​Həmid Herisçi 'Yeni Müsavat'a yazacaq

 
Tanınmış yazar yeni layihələri ilə “Yeni Müsavat” Media Qrupuna gəlir.
 
Tanınmış yazar, jurnalist  Həmid Herisçi “Yeni Müsavat” Media Qrupuna transfer olundu. Bu barədə yazar musavat.com-a açıqlamasında bildirib.
 
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə iş fəaliyyəti və layihələrlə bağlı anlaşan yazar oktyabrın 4-dən etibarən redaksiyada işə başlayacaq. Bu günə qədər bir-birindən fərqli layihələrlə oxucularını və seyrçilərini təəccübləndirən H.Herisçi eyni xətti “Yeni Müsavat”da davam etdirəcək.
 
Müsahibimiz dedi ki, əsasən portret yazıları, araşdırmalar, müsahibələr, eləcə də kriminal xarakterli serial yazılarla çıxış edəcək. H.Herisçi  mediadan müvəqqəti müddətdə uzaq qaldığı ərəfədə oxucuların da ona tez-tez yazıları ilə bağlı müraciət etdiyini xatırlatdı: “Bundan sonra fasiləsiz olaraq yazılarımı “Yeni Müsavat” qəzeti,  musavat.com və minval.az saytlarında oxuya biləcəklər. Çalışacam ki, oxucuların zövqünə və maraq dairəsinə uyğun olan yazılarla çıxış edim”.