​Hökuməti xalqla üz-üzə qoyan nazir

 
Dollar kreditlərin geri qaytarılmasında yaranan problemlərin həlli zaman-zaman hökumətin gündəminə gəlir, ancaq nəticədə yenə də bütün yük vətəndaşın üzərində qalır
 
Banklar da bundan necə lazımdır istifadə edir. Bu gün məhkəmələrdə baxılan işlərin 80 faizi bank-vətəndaş qarşıdurmasıdır. Bank-vətəndaş qarşıdurması isə get-gedə daha da kəskin hall alır. İqtisadçılar bu problemin həll olunması üçün hökumətin konkret addımlar atmasını və kompensasiya ödəməli olduğunu vacib hesab edirlər. Əks halda bu problem daha da dərinləşəcək. Ekspertlər qeyd edirlər ki, ölkədə yaranan iki devalvasiyanın cəzasını təkcə vətəndaş çəkməli deyil. Hökumət də, banklar da bu məsələyə müəyyən qədər loyal yanaşmalıdır.
 
Bir müddət öncə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi dolların kreditlərində yaranan problemlərin həlli üçün layihə hazırlamışdı. Həmin layihədə göstərilirdi ki, 1000 dollara qədər olan kretidlər bağışlansın, 5000 dollara qədər olan kreditlər 1.05 manat məzənnə il, 5000 dollardan yuxarı olan kreditlər isə 1.25 məzənnə ilə ödənilsin. Məlumatlara görə, bu layihə hökumətin yuxarı dairələrində müzakirə olunub qəbul edilsə də Maliyyə Nazirliyi bu layihənin reallaşmasına imkan verməyib. Nazir Samir Şərifovun tutduğu sərt mövqe layihənin arxivə göndərilməsilə nəticələnib. Qeyd edək ki, Samir Şərifov dollar kreditlərilə bağlı mətbuata verdiyi açıqlamada bildirmişdi ki, “vətəndaş gedib bankdan dollarla kredit götürəndə bizdən soruşmuşdu ki, biz indi onların yerinə kredit ödəyək?” Maliyyə nazirinin belə sərt mövqedən çıxış etməsi vətəndaşların bütün gözləntilərinin üzərindən qara xətt çəkdi.
Hökuməti xalqla üz-üzə qoyan nazir
Bu günlərdə Milli Məclisin deputatı Zahid Oruc “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, parlament kredit borclarını müzakirəyə çıxarmağa hazırlaşır: “Bu yaxınlarda Milli Məclisin növbəti iclasında şəhid ailələrinin, müharibə əlillərinin banklara borcu müzakirə olunacaq. Ancaq bu haqda bir neçə gündən sonra məlumat verə biləcəm”.
 
Parlamentin problemli kreditlərin həlli üçün verdiyi ilk layihənin reallaşmadığı üçün bu dəfəki müzakirələrdən də hər hansı bir xeyirli qərarın çıxacağı inandırıcı görünmür. Ona görə də bu cür məlumatlar artıq cəmiyyətdə heç bir reaksiyaya səbəb olmur. Amma hər bir halda Milli Məclisin kredit borclarını təkrar müzakirəyə çıxarması hökumətdə müəyyən yumşalmaların olduğu fikrini formalaşdırır. Milli Məclisdə bu məsələ ilə bağlı hansı qərarın çıxacağı hələ ki, məlum deyil. Çünki kreditlərə kompensasiya ödənilməsi, bağışlanması məsələsi birbaşa Maliyyə Nazirliyindən asılıdır. Əgər nazirlik bu məsələyə isti yanaşmasa, şəhid ailələrinin, müharibə əlillərinin də bank borclarına heç bir yardım olmayacaq. Hər halda Maliyyə Nazirliyi üçün bu məsələnin qarşısına sədd çəkmək heç də çətin deyil. Ən çətin məsələ Samir Şərifovun efirə çıxıb bu məsələyə birdəfəlik nöqtə qoymasıdır ki, bu da nazirmizin vaxtını alacaq.
 
Vəziyyət ağırdır, hökumət hərəkətə keçməlidir
 
Hər bir halda hökumət ümumilikdə dollar kreditlərilə bağlı yaranan problemin həllinə çalışmalıdır. Çünki vəziyyət həqiqətən də ağırlaşıb. Dollar kreditlərinin həcmi artır, manat günü-gündən ucuzlaşır. Maaş və təqaüdlər isə olduğu kimi qalır. Gələcək də maaş və təqaüdlərə müəyyən qədər artımlar olsa bu dollar-manat arasında yaranan fərqə alternativ olmayacaq. Hökumət isə ya dollar kreditlərinə kompensasiya verməli, ya da maaş və təqaüdlər indeksləşdirilməlidir ki, əhalinin gəlirlərilə xərcləri arasında balans yaransın. Banklar isə soyğunçu kredit siyasətindən əl çəkməlidir. Banklar hökumətdə təmsil olunan bəzi destruktiv qüvvələrin fəaliyyətindən yararlanıb vətəndaşlara zülm verməkdən imtina etməlidir.
 
Onsuz da sosial narazılıq getdikcə artır və əsas günahkarlar isə banklar, bəzi monopolist məmurlardır. Bu şəxslər hökumətin problemli kreditlərə kompensasiya ödənməsinin qarşısını alır və nəticədə vətəndaşı narazı salır. Bu isə gələcək də ölkə üçün ciddi problemlərə səbəb olacaq. Görünən odur ki, hökumətdə təmsil olunan monopolist məmurlar vətəndaşları narazı salmaqda maraqlıdır və bundan öz mənafeləri üçün istifadə edirlər.
 
Hökumət yeni cəza növləri düşünür
 
Kreditlərin ödənilməməsində isə hələ də vətəndaşlar günahlandırılır. Vətəndaşların cəzəlandırılması üçün beynəlxalq təcrübələrə müraciət olunur. Qeyri-rəsmi məlumatlara görə hökumətdə bununla bağlı araşdırmalar aparılır və gələcəkdə problemli kreditlərin ödənilməsi üçün tətbiq olunacağı gözlənilir. Bir çox dövlətlərdə olduğu kimi vətəndaş banka olan borcunu ödəmirsə, onun telefonuna yüklədiyi konturla, elektrik enerjisinə təbii qaza ödədiyi kommunal xərclər birinci onun banklara olan borcuna silinəcək və artıq qalan məbləğ onun kommunal borclarına yönəldiləcək. Bu isə ondan xəbər verir ki, hökumət yaranan problemləri həll etmək əvəzinə vətəndaşlara yeni cəza metodları düşünürlər. Hər halda beynəlxalq təcrübədə kreditlərin müddətinin uzadılması, müəyyən məbləğin dövlət tərəfindən ödənilməsi, müxtəlif güzəştlərin tətbiqi də var. Ancaq yenə də biz elə özümüzə uyğun olan təcrübələrdən yararlanmağa çalışırıq.

Загрузка...
Загрузка...