​“Hökümətimiz yerli banklara etimad göstərmirsə, sadə vətəndaş niyə yerli banklara inanmalıdır?” - Millət vəkili

 
 
”Komitənin iclasında da məsələ qaldırdım ki, biz Dövlət İmtahan Komissiyasını publik hüquqi şəxs etdik və büdcədən bu quruma pul ayırmırıq
 
İndi bu qurum tərəfindən imtahanların keçirilməsi necə olacaq? Valideynlərdən imtahanların keçirilməsi üçün pul alınacaqmı? Yaxud heç yerdə işləməyən valideyn necə pul ödəyərək övladını imtahanlara buraxdıra biləcək? Düşünürəm ki, hörmətli Samir müəllim bu barədə də bizə bir məlumat verməlidir. Samir müəllim burda söylədi, büdcənin az qala 10 faizi, yəni 1,6 milyard manatı biz təkcə xarici borcların ödənilməsinə ayırırıq. Bizim bir çox şirkətlərimiz xaricdən dövlət zəmanəti ilə kreditlər götürürlər, amma o kreditlər kifayət qədər səmərəsiz istifadə olunur. Biz mətbuatdan oxuyuruq ki, tenderlər keçirilir, 3 gün qabaq yaradılmış bir şirkətə bəzən dəyəri 10, hətta 100 milyonlarla olan tenderlər verilir. Bu da o deməkdir ki, həmin tenderlərdə şəffaflıq təmin olunmur
 
Politika.Az xəbər verir ki, bu fikirləri millət vəkili Qüdrət Həsənquliyev parlamentin plenar iclasında büdcə müzakirələri zamanı dilə gətirib.
 
“Bir çox dövlət orqanlarında son vaxtlar doğrudan da şəffaflıq artırılıb, mən Dövlət Gömrük Komitəsini qeyd etmək istəyirəm”- deyən millət vəkilinin sözlərinə görə, amma digər dövlət orqanlarında da şəffaflıq təmin olunmalıdır:
 
“1 manatlıq iş 5 manata görülür, 1 manatlıq mal 5 manata alınır, sonra da deyirlər ki, qiyməti qaldıraq, bizə vəsait çatmır. Amma mən sizi əmin edirəm ki, o vəsaitlər səmərəli istifadə olunsa qiymətləri qaldırıb əlavə gərginlik, insanlar arasında narahatçılıq yaratamağa da ehtiyac qalmaz. Bu barədə biz ciddi şəkildə düşünməliyik.
Hesablama Palatası obyektiv yoxlamalar keçirir. Mütəmadi olaraq həmin yoxlamaların nəticələri barədə bizə məlumat verilir. Əksər hallarda biz nəyin şahidi oluruq. Hesablama Palatası yoxlamalar aparandan sonra deyilir ki, filan qədər vəsait geri qaytarıldı, amma belə çıxır ki, hamı çalışacaq dövlətdən oğurlasın, ən pis halda ona deyəcəklər ki, get oğurladığın pulu gətir qoy yerinə. Amma belə olmamalıdır axı. Bu qurumun aşkara çıxardığı nöqsanlar mütləq Respublika Prokurorluğuna göndərilməlidir. Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılıb, həmin idarədə də bu barədə cinayət işi başlanılmalıdır və həmin insanlar təqib olunmalıdır”.
Millət vəkilinin fikrincə, bu insanlar qorxmalıdır ki, dövlət əmlakına, xalqın malına əl uzadırlarsa, mütləq məsuliyyətə cəlb olunacaqlar:
 
