«Həkim üzümə dedi ki, sizin uşağınız öləcək» 1 manat yardım belə körpənin həyatını xilas edər!

 Ana 5 yaşlı övladını yaşatmaq üçün ictimaiyyətdən dəstək istəyir
“11 il sonra övlad sahibi olmuşam. Qızlarımdan biri ürək qüsuru ilə doğulub. Hələ bir yaşı olarkən körpəm ilk əməliyyatını keçirib. Ancaq bununla problemi həll olunmadı. İndi 5 yaşı var və yenidən çox ağır bir vəziyyətlə qarşı- qarşıyadır. Təsəvvür edin, bacısını idmana yönəltmişəm, o da istəyir. Ancaq həkim icazə vermir. Məcbur olub müəllimlə danışıb yüngül hərəkətlərlə başını qatırıq. Hər uşaq kimi o da aktiv hərəkət etmək, istəklərini həyata keçirmək istəyir” - deyir 5 yaşlı Mədinənin anası Ləman Həsənova.
 
Milli Elmlər Akademiyasının işçisi olan Ləman xanım, qızının səhhətində yaranan problemlə bağlı Bizimyol.info-ya müraciət edib. Xanım bildirib ki, hələ Mədinə bir yaşında olarkən ailə öz hesabına onu əməliyyat etdirib. Ancaq əməliyyat olunan zaman həkimlər ailəyə Mədinənin gələcəkdə problemlə qarşılaşacağını deməyib. Ləman xanım isə qızının səhhəti ilə bağlı məlumatı oxuyarkən görüb ki, körpədəki probelm əməliyyatla aradan qaldırılsa da, gələcəkdə yenidın 70 faiz problemin yaranacağı göstərilib.
 
L.Həsənli deyir ki, 5 yaşlı Mədinə yenidən əməliyyat olunmalıdır. Körpədə ikinci dərəcəli ürək çatışmazlığı əmələ gəlib və diaqnozu olaraq da pulmonar qapaq çatışmazlığı qoyulub: “8 yaşından sonra açıq ürək əməliyyatı edirlər, ancaq 8 yaşına kimi qadağa qoyulur. Tək Azərbycanda yox, bir çox ölkələrdə edilmir bu əməliyyat. Ancaq Almaniya və İsraildə invaziv yolla əməliyyat olunur. Yəni, ürəyi açmadan əməliyyat aparılır. Yenilik olduğundan hələ digər ölkələrə yayılmayıb. Mütəxəssislər bunun üzərində çalışır. Almaniyada həkimlər  deyir ki, gəlin yoxlayaq. Bəlkə bərpa etmək mümkün oldu. Əgər elə olsa, protez qoyulmayacaq bərpa edəcəklər. Ancaq ola da bilsin protez qoyuldu. Bu yaxınlarda Mədinəni ilk dəfə əməliyyat edən həkiminin yanına Kiyevə apardım. O dedi ki, klapan mütləq dəyişilmədi, bərpa oluna bilməz. Ancaq Almaniya həkimləri tam müayinə etdikdən sonra müəyyən şansın olduğunu deyir. Bu ölkədə klapan dəyişilərsə 46 min avro, dəyişilməsə 27 min avro lazım olacaq. Kiyevdəki həkim 6 ay vaxt qoyub. Dedi ki, bu müddət ərzində mütləq klapan dəyişilməlidir. Yoxsa, hər hansı bir xəbərdarlıq göstəricisi olmadan övladıma nəsə ola bilər. Onun da 4 ayı artıq gedib. Bu müddət ərzində dövlətlə çalışıb, vuruşdum ki, bəlkə bir yardımları dəyər”.
Ləman Həsənli deyir ki, ilk olaraq Prezident Administrasiyasına və Səhiyyə Nazirliyinə müraciət edib. Bidlirib ki, akademiya işçisidir və 2 uşağa baxır. Aldığı 200 manat maaşla övladının əməliyyatını həyata keçirə bilməyəcək. Hər iki qurum xanıma eyni insanın yanına göndəriş verib: “Elmi Cərrahiyə