Həmid Herisçi: “Nəriman Nərimanovu ittiham etmək düzgün deyil”

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin dağılmasında, rus ordusunun Bakıya girməsində sonradan SSRİ Xalq Komissarları Sovetinin sədri olan Nəriman Nərimanovun da rolu olub.
Bu baxımdan, yenə AXC-nin süqutunun ildönümü ərəfəsində N.Nərimanovun heykəlinin Bakıdan götürülməsi məsələsi müzakirə mövzusuna çevrilib.
Musavat.com-a danışan yazıçı-publisist Həmid Herisçinin sözlərinə görə, N.Nərimanov zamanına uyğun siyasət yürüdərək, SSRİ-nin tərkibində olsa belə, Azərbaycanın bir dövlət kimi saxlanılmasına nail oldu: “Məhəmməd Əmin Rəsulzadə öz dövründə yox, 1991-ci ildə yaşayırdı, sanki... O, romantik idi, realist insan deyildi. Ancaq Nərimanov 1920-ci ilin tələbləri ilə düşünürdü, yaşayırdı. O, realist idi. Həmin dövrdə Azərbaycan ancaq Sovet Sosialist Respublikası şəklində mövcud ola bilərdi. Bildiyiniz kimi, biz Şərqdə təkcə ilk demokratik ölkə deyilik, eyni zamanda ilk sosialist respublikasıyıq. M.Ə.Rəsulzadə modeli də, N.Nərimanov modeli də Şərqdə ilkdir. Burada seçim etmək lazımdır. Mənim fikrimcə, Məhəmməd Əmin xəyalpərəst, romantik idi, o gələcəklə yaşayırdı, 1920-ci ildə yaşamırdı. Çünki 1920-ci ildə insanların istəyi milli mücadilə deyildi, sosial ədalət idi. Ona görə də, bizdə N.Nərimanov xətti qələbə çaldı. İnsanlarda milli təfəkkür o dərəcədə güclü deyildi, onlar sosial ədalət istəyirdilər. Dövrün çağırışını N.Nərimanov M.Ə.Rəsulzadədən daha yaxşı hiss elədi. Başa düşdü ki, Azərbaycan o zaman demokratik respublika kimi deyil, ancaq Sovet Sosialist Respublikası kimi var ola bilər. Təsadüfi deyil ki, 1920-ci ildə Bakıda Şərq Xalqlarının I Qurultayı çağırıldı. Orada Azərbaycan Şərq siyasətinin ən öndə gedən modeli kimi təqdim olundu. “Şərqin qapısı” adlandırıldı. Azərbaycan isə N.Nərimanovun şah əsəri kimi qiymətləndirildi”.
H.Herisçi onu da qeyd etdi ki, N.Nərimanov olmasaydı, Türkiyədə olan müstəqillik müharibəsinə kömək edən olmayacaqdı: “Hökumətdə M.Ə.Rəsulzadə olsaydı, Atatürk qələbə çala bilməyəcəkdi. Bütün şərtlər göstərir ki, ancaq N.Nərimanov o düyünləri aça bilərdi. O, yeganə Azərbaycanlıdır ki, Kremlin divarlarına hörülüb, orada dəfn olunub. Ona satqın demək qəti düzgün deyil. Əksinə, öz dövründə Azərbaycanın müstəqilliyini Sovet Sosialist Respublikası səviyyəsində saxladı. 1991-ci ildə həmin Sovet Sosialist Respublikası avtomatik olaraq, müstəqil dövlətə çevrildi. M.Ə.Rəsulzadə bu gün üçün yaxşı idi. Ancaq o dövr üçün o uduzmalı idi, uduzdu da... Onu da nəzərə alın ki, 1990-cı ildə rus ordusu Bakıya girəndə yüzlərlə insanın qanı axdı. Ancaq 1920-ci ildə N.Nərimanov elə elədi ki, rus ordusu Bakıya girəndə bir nəfərin də burnu qanamadı. Bu da onu göstərir ki, doğrudan da xalq öz milli respublikasının arxasında durmamışdı. Gəlin, özümüzü aldatmayaq, özümüzdən yalançı tarix düzəltməyək”.