“Hesab edirəm ki, biz bu barədə də ciddi şəkildə düşünməliyik. Cənab prezident özü dəfələrlə vurğulayıb ki, vəsaitlərdən olduqca səmərəli istifadə edilməlidir, qənaət olunmalıdır. Sonda mən bir məsələyə də toxunmaq istərdim. Əlbəttə, son vaxtlar Dövlət Neft Fondunun vəsaitlərindən 1 milyard gətirilərək Beynəlxalq Bankda yerləşdirildi. Mən bunu təqdir edirəm. Amma mən uzun illərdi burda hörmətli Elman müəllimə sual verirəm ki, niyə o vəsaitlərdən gətirərək yerli banklarda yerləşdirilmir? Axı hökümətimizin özü yerli banklara etimad göstərmirsə, inanmırsa, vəsaitlərini öz bankımızda saxlamırsa, sadə vətəndaş niyə yerli banklara inanmalıdır? Bax mənim bu sualıma heç vaxt cavab verilməyib. Yalnız bir-iki dəfə Elman müəllim cavab verib ki, bizim iqtisadiyyatın o vəsaitləri həzm etməyə gücü çatmaz. Guya mən bütünlüklə Neft Fondundakı vəsaitlərin hamısının Azərbaycana gətirilərək yerli banklarda yerləşdirilməsini təklif edirəm.
 
Mən deyirəm ki, həmin vəsaitlərin yalnız bir hissəsi gətirilməlidir. Azərbaycanlı sahibkarın ucuz kreditə əli çatmalıdır ki, iş yerləri açılsın, istehsal və emal müəssisələri yaradılsın. Kredit olmayacağı təqdirdə biz necə iqtisadiyyatımızı yenidən qura bilərik? Necə qeyri neft sektorunu inkişaf etdirə bilərik? İndi də düşünürəm ki, bizim o vəsaitlər orda qalmaqdansa bir hissəsi ölkəyə gətirilməlidir. Elman müəllim cavab versə yaxşı olar ki, indi o vəsaitlərin illik gəlirliliyi nə qədərdir? Axı onlar yerli banklarda yerləşdirilsə bəlkə bizə daha çox gəlir gətirər? Yadınızdadırsa, 2008-ci milin maliyyə böhranından sonra prezident müşavirədə göstəriş verdi ki, həmin vəsaitlərin bir hissəsi gətirilərək yerli banklarda yerləşdirilməlidir. Amma indi banklar özləri gedib xaricdən 7 faizlə vəsait tapırlar, gətirib 11-16, bəzən də 22 faizlə kredit verirlər. 22 faizlə kredit götürən sahibkar necə rentabelli müəssisə qura bilər? Ona görə də həmin vəsaitlərin bir hisəsi gətirilərək yerli banklarda yerləşdirilməlidir”.
 
O, qeyd edib ki, həmin vəsaitlər təkcə Beynəlxalq Bankda deyil, 5-6 yüksək reytinqli və likvidliyi olan banklarda yerləşdirilməlidir ki, sahibkarlarımız onlardan istifadə edə bilsin:
 
“İndi belə çıxır ki, istifadə olunan o vəsaitlərin əksəriyyəti ancaq manatın məzənnəsinin qismən qorunmasına yönəldilib. Belə ki, Neft Fondu həmin vəsaitləri gətirərək yerli bazarda satır, əldə edilən manatı da büdcəyə ödəyir. Əlbəttə, vaxtilə Neft Fondundan büdcəyə transfertlər olub və bunun hesabına çox böyük işlər görülüb. Burda nə qədər böyük işlər görüldüyü sadalandı. O işlərin üzərinə kölgə salmaq niyyətimiz yoxdur. Amma düşünürəm ki, real sektora pul lazımdır. Mən keçən dəfə komitənin iclasında misal da çəkdim. Məsələn, dəmir yol sistemi tamamilə yenidən qurulmalıdır. Ona da kifayət qədər vəsait lazımdır. Bizdə kənd təsərrüfatı üçün kifayət qədər vəsait lazımdır. Bizdə kimya sənayesini inkişaf etdirmək üçün xeyli vəsait lazımdır. Burda məndən öncə də qeyd olundu, Azərbaycan xam neft satır, amma biz mühərrik yağlarını, avtomobil şinlərini xaricdən alırıq. Ona görə də düşünürəm ki, qeyri – neft sektorunu inkişaf etdirmək haqqında da biz ciddi düşünməliyik. Bu sahələrə vəsait qoyulmalıdır. Tutaq ki, biz Türkiyəyə böyük vəsaitlər qoymuşuq. Amma Azərbaycanın özündə də iş yerlərinin açılması üçün iri müəssisələrin yaradılmasına çox böyük ehtiyac var”.

Загрузка...
Загрузка...