Hökumətin “Əli Kərimli nəyə görə hələ də azadlıqdadır?” təbliğatına Cəmil Həsənlidən tutarlı cavab

 
“Bu, nasist qəzetlərinin “Albert Eyneşteyn nəyə görə hələ də azadlıqdadır?” kampaniyasını xatırladır”.
 
Milli Şuranın sədri, professor Cəmil Həsənli AXCP sədri Əli Kərimliyə və Milli Şuranın digər üzvülərinə qarşı təhdidlərdən yazıb. Yazını təqdim edirik:
 
Dostlar! Noyabrın 11-də hakimiyyət repressiyalarının başlıca anonscusu və donosçusu “Haqqın.az”da (əslində isə “Nahaqqın.çox”da) Eynulla Fətullayev “İlham Əliyevin geniş qəlbi: Əli Kərimli nəyə görə hələ də azadlıqdadır?” adlı yazısı çıxıb.
 
 
Yazının başlığını oxuyanda onun ikinci hissəsinə haradasa rast gəldiyimi xatırladım. Yadıma düşdü. 1933-cü ildə Almaniyada faşist güruhu hakimiyyətə gələndə, nasist qəzetləri eyni başlıqla, fəqət fərqli hədəflə çıxmışdı: “Albert Eyneşteyn nəyə görə hələ də azadlıqdadır?” İmperiya təhlükəsizliyi idarəsinin gizli agentlərinin buraxdığı vərəqələrdə böyük alimin başı üçün 50 min marka mükafat təklif edilirdi. Amma həmin yazı və pul mükafatı elan ediləndə Eyneşteyn artıq öz qiymətli başını da götürüb Amerikaya qaça bilmişdi.
 
Yəqin hakimiyyətin “səxavətinə” uyğun bizlərin başına qoyulacaq “mükafatın” məbləği də Eynullanın növbəti yazısında açıqlanacaq. Görünür belə çağırışlar zaman fərqindən asılı olmayaraq avtoritar, totalitar və diktatura rejimlərinin təbiətindən irəli gəlir. Yazı Qərbə qarşı yazılıb. O Qərbə ki, Eynulla “vicdan” məhbusu kimi cənab Əliyevin zindanlarında yatanda, onun başlıca siyasi mərkəzləri olan Brüsseldə, Starsburqda, Parisdə, Vaşinqtonda, Nyu York və digər şəhərlərdə bu “vicdan” məhbusunun azadlığa çıxması üçün mənim açmadığım qapı qalmamışdı. Məqalə eyni zamanda Birləşmiş Ştatlarda Donald Trampın qələbəsi şərəfinə yazılıb. Mənası da ondan ibarətdir ki, Tramp xarici dövlətlərin daxili işlərinə qarşımayacağını bəyan edib.
 
Bu halda, Tramp hələ rəsmi görəvinə başlamamış hakimiyyət Eynullanın dili ilə sual edir: “Əli Kərimli nəyə görə hələ də azadlıqdadır? Doğrudanmı, Əli Kərimlinin özünün təbliğat vərəqəsi “Azadlıq”ın səhifələrində və sosial şəbəkələrdə nümayiş etdirdiyi açıq-aşkar siyasi ekstremizm, onun hakimiyyətin devrilməsinə yönəlmiş yeni çağırışları hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmir? Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Gözəl Bayramlı və Klinton nənənin yüzlərlə digər yetirmələri, öz dövlətinə münasibətdə qana susamış nifrətdən ağıllarını itirmiş marginallar niyə hələ də azadlıqdadır?”
 
Bircə adlar fərqli olmaqla eyni ilə bu suallar faşizm hakimiyyətə gələndən sonra Hücumçu dəstələrin, Mühafizəçi dəstələrin mətbuatdakı agentləri tərəfindən səsləndirilirdi. Əvvələ bu Eynulla və ona göstəriş verənlərdən soruşmaq lazımdır: biz, niyə tutulmalıyiq? Bəlkə xalqın seçim haqqın biz mənimsəmişik? Bəlkə ölkəni korrupsiya girdabına biz salmışıq? Bəlkə ölkənin sərvətlərini ofşor gizli hesablarına biz daşımışıq? Bəlkə Dubayda, Parisdə, Londonda və digər Avropa şəhərlərindəki natəmiz pullarla alınan mülklər bizimdir? Bəlkə Panama hesabların bizim adımıza açıblar, xəbərimiz yoxdur?
 
Bəlkə Avstriyada kəsilən manat əskinazlarının “şapkasını” biz almışıq? Bəlkə ölkəni maliyyə-iqtisadi böhran , işsizlik girdabına, aclığa və səfalətə biz salmışıq? Bəlkə ölkənin ən namuslu adamlarını saxta ittihamlarla həbsxanalara biz doldurmuşuq? Bəlkə milyon yarım pensiyaçını aylıq orta hesabla 189 manata (110 dollara) biz möhtac eləmişik? Bəlkə 20 ildən artıqdır ərazisi işğal altında olan ölkənin milyardlarını mənasız idman tədbirlərinə biz xərcləmişik? Hökumətimizin natəmiz əməlləri bitib tükənmədiyindən, sonluğu sualla bitən bu “bəlkələrin” siyahısı sonsuzdur. Hər şey aydındır. Deməli belə məlum olur ki, bunlar indiyə qədər bizi Amerikaya görə tutmurlarmış. Cənab Trampın gəlişi ilə sən demə, Amerika dünya işlərindən çəkilib və bizi də həbs etmək üçün əlverişli məqam yaranıb. Bu sərsəm fikir əlbəttə, Eynullanın deyil, belə göstərişlər ona prezident aparatından gəlir.
 
Azərbaycan hakimiyyəti son illərdə siyasi mülahizələrlə tutmaq istədiyi adamların mətbuat hazırlığını Eynulla vasitəsilə həyata keçirir. Leyla və Arif Yunusları, Xədicə İsmayılı, İlqar Məmmədovu, İntiqam Əliyevi, Anar Məmmədlini, Rəsul Cəfərovu və onlarla digər şəxslərin hamısını saxta ittihamlarla həbs edəndə şər, böhtan, milli və mənəvi satqınlıq elementlərini özündə əks etdirən yazıları məhz, Eynulla yazıb. Şübhəsiz ki, bu yazı Eynullanın deyil, Azərbaycan hakimiyyətinin, şəxsən İlham Əliyevin bizə qarşı hədəsi, təhdidi və şantajıdır. Belə şeylər artıq bir neçə dəfə təkrar olunub.
 
Öz fəaliyyətini rüsvayçılıqla başa vurmuş MTN, bir vaxtlar Əli Kərimlini İran ayətullalarına bağlamaq kimi sərsəm fikrə düşmüşdü. Bir il əvvəl ikisi polis olmaqla altı Azərbaycan vətəndaşının öldürülməsi ilə nəticəlmiş “Nardaran avantürası” da məhz, bizim (Əli Kərimli və Cəmil Həsənlinin) həbsimiz “zərurətindən” irəli gəlmişdi. Bu avantüra zamanı altı nəfər Azərbaycan vətəndaşının axıdılan nahaq qanı, yüzə yaxın vətəndaşın dəhşətli işgəncələri kimlərin “qana susamış nifrətdən ağıllarını” itirdiyini açıqca ortaya qoyur.
 
“Nardaran avantürası” iflas etdikdən sonra yenə Eynullanın əli ilə Gülənçi oyunu ortaya atıldı və hətta utanıb-qızarmadan Əli Kərimlinin adından Fətulla Gülənə məktub da “göndərildi”. Atalar – “ağsaq atın kör nalbəndi olar” – deyiblər. Gülənçi şəbəkənin ocağı prezident aparatında, digər mühüm dövlət qurumlarında olduğu halda fürsətcillik göstərib Əli Kərimli və Xalq Cəbhəsinin sıralarında Gülənçi ovuna çıxdılar. Hakimiyyət qurumlarının, YAP rəhbərlərinin redaktorluğu, ön sözləri ilə nəşr edilmiş Fetonun kitabları nədənsə Pensilvaniyaya ziyarətə gedənlərin yox, ölkədə azad sözün son mətbu təmsilçisi olan “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin maşının yük yerindən “çıxdı.” Adamı “nurçu imamı” elan etdilər. Belə şeylərə əl qoymaq üçün çox utanmaz olmaq lazımdır. Əli Kərimlinin oktyabr ayının 27-də Bakıda keçirilən Türkiyənin Cümhuriyyət günü bayramına rəsmi dəvət alması Azərbaycan hakimiyyətinin Gülən kartını da yandırdı. İndi də Tramp oyununa başlayıblar. Deyəsən unudublar ki, seçki dövründə Trampa qarşı irəli sürülün ən ağır ittiham kimi onun Azərbaycanın natəmiz dairələri ilə biznes əlaqəsində olması göstərilirdi.
 
Hakimiyyət Eynullanın dili ili Milli Şuranın rəhbərliyində olan 4 nəfər ictimai-siyasi fəaliyyətlə məşğul olan ictimai-siyasi xadimləri – Əli Kərimlini, Gültəkin Hacıbəylini, Gözəl Bayramlını və qurumun rəhbəri kimi məni açıq həbs hədəsi ilə təhdid edir. Bu təhdidlər bir neçə gün öncə Gözəl xanımın telefonuna açıq nömrədən gəlmiş ölüm hədəsinin eynulasayaq davamıdır. Bu da istisna edilmir. Çünki biz bir neçə dəfə hakimiyyətin belə təhdidləri ilə üz-üzə daynmışıq. Əli Kərimlinin addım-addım necə izlənməsi barədə konkret faktlar var. Bu ilin aprel ayında YAP aktivislərinin Əli bəyin evi qarşısında rüsvayçı “piketi” bilavasitə prezident aparatının göstərişi ilə olmuşdu. Gültəkin xanımı susdurmaq üçün bu hakimiyyət ən natəmiz və ləyaqətsiz üsullara əl atdı. Mənim bütün hərəkət trayektoriyam: gəzdiyin bağlardan tutmuş üzdüyüm hovuza qədər hər yer DİN və Təhlükəsizlik Xidmətinin işçiləri tərəfindən nəzarətə götürülür. Hər gəzinti zamanı müxtəlif istiqamətlərdən şəkillərimi çəkirlər. Bir sıra dostlarla görüşəndə görüşdüyümüz yerə içərisində səsyazma aparatı quraşdırılmış maşınlar göndərilir, görüntülər çəkilir. Evimin yanında qarovul çəkirlər. Eynullanın yazısı bizə qarşı hakimiyyətin açıq hədə cəhdidir və bu cəhdin doğura biləcəyi istənilən nəticələrin məsuliyyəti bilavasitə hakimiyyətin üzərindədir.