Hökumətdə ciddi ixtisarlar PLANI

 
Dövlət qurumlarının “publik şəxs”ə çevrilməsi ciddi nəticələr doğuracaq
 
Natiq Cəfərli: “Publik hüquqi şəxs elan olunan qurumlarda ciddi ixtisarlar olacaq”
 
Ölkədə baş verən ağır iqtisadi böhran büdcədə kəsirlərin yaranmasına səbəb oldu. Hökumət rəsmən elan etməsə də qənaət rejiminə keçib. Bunu 2017-cı ilin büdcə layihəsində də görmək olar. Hökumət büdcə xərclərinə nəzarət etmək üçün bir sıra addımlar atır. Ötən gün prezidentin imzaladığı sərəncam da məhz büdcə xərclərinin azaldılmasına hesablanan addım oldu. Belə ki, prezidentin sərəncamına əsasən bir sıra dövlət qurumlara “publik hüququ şəxs” statusu verildi.
 
“Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi”, “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi”, “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi”, “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAC)”, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi”, “Dənizkənarı Bulvar İdarəsi”, “Bakı Nəqliyyat Agentliyi”, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”, “Tərcümə Mərkəzi” publik hüquqi şəxs elan olunub. Əslində adı çəkilən bəzi dövlət qurumlarının ləğv olunması məsələsi gündəmdə idi. Amma hökumət buna getmədi və yuxarıda adı çəkilən qurumları publik hüquqi şəxs elan etdi. Yuxarıda da qeyd etdiyimiz kimi, bu qərar büdcə xərclərinin azaldılması üçün atılan addımdır. Ancaq bu qurumlar publik hüquqi şəxs kimi özlərini nə dərəcədə doğruldacağı müəmmalı məsələdir. Məsələn, Müəllif Hüquqları agentliyi, İcrabri Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik şəxs kimi hardan gəlir əldə edəcəklər? Ümumiyyətlə, bu sahələrə maraq demək olar ki, yox səviyyəsindədir. Yeni yaradılan publik hüquqi şəxslər necə fəaliyyət göstərəcək və effektlilik səviyyəsi necə olacaq?
 
 
 
“Dövlət qurumlarının birləşdirilməsi vacibdir”
 
“Cümhuriyət” qəzetinə şərhində iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, publik hüquqi şəxs alan bu qurumların bəziləri özünü doğrultmayacaq. Onun sözlərinə görə, gəlirləri aşağı düşən qurumlarda əməkdaşların ixtisarları da olacaq: “Əslində hökumət bəzi dövlət qurumlarının lazımsız olduğunu bilir. Sadəcə birdən-birə bir çox qurumların ləğv olunması, birləşdirilməsi və yaxud bu qurumların adlarının ümumiyyətlə, dövlət siyahısından çıxarılması prosesinə getmir. Çünki bu özü-özlüyündə işsizliklə bağlı çox ciddi sosial problemlər yarada bilər. Bir çox dövlət qurumlarının ləğv olunması və ya birləşdirilməsi daha məqsədəuyğundur. Bu idarəetmənin effektliyini artıracaq və dövlət büdcəsi üzərində olan kəskin yükü azalda bilər. İlkin addım kimi görünür ki, bəzi dövlət qurumlarını publik hüquqi şəxsə çevirərək büdcə üzərində olan yükü azaldaraq həmin qurumların özlərini maliyyələşdirmək üçün şərait yaradılır. Ancaq publik hüquqi şəxs elan olunan qurumlarda ciddi ixtisarlar da olacaq. Çünki publik şəxsə çevrilən agentliklər dövlətin maliyyələşdirdiyi səviyyədə pul qazana bilməyəcəklər. Bu aksiomdur. Onlar üçün hazırkı əməkdaşların tamamını, əllərində olan layihələri saxlamaq çox çətin olacaq. Bu baxımdan ciddi ixtisarların olacağı gözlənilir. Bəziləri isə ümumiyyətlə publik hüquqi şəxs kimi fəaliyyət göstərməkdə də çətinlik çəkəcəklər. Bir müddət sonra isə həmin qurumların ümumiyyətlə, ləğv olunması gündəmə gələcək. Əslində publik hüquqi şəxs elan olunan dövlət orqanları bir məsələyə ciddi diqqət yetirməlidir. Əgər nəzarətedici orqanlar qalacaqsa və maliyyə resursları həmin funksiyalardan asılı olacaqsa, bu artıq doğru yanaşma olmayacaq. Heç bir publik hüquqi şəxsə çevrilən keçmiş dövlət qurumunun əlində ciddi səlahiyyətlər olmamalıdır. Çünki ciddi səlahiyyət olduqda onlarda maraq yaranacaq ki, vətəndaşlara və ya biznesə çətinliklər yaratsınlar və bundan pul qazansınlar. Hesab edirəm ki, bir müddət sonra bu məsələ də gündəmə gələcək”.
 
Sonda ekspert əlavə edib ki, bir müddətdən sonra yeni yaradılan publik hüquqi şəxslərin vəsait əldə etməsi üçün dövlət rüsumlarında artım olacaq: “Məsələn, Müəllif Hüquqları Agentliyinin publik hüquqi şəxs elan olunması sonda müəllif hüquqlarına görə rüsumların artması ilə nəticələnəcək. Onlara yalnız bu yolla müəyyən qədər vəsaitin əldə olunmasında imkan yaranacaq. Amma həmin vəsaitin həmin qurumları saxlamağa çatıb-çatmayacağını indidən demək çətindir. Digər yaradılan publik hüquqi şəxlərin də aqibəti fərqli olmayacaq. Çünki vaxtila dövlət tərəfindən ayrılan külli miqdarda vəsaiti heç bir qurum qazana bilməyəcək. Və qeyd etdiyimiz kimi bu da həmin qurumların bir müddətdən sonra ixtisarlarla, ləğv olunması ilə gündəmə gəlməsilə nəticələnəcək”.