişafının səbəbləri...

 
Cəmiyyətimizdə getdikcə homoseksualların sırası genişlənməkdədir. Əvvəllər çox mühafizəkarlıqla qarşılaşan cinsi azlıqlar, bu gün açıq-aşkar və bər-bəzəkdə küçələrdə gəzişə bilirlər. Cəmiyyətimiz getdikcə bu məsələyə tolerant yanaşmağa başlayıb.
 
Təbii ki, bu vəziyyət əsasən paytaxt Bakıya aiddir. Rayon və bölgələrdə də cinsi azlıqların olması danılmaz faktdır. Lakin bölgələrdə bu məsələ daha çox gizlədilməyə çalışılır və bu cür şəxslərin rayon və ya kənddə yaşaması çox təhlükəli olur, cəmiyyətin qınağı onları başqa yerlərdə yaşamağa məcbur edir. Bir müddət bundan əvvəl bir qrup homoseksual xüsusi bəyanatla çıxış edərək, cəmiyyətdə diskriminasiya ilə üzləşdiklərindən şikayətlənmişdilər.
 
Bu günlərdə isə elə paytaxtın özündə homoseksuallara hücum olmuşdu. Bir neçə gün öncə isə bir qrup şəxs metronun “28 May” stansiyasında homoseksuallara hücum etmişdi. Polis belə, qəzəbli gəncləri sakitləşdirə bilməmişdi. Sonradan polisin müşayiəti ilə cinsi azlıqlar metrostansiyasından uzaqlaşdırılmışdı.
 
Qeyd edək ki, homoseksualizm əvvəllər xəstəlik kimi qəbul edilirdi. Hətta bu günün özündə belə, Azərbaycanda buna xəstəlik kimi yanaşanlar və bir çox hallarda onun müalicəsinə cəhd göstərənlər də var. Belə ki, övladlarının cinsi azlıq olduğunu bilən valideynlərin əksəriyyəti məcburi onları həkim nəzarəti altına salmağa çalışır.
 
Lakin artıq homoseksualizm Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəliklər sırasından çıxarılıb. Beləliklə homoseksualizm xəstəlik sayılmamağa başlayıb. Bildirilir ki, homoseksualizm təbiətin bir hissəsidir və digər canlılar aləmində də mövcuddur.
 
Homoseksualizm Azərbaycanda niyə artır?
 
Nəzər alsaq ki, ölkəmizdə də artıq homoseksualların sayı artmaqdadır, ortaya bəzi suallar çıxır. Cinsi azlıqların sayının artmasına səbəb nədir? Homoseksuallarla necə rəftar edək?
 
Bəziləri onlara qarşı hansısa təzyiqlərin edilməsini təklif edirlər. Ancaq ADP sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu mövzuya bu cür münasibət bildirdi: “Homoseksualların son vaxtlar getdikcə artmasının 3 səbəbi var. Birinci səbəb, internet imkanlarını artmasıdır. İnternetdə homoseksuallar öz həyat tərzlərini, mədəniyyətlərini geniş şəkildə yaya bilirlər. Orta məktəb şagirdi də oturub onlara baxır, tanış olur və istər istəməz o cür həyat tərzi ona maraqlı gəlir. Beləliklə özündə də olan müəyyən hisslərdən irəli gələrək, o “yola” düşür. Digər səbəbi, qidalanma ilə bağlıdır. Azərbaycanda həddən artıq  geni dəyişdirilmiş qida məhsulları, hormonal preparatlarla əldə olunan ət, toyuq məhsulları satılır. Üçüncü məsələ isə qərblilərin ölkəmizə axın etməsidir. Hətta onların diplomatları, iş adamları arasında da homoseksual tipli adamlar çoxdur. Beləliklə qida, informasiya  təhlükəsizliyinin gözlənilməməsi, digər tərəfdən xaricilər ilə kontakta nəzarət olunmaması bu məsələnin geniş şəkildə inkişaf etməsinə səbəb olur. Çində, Avropada geni dəyişdirilmiş məhsulların hamısı qadağan olunub. Azərbaycanda isə girin bazara, hər yerdə geni dəyişdirilmiş məhsullardır. Digər tərəfdən, bizdə brend markalı paltarlar satılır ki, onların da böyük əksəriyyəti homoseksualların əlindədir. Onların istehsal etdiyi məhsullar da onların təbiətinə uyğun olur. Və təbii ki, geyim insanın psixologiyasına təsir edir”.
 
Sərdar Cəlaloğlu qeyd etdi ki, heç bir təzyiq və digər üsullarla artan homoseksualizmin qarşısını almaq mümkün deyil: “Bütün ölkələrdə homoseksualların artımı var. Hətta ərəb ölkələrinin birində şeyx fətva vermişdi ki, müsəlman həmcinslər evlənə bilərlər. Buna qarşı mübarizə aparmaq fikrinin özü də yanlışdır. Homoseksuallıq hətta heyvanlar arasında da var. Yəni bu, o qədər ciddi bir problemdir”.
 
“Bəs nə etməli” sualımıza isə Sərdar Cəlaloğlu bu cür cavab verdi: “Ayrı-ayrı cinsi azlıqların mövcudluğu üçün xüsusi şərait yaradılmalıdır. Məsələn, Hollandiyada homoseksuallar üçün ayrıca barlar, saunalar, otellər, məkanlar var. Yəni, cəmiyyətdən təcrid edilmiş, amma azad şəkildə yaşayırlar. Bizdə bu məsələ düzgün formalaşdırlmadığından müxtəlif mədəniyyətlər bir-birinin içinə girir. Ayrıca onlar üçün şərait yaradılmalıdır ki, başqalarına təsir etməsinlər. Doğrudur, homoseksualizm bizim dinimizə, mədəniyyətimizə çox ziddir. Amma tarixən qədim vaxtlardan belə, homoseksuallar olub. Hətta onların arasında məşhurlar da var, məsələn, Çörçil, Çexov, Çaykovski və digərləri... Hazırda da Amerikada senatorlar var ki, onlar həmcinsləri ilə evləniblər. Avropada da bu cür baş nazir var. Yəni, bütün dünyada geniş tendensiya aldığından əgər Azərbaycan cinsi azlıqlarla mübarizə aparmaq istəsə, ciddi təzyiqlərlə üzləşə bilər.
 
Rusiya prezidenti Putin homoseksuallarla bağlı kəskin bir mövqe bildirmişdi, buna görə də Soçi Olimpiya Oyunlarını bütün dünya boykot etmişdi. Sonradan məcbur olub, bildirmişdi ki, homoseksuallara xüsusi şərait yaradılacaq, gəlsinlər. Ona görə də hesab edirəm ki, hər şeyi mübarizə, zorakılıq ilə həll etmək olmaz. Bu məsələ nə mədəniyyətin yüksədilməsi, nə müalicə, nə də ki, cəza verməklə düzələsi iş deyil”.
 
Azərbaycan ən inkişaf etmiş Avropa ölkəsi ilə müqayisədə belə, bu məsələyə daha loyal yanaşır. Artıq bir çox Avropa ölkəsində, o cümlədən Hollandiyada həmcinslərin evlənməsi ilə bağlı qərarlar qəbul edilib.
 
Hətta bu günlərdə Roma Papası bu mövzu ilə bağlı çox ilginc açıqlama vermişdi: “Homoseksualları olduğu kimi qəbul edin”.
 
Roma Papası həmçinin qeyd edib ki, bu xüsusiyyətlərə sahib olan bir insan İsa Peyğəmbərin hüzurunda olanda o, “çıx get, sən bir homoseksualsan” deyə cavab verməyib. Roma Papası ötən il kişi cinsindən olan bir ispaniyalı transdan məktub aldığını və onu həyat yoldaşı ilə birlikdə Vatikanda qəbul etdiyini də bildirib.
 
Amerika kimi böyük dövlət bu məsələyə artıq 25 ildir ki, tolerant yanaşır. Lakin sonradan məlum olub ki, bu yanaşma Amerikaya baha başa gəlib. Sosioloqların hesablamalarına görə, ölkənin hər 11 vətəndaşından biri homoseksualdır.
 
Bu rəqəm ciddi demoqrafiya təhlükəsini yaradır. Sosioloqlar həmçinin qeyd ediblər ki, homoseksuallar bu sürətlə çoxalmağı davam edərlərsə, ölkəni acınacaqlı nəticələr gözləyir. Onların fikrincə, ABŞ Konstitusiyasında LGBT ilə bağlı ciddi qanun dəyişikliyi edilməlidir.
 
Qeyd etdiyimiz kimi, Qərb ölkələri homoseksualizmə tolerant yanaşdıqlarını desələr də, əslində bu, cəmiyyət tərəfindən normal qəbul edilmir. Yəni, bu məsələ qanunla qəbul edilsə belə, cəmiyyət özü bu qanunları çox zaman pozur.
 
Məlum olduğu kimi, artıq 14 qərb ölkəsində eynicinsli ailələrə övlad saxlamaq hüququ verib. İş o yerə çatmışdı ki, keçən il Fransa prezidenti Fransua Olland Senatın qəbul etdiyi eynicinslilərə övlad saxlamaq hüququnu verən qanunu təsdiq edəndə, Parisdə bunun əleyhinə çıxış edən on minlərlə etirazçının arasında elə həmin cinsi azlıqların nümayəndələrinə də rast gəlinmişdi.
 
Bir vaxtlar atılmış uşaqları övladlığa götürmüş eynicinsli ailənin nümayəndələri həmin nümayişlərə gəlmələrini belə izah edirdi: “Fransa kimi liberal bir cəmiyyətdə belə, homoseksual valideynlərin himayəsində böyüyüb, tərbiyə alan uşaqlar cəmiyyət içinə çıxanda, psixoloji rahatsızlıqla üzləşirlər. Faktiki olaraq, söhbət elə uşaqların hüquqlarının pozulmasından gedir”.
 
“Ən demokratik ölkələrdə belə, müəyyən təbəqə insanlar var ki, bu məsələnin təbliğinin əleyhinədir”. Bu sözləri isə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova musavat.com-a açıqlamasında bildirib.
 
Onun sözlərinə görə, Azərbaycan bu məsələyə daha loyal yanaşır: “Avropada hətta yeri gələndə ayrı-seçkilik də edirlər. Bildiyim qədərincə Azərbaycan cəmiyyəti hətta inkişaf etmiş Avropa ölkələrindən də loyaldır və ayrı-seçkilik qoymur. Demək olmaz ki, Avropa onları gözünün üstünə qoyur. İstənilən şəxs əgər, öz bilik və bacarığı ilə özünü reallaşdıra bilirsə, heç kim onunla pis davrana bilməz. Amma kimsə öz seksual davranışları ilə gündəmə gəlirsə, cəmiyyət tərəfindən qıcıq yaranır.
 
Cəmiyyətimizdə kifayət qədər elə adamlar var və heç kəs onları asıb-kəsmir, öldürmür. Biz onları ictimai tədbirlərdə də görürük, hətta çıxışlarını da eşidirik. Amma bununla  bağlı ayrı-seçkilik yoxdur. Azərbaycan cəmiyyəti onlara kifayət qədər tolerant yanaşır. Mən o cür kifayət qədər adam tanıyıram ki, onlar cəmiyyətin müxtəlif sahələrində özlərini realizə edirlər, amma öz cinsi mənsubiyyətini ortaya qoymurlar, öz bacarıq və işlərini önə çıxarırlar”.
 
Azərbaycanda homoseksualların təşkilatı və jurnalı...
 
Artıq bir neçə ildir ki, ölkəmizdə Azad LGBT təşkilatı fəaliyyət göstərir. Bu təşkilatın əsasını intihar etmiş İsa Şahmarlı 2012-ci ildə qoyub. Xatırladaq ki, 2014-cü ildə İsa Şahmarlı öz “Facebook” səhifəsində “Bu dünya mənim rənglərimi daşıya biləcək qədər güclü deyil” yazaraq öz ofisində intihar etmişdi. O, özünü rəngarəng “qürür bayrağı” ilə asmışdı.
 
Qeyd edək ki, İsa Şahmarlı ölümündən bir müddət əvvəl mətbuata verdiyi müsahibədə homoseksual olduğu üçün yaxınları tərəfindən və universitetdə təzyiqlərə məruz qaldığını bildirmişdi. Ailəsi də ondan imtina etmişdi. Ən qəribə bu idi ki, onun yaşadığı kəndin qəbiristanlığında dəfn olunmasına qarşı çıxmışdılar. Ailəsi ona heç bir yas mərasimi verməmiş, məzarı üstə molla dua oxumamışdı. Yəni, onun dəfni adi heyvanın dəfnindən fərqlənməmiş, cənazə qüsulu belə verilməmişdi.
 
Hazırda Azad LGBT təşkilatına Lalə Mahmudova rəhbərlik edir. Onu da əlavə edək ki, bu ilin fevralından ölkəmizdə “Minority” adlı LGBT jurnalı da dərc edilir. Seksual azlıqlarla Azərbaycan ictimaiyyəti arasında yaranacaq anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə jurnal hələ ki, onlayn buraxılır. Jurnalın konsepsiyası təsisçi və baş redaktor Səməd İsmayılzadəyə aiddir. O, hazırda Amerikada yaşayır və jurnalın yeni buraxılışına distans olaraq qoşulur.
 
Homoseksualları cəzalandırıb, işgəncə tətbiq edən ölkələr...
 
Avropa və digər ölkələr homoseksualların hüquqlarını tanısalar da, onlara işgəncə və cəza tətbiq edən, hətta ölüm qərarı verən ölkələr də var. Onlardan bir neçəsini təqdim edirik.
 
Bu sırada ilk gələn ölkələr İran və Malayziyadır. Bu ölkələr homoseksualların evliliyinə və münasibətdə olmasına ölüm cəzası verir.
 
Birləşmiş Ərəb Əmirlikləri də bu qrupdan olan insanlara ölüm və ya ömürlük həbs cəzası verir.
 
Sudanda isə bu cür hal aşkarlanarsa, münasibət quran şəxslərdən birini digərinin gözü qabağında işgəncə ilə öldürür, daha sonra isə digərini edam edirlər. Bu ölkədə kişinin hansı səbəbdən olursa olsun, qadın paltarı geyinməsinə icazə verilmir.
 
Barbadosda isə bununla bağlı qanunlar daha sərtdir. Homoseksualların ölkəyə gəlişi də birmənalı şəkildə qadağandır.