Əhməd bəy Ağaoğlu repressiyadan necə qurtuldu?- GİZLİ TARİX

 
 
 
 
Moderator.az Azərbaycan ictimai-siyasi fikrinin nəhənglərindən olan Əhməd bəy Ağaoğlu barəsində daha bir yazını təqdim edir.
Bu dəfə ictimai-siyasi proseslərin hər zaman önündə gedən, mətbuatdakı fəaliyyəti ilə buna daha da can atan Əhməd bəyin Cümhuriyyətçilərlə münasibətinə, daha doğrusu, Azərbaycan Cümhuriyyəti ilə əlaqələrinə toxunacağıq.
 
Bəzi mənbələr deyir ki, 1909-cu ildən Türkiyəyə gedən Əhməd bəy heç zaman Azərbaycana qayıtmayıb. Deməli, ADR ilə də heç bir əlaqəsi olmayıb.
 
Doğrudur, 1909-cu ildə Türkiyədə ömürlük qalacağını qətiləşdirən Əhməd bəy həyat yoldaşına bu barədə məktub yazır. Onun da sonradan yaxın qohumları ilə birlikdə Türkiyəyə gətizdirəcəyini bildirir. Bu zaman Əhməd bəyin həyat yoldaşı ona konkret cavab verir: sən haradasansa, biz də oradayıq!”
Artıq Əhməd bəy ailəsi ilə də qovuşduqdan sonra həyatının Ağaoğlu hissəsinə keçid alır. Əsl maarifçi olaraq cəmiyyətin içində özünü suda balıq kimi hiss edən Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Türkiyəni tərk edib vətənə kömək etmək qərarına gəlir. Azərbaycan parlamentinə bitərəf  deputat kimi üzv seçilir. Sonradan ölkədə yaşanan məlum siyasi hadisələr sonucunda Əhməd bəy yenidən Türkiyəyə qayıtmalı olur. Tərslikdən o zaman hakimiyyətə başqa partiya gəldiyindən, ittihadi-tərəqqiçilər kimi Ağaoğlunu da sürgünə yolladılar. Lakin Atatürk dövründə yenidən sərbəst insanlar ölkəsi adlandırdığı Türkiyəyə yollandığında köhnə dostu olan Mustafa Kamaldan çox yaxşı bir təklif alır. Ağaoğlu təklifi dəyərləndirərək, mətbuat müdiri kimi Türkiyədə çalışmalı olur.
 
Əhməd bəy Türkiyədə yaşadığı müddətdə hətta bir dəfə Azərbaycana qayıtmaq üçün o zamnkı rəhbər Nəriman Nərimanova məktubla müraciət edib. Lakin Nərimanov yəqin ki, onu düşündüyündən Bakıya gəlməsinə razı olmayıb. Çünki o gəlsəydi, başqa ziyalıların  gözlədiyi aqibət Əhməd bəyi də gözləyəcəkdi.
O elə cavanlıqda da çılğın və səbirsiz olub. Ömrünün son illərində isə bu dözümsüzlük və aqressiya daha da artmışdı. Qızı Sürəyya xanım da öz xatirələrində bunları xüsusi olaraq qeyd edib. Həm də səhhətində ciddi problemlər var idi. Gözləri çox zəif görürdü. Bildiyimiz kimi,  Ağaoğlu bir dəfə çox uyğunsuz bir şəraitdə gözlərindən əməliyyat olunmuşdu ki, onun da fəsadları ömrünün sonlarında özünü daha qabarıq büruzə verdi. Ömrünün axırında o da, Əli bəy Hüseynzadə də demək olar ki, aktiv siyasi proseslərdən tamamilə uzaqlaşmışdılar. Ancaq bədii, elmi-publisistik fəaliyyətlə məşğul idilər. Son günlərə qədər o iki dost bir-birlərini tərk etmədilər.
 
Elmin Nuri

Загрузка...
Загрузка...