Həkimdən valideynlərə ÇAĞIRIŞ: "Uşaqlarda bu əlamətlər tez-tez baş verirsə, 30 faiz bu xəstəliyin daşıyıcılarıdır"

Bir çoxları üçün artıq çəki əsl problemə çevrilib. İnsanların normadan artıq çəki almaları isə əbəs yerə deyil. Bu ya genetik faktorla əlaqəli olur, ya hormonların balans pozğunluğu nəticəsində yaranır, ya da ki, normadan artıq və rejimsiz qidalanma bu problemin yaranmasına şərait yaradır. Bu isə öz növbəsində insan sağlamlığını ciddi və təhlükəli xəstəliklərlə üz-üzə qoyur. Artıq çəki qaraciyər və ürəyin funksiyasını pozur, şəkərli diabetin yaranmasına səbəb olur. Bundan başqa, qalxanabənzər vəzinin funksiyasının pozulması da çox ciddi xəstəliklərə təkan verə bilir.
Ötən ilin statistik göstəricilərinə görə, ölkə üzrə qalxanabənzər vəzi xəstəlikləri ilə 16 986 nəfər dispanser qeydiyyatına götürülüb. Onlardan 3251 nəfəri diffuz ur, 2730 nəfəri düyünlü ur, 5443 nəfəri tireotoksikoz, 3363 nəfəri hipotireoz, 1060 nəfəri tireoditlər, 53 nəfəri isə qalxanabənzər vəzinin yeni törəməsindən əziyyət çəkir. Bəs görəsən artıq çəkidən, diabetdən, eləcə də el arasında zob kimi tanınan xəstəliklərdən necə qurtulmaq olar? Şəkərli diabetdən bir əməliyyatla xilas olmaq mümkündürmü? Bu xəstəliklərin müxtəlif müalicə üsulları insan sağlamlığı üçün hansı təhlükələri yarada bilir?
 
 
Publika.az Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pediatr-endokrinoloqu İlsur Novruzovla müsahibəni təqdim edir:
II HİSSƏ
- Giqantizm və cırtdanboyluluq. Bu cür insanların övladlarında da eyni patologiya müşahidə olunur? Faiz etibarı ilə riks nə qədərdir?
- Ümumiyyətlə, bu günə qədər yer üzündə ən hündür adam Robert Uedlou olub. O, 1918-1940-cı illərdə yaşayıb və boyu 2,72 sm olub. Bu rekord göstəricidir və onun göstəricilərini yeniləyən olmayıb. Ən balaca insanlardan isə amerikalı sirk işçisi Çarlz Şervudu (1838-1883) misal göstərmək olar. O, 22 yaşında 11 kiloqram çəkiyə və 100 sm boya sahib olub. Tibbi əsaslara görə, ümumiyyətlə, uşaqların boyu atadan asılı olur. Bu birbaşa tireoidin hormonları ilə əlaqəli olur. Belə ki, bu hormon zülal, karbohidrat və yağ mübadiləsini tənzim edərək, orqanizmin inkişafını sürətləndirir. Tireoidin hormonları sinir sisteminin inkişafına təsir edir. Bu hormonların sintezinin azalması hipotireoizm, artması isə hipertireoidizm adlanır. Tireoidin hormonları kifayət qədər az olduqda cırtdanboyluluq, eybəcərlik və əqli inkişaf çatışmazlığı baş verir. Artıq miqdarda olduqda isə tireotoksikoz və ya Bazedov xəstəliyi əmələ gəlir. Ümumiləşdirsək, kişilərdə boy göstəriciləri 130 sm-dən, qadınlar da isə 120 sm-dən aşağıdırsa, onlar cırtanboy sayılırlar. Uşaqlarda somatotrop hormonun sekresiyasının azalması cırtdanboyluğa (karlik), artması isə nəhəngboyluluğa (giqantizm) və yaşlılarda akromeqaliyaya (ayrı-ayrı orqanların böyüməsi və bədənin mütənasibliyinin pozulması) səbəb olur. Burada əsas məqam ondan ibarətdir ki, boy hormonu çatışmazlığı genetik xəstəliklə bağlıdırsa, bəli, cırtdanboylunun övladı da çox güman ki, özü kimi olacaq. Amma xəstəlik vaxtında aşkarlanıb, müalicəyə başlanılarsa, həmin ailənin sağlam övladı ola bilər. Ona görə genetik mənşəli boy qısalığında boy daha qısa olur. Bu cür xəstələri liliput da adlandırırlar. Liliputluqda isə müalicə yoxdur və onlar ömrü boyu elə qalırlar. Doğulan uşaqlar da çox vaxt liluput doğulur. Liliputların boyu 40-90 santimetr olur, çəkiləri isə 5-15 kq arasında dəyişir. İki qrupa ayırsaq, birinci qrupa daxil olan insanlarda bədən ölçüləri eyni dərəcədə kiçik olur. İkinci qrupda isə daha çox mutasiya xarakteri daşıyır (başı iri olur və ya gözləri, əlləri bir-birindən fərqli ölçülərdə olur və s). Bu birbaşa sümük qığırdaq patologiyası ilə əlaqədardır ki, onun da bu günə qədər müalicəsi yoxdur.
 
 
- Hormon çatışmazlığının müalicəsi necə aparılır?
- Bu bir növ əvəzləyici müalicə hesab olunur. Bilirik ki, boy artımı xüsusilə yuxu rejiminə təsadüf edir. Orqanizmdən asılı olaraq, axşam saat 11-dən gec olmamaq şərti ilə boy hormonu qələm şəklində iynələr vasitəsilə xüsusi dozalarda bədənə yeridilir. Bu reablitasiya 1 yaşdan sonra aparılır. Və hər kiloqrama 25 mikro qram boy hormonu təyin edilir.
- Hansı hallarda balacaboyluluq patologiya hesab edilir, hansı hallarda isə yox?
- Ümumiyyətlə, boy patologiyalarını 3 əsas fərqli növdə görmək mümkündür: Karliklər, liliputlar və piqmeylər.
Bunlar arasında karliklər əksər hallarda qısa bədən quruluşuna malik olasalar da, başları nisbətən iri olur. Bu patoloji hal hesab olunur və bu insanların çoxu hiperseksual olurlar.
Liliputlarda həm bədən, həm də baş çox kiçik ölçülərdə olur. Kukla şəkilli üz cizgilərinə malik olurlar. Bu patologiya xüsusilə nanzim çatışmazlığı sindromundan baş verir. Onların bir qismi cinsi azlıqlara aid olurlar.
Piqmeylər isə Afrikanın cənubunda yaşayan boyları 144-150 sm keçməyən Neqril və Piqmey tayfalarına xas irqi xüsusi antropoloji tiplərdir. Onlar çox sağlam orqanizmə və bədən quruluşuna malik olurlar. Sadəcə bütün bunlar sanki kiçik maket quruluşunu xatırladır. Anatomik və fizioloji cəhətdən də normativlərə yaxın aralıqda yerləşirlər.
 
 
- Belə bir fikir var ki, hər şirniyyat yeyən adam şəkər xəstəsi olur. Bu nə dərəcədə doğrudur?
- Bir mənada bəli, həqiqət var. İnsan mütəmadi olaraq şirniyyat istehlak edirsə, bu çəki artımına gətirib çıxarır. Piylənmə, çəki artımı isə şəkərli diabetin risk qrupuna daxildir. Daim şirniyyat qəbul edən insan mədəaltı vəzinə yük salır və insulin ifrazını artırır. Nəticədə isə insulinin daxili rezervlərdə imkanları azalır. Bununla da insulin ifrazı normadan az olur və gələcəkdə şəkər xəstəliyinin yaranmasına gətirib çıxarır. Ailədə, yaxın qohumlarda diabet olan şəxslərdə irsi faktorlar bu simptomların daha tez büruzə verməsinə səbəb olur. Tibbdə biz bunu “ağ ölüm” adlandırırıq.
- İnsan orqanizmində normal şəkərə tələbat nə qədərdir?
- Bilirsiz, buna yalnız individual yanaşmaq olur. İnsan var ki, gün ərzində yalnız səhər bir stəkan şirinçay qəbul edir. Sutka ərzində heç bir şirniyyat, tərkibində şəkər miqdarı çox olan qidalar istehlak etmir. İnsan da var ki, gündəlik qida rasionunda normadan artıq şirniyyat qəbul edir. Bu isə təbii ki, ziyandır. Konkret rəqəm demək olmasa da, pəhriz hazırlayarkən karbohidratların sayını müəyyən etmək olur. Belə ki, pəhriz cədvəlində insan orqanizmi üçün ən azı 60 faiz karbohidrat qəbulu normal hesab edilir.
- Cəmiyyətdə kök, dolu insanlara daha sağlam və güclü kimi baxırlar.
- (Gülür). Çox maraqlı məqama tpxunduz. Mən belə hesab edirəm ki, bu bizim mentalitetimizlə bağlıdır. Belə izah edim, bizdə xüsusi yemək mentaliteti formalaşıb. Siz hər hansı bir evə qonaq getdiyiniz zaman oradan mürəbbəli çay içməmiş, şirniyyat yeməmiş və ya milli mətbəximizin yağlı və bir o qədər də dadlı yeməklərindən yeməmiş çıxa bilməzsiz. Bu mümkün deyil. And-aman edirlər ki, yeyəsən. Arıq və dolu insanlarda da genetik faktor əsasdır. Yəni, əksər hallarda hər iki valideyn dolu, çəkilidirsə, uşaq da təbii ki, çəkidə onlara bənzəyəcək. Amma bəzən olur ki, ana və atanın çəkisi nomal olur, lakin uşaq sürətlə kökəlir və ya əksinə ana-atanın çəkisi çox olur uşaq isə həddən artıq arıq, zəif olur. Belə hallar artıq şübhəlidir. Həkim müayinəsi tövsiyə edilir.
 
 
- Şəkərli diabetin ilkin və əsas simptomları nələrdir? Valideynlər hansı halda həkimə müraciət etməlidir?
- Şəkərli diabetin ilkin simptomlaından biri tez-tez maye (su) qəbul edilməsi və sidik ifrazıdır. Daha sonra gecə yaranan susuzluq, uşaqların ağzında spesifik aseton iyinin gəlməsi, eləcə də enorez (yatdığı yerdə sidik ifrazı) bu simptomlara daxildir. Valideynlər şikayət edir ki, uşaqlar normadan artıq qidalansa da, çəkisi sürətlə azalır. Bayaq da vurğuladım, hər bir xəstəliyin ilkin simptomlara qədərki gizli mərhələsi olur. Bu simptomlar özünü büruzə verməzdən əvvəl, ilk 6 ay müddətində uşaqlara inək südü verilibsə, uşaqlar tez-tez çiban çıxardırsa, yaxud da gözlərində daimi resediv şəkildə itdirsəkləri çıxırsa, 4 kilodan artıq doğulublarsa, bu onların potensial olaraq diabet xəstəsi olacağına işarədir. Eyni zamanda, əkiz uşaqlardan biri şəkərli diabet olursa, digərinin potensial diabet olma riski 50%-dir. Digər tərəfdən, bu birbaşa valideynlərlə də əlaqəli ola bilir. Belə ki, ata diabet xəstəsidirsə, ana sağlamdırsa, uşaqların diabet olma riski 5%-dir. Yox, ana diabet xəstəsidirsə, ata sağlamdırsa, uşaqların potensial diabet olma riski 3%-ə düşür. Hər ikisi diabet xəstəsi olan valideynlərin uşaqlarının diabet olma riski isə 30% təşkil edir.
- İnsulin asılılığını azaltmaq məqsədilə hansısa alternativlər mövcuddurmu?
- İnsulin mədəaltı vəzinin ifraz etdiyi təbii amin turşusudur. Onun orqanizmdə funksiyası şəkəri tənzimləməkdir. Diabet zamanı insulin ifraz edilən betta hüceyrələri yavaş-yavaş məhv olur. Bu proses illərlə davam edə bilər, o vaxta qədər ki, betta hüceyrələrinin 70-80% məhv olsun. Artıq bundan sonra şəkərli diabetin ilkin simptomları özünü büruzə verməyə başlayır. İnsulinin miqdarı bax, bu məhv olmuş hüceyrələrin miqdarı əsasında müəyyənləşdirilir. Təyin olunmuş doza bədənə yeridilir və bununla da əvəzləyici müalicə tətbiq edilir.
 
 
- Cürbəcür şəkər əvəzləyicilər var. Bəzilərinin xərçəng yarada biləcəyi deyilir. Ümumiyyətlə, bu əvəzləyicilərin insan orqanizminə nə kimi ziyanı var?
- Bəli, son vaxtlar satışda bu məhsulların sayı artıb. Biz bu məhsulları kalorisi az olduğuna görə, şəkər əvəzləyicisi kimi təyin edirik. Xərçəng yaratma riskinə gəldikdə isə belə bir faktla rastlaşmamışam. Digər insanların xərçəngə tutulma riski nə qədərdirsə, diabetlərdə də elədir. Sadəcə olaraq diabet xəstələri virus infeksiyalara, xüsusilə də vərəmə daha tez tutulurlar. Həm də bu gün istehlak etdiyimiz qidaların tərkibində insan orqanizmi üçün yad cisimlər daha çoxdur. Son dövrlərdə immun çatışmazlığı xəstələrinin, eləcə də allergiyadan şikayət edən pasiyentlərin sayı artıb. Sizcı niyə? Məhz həmin GMO məhsullardan istifadəyə görə.
- İnsan orqanizmində şəkərin normal göstəricisi nə qədərdir?
- Ümumiyyətlə, insan orqanizminin şəkərə tələbatı Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq normativlərinə görə hesablanmalıdır. Bu normativlər 70-100 ml\dl və ya 3,3 -5,5 mmol\l üzrə qəbul edilir.Təəssüf ki, bizim laboratoriyalar hərəsi bir şkala üzrə hesablayır. Bu isə risklidir. 70-101 ml\dl belə olduğu halda bu şəkərli diabet göstəricisi deməkdir.
- Çinli endokrinoloqlar iddia edir ki, sadə bir cərrahi əməliyyatla şəkərli diabetdən tamamilə qurtulmaq mümkündür. Bu nə dərəcədə realdır?
- Bu yeni xəbər deyil. Uzun illərdir ki, alimlər tərəfindən araşdırılır. Hələ ki insanlarda elə bir müsbət nəticələr əldə olunmayıb. Mədəaltı vəzinin transplantasiyası keçirilib. Bəzən də tam mədəaltı vəzinin deyil, betta hüceyrələrinin transplantasiyasını keçiriblər. Bu zaman immun sistemini zəiflədən dərman preparatlarından istifadə ediblər ki, bədən yeni orqanı qəbul eləsin. Nəticələr isə demək olar ki, ürəkaçan olmayıb. Orqanizm transplantasiyadan imtina edirsə, bunun fəsadları şəkərli diabetin fəsadlarından qat-qat daha ağır olur. Buna görə də, Ümumdünya Səhiyyə Təşkilatı bundan imtina etdiyini bildirib. Amma hələ də bu istiqamətdə araşdırmalar davam etdirilir. Uğurlu nəticələr əldə olunarsa, mədəaltı vəzinin transplantasiyası 16 yaşdan sonra həyata keçirilə biləcək. Lakin pasiyentə sağlamlığı ilə bağlı heç bir zəmanət verilmir ki, 5-7 ildən sonra onda yenidən şəkərli diabet yaranmayacaq.
- Hamilə qadınlarda şəkərli diabetin qarşısını almaq üçün hansı tədbirlər görülür?
- Biz buna gestasion diabet və ya hamiləlik dövründə şəkərli diabet deyirik. Bu diaqnoz qoyulan zaman hamilə qadın mütləq həkim endokrinoloqun qəbulunda olmalıdır. Xüsusi pəhriz hazırlanmalıdır və qəti şəkildə həkim məsləhəti olmadan tərkibində şəkər miqdarının çox olduğu qidalardan istifadə edilməməlidir.
 
 
- Həkim, burda müxtəlif meyvələri, tərəvəzləri xatırldan fiqurlar görürəm. Qida rasionuna daxil ediləcək məhsullardı?
- Bəli, biz bunlardan xəstələrin pəhriz qrafiklərinin hazırlanması zamanı izah üçün istifadə edirik.
- Gündəlik qida rasionunda hansı miqdarda meyvə, tərəvəz, şəkər qəbul edilməlidir?
- Bunu kalori ilə pasiyentlərə izah edəndə, tam olaraq başa düşmürlər. Buna görə, biz bunu “çörək vahidi” termini ilə izah etməyə çalışırıq. Bu necə olur, sizə izah edim. Pəhriz qrafikinə görə 1 çörək vahidi 12 qr karbohidrata bərabərdir. Məsələn, 1 ədəd orta ölçüdə alma 1 çörək vahidi hesab olunur və onun tərkibində 12 qr karbohidrat olur. Və bu hesabla karbohidratları sutka ərzində bölürük. 1 xəstə sutka ərzində maksimum 20 çörək vahidi qədər karbohidrat istehlak edə bilər. Biz bunu 3 əsas və 3 əlavə yemək vaxtlarına bölürük:
Səhər yeməyi - 5 çörək vahidi
Günorta yeməyi - 6 çörək vahidi
Axşam yeməyin - 5 çörək vahidi
3 əlavə yemək saatlarında da hərəsində 1-2 çörək vahidi həcmində istehlak oluna bilər.
Bir balaca nəlbəki həcmində lobya 1 çörək vahidi hesab olunur. Tərkibində arpa olan bütün qidalar (düyü, qreçka, herkules, bulqur, makaron, vermeşil) bişmiş şəkildə 2 xörək qaşığı - 1 çörək vahidi hesab olunur.
Bundan başqa bütün ağartı məhsulları (qatıq, süd və s) 150 ml-i 1 çörək vahidi hesablanır.
Meyvə şirəsinin 100 ml-i 1 çörək vahidi hesablanır. Amma üzüm, əncir şirələrinin tərkibində qlükoza olduğu üçün onların istifadəsi məsləhət görülmür.
- Həkim, oxucularımıza başqa nələr tövsiyə edərdiz?
- Sağlam olmaq üçün il ərzində ən azı 2 dəfə çek-up müayinədən keçsinlər. Çəkilərinə nəzarət etsinlər. Sağlam həyat tərzi üçün qida rasionlarına, idmana diqqət ayırsınlar.
MÜSAHİBƏNİN BİRİNCİ HİSSƏSİ
Könül Cəfərli

Загрузка...
Загрузка...