​Əhməd Əhmədzadənin qurumu ləğv edilir - ÖZƏL

 
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ləğv edilir
 
Bu barədə Politika.Az-a Kənd Təsərrüfatı Nazirliyindəki mənbə məlumat verib. Bildirilir ki, Əhməd Əhmədzadənin rəhbərlik etdiyi ASC ləğv edilərək səlahiyyətləri nazirliyə veriləcək.
 
Buna səbəb isə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əslində kənd təsərrüfatı sahəsinə aid xidmətləri reallaşdırmasıdır: “ASC-nin fəaliyyəti demək olar ki, sırf aqrar sahəyə aiddir. Qurum “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli, 372 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin əsasında yaradılıb. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Cəmiyyətin əsas məqsədi meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərmək, torpaqların su təminatını həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. Bütün bu məlumatlardan göründüyü kimi, adıçəkilən qurum əslində Kənd Təsərrüfatı Nazirliyinin görə biləcəyi və görməli olduğu işləri reallaşdırır. Buna görə də, onun ləğv edilərək səlahiyyətlərinin bu nazirliyə verilməsi xeyli vaxtdır müzakirə mövzusudur. Artıq bu məsələ reallaşmaq üzrədir”. Mənbəmiz qeyd edir ki, qurumun bəzi səlahiyyətləri “Azərsu” ASC-yə veriləcək.
 
Qeyd edək ki, adıçəkilən ASC ilə bağlı narazılıqlar artıq xeyli müddətdir ki, gündəmdədir. Bu il sentyabrın 20-də Nazirlər Kabineti Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinə və 2006-cı ildən bəri əl gəzdirilməmiş strukturuna dəyişikliklər edilməsini nəzərdə tutan qərar verib.
Qərara əsasən, ölkədə suvarma kanallarının, hidrotexniki qurğuların, meliorasiya və irriqasiya sistemlərinin idarə olunmasını həyata keçirən qurumun strukturuna daxil tabeli təşkilatların sayı 137-dən 133-ə endirilib.
 
Qurumun fəaliyyətində tez-tez gündəmə gətirilən daha bir problem ondan ibarətdir ki, Nizamnaməsinə 2013-cü ildəki dəyişikliyə əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC illik maliyyə hesabatını müstəqil auditorun rəyi ilə birgə açıqlayır. Amma cəmiyyətin rəhbərliyi hələ bu tələbə əməl etməyib.
 
Ötən il Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə meliorasiya və başqa su təsərrüfatı obyektlərinin saxlanması üçün dövlət büdcəsindən260 milyon 951,1 min, 2016-ci il üçün isə 231 milyon 356,5 min manat ayrılıb.
 
Müstəqil jurnalist araşdrımaları ilə müəyyən olunub ki, ASC-nin yerli suvarma və meliorasiya idarələri dövlət satınalmalarında, əsasən, yeni yaranmış şirkətlərin xidmətlərindən yararlanırlar.

Загрузка...
Загрузка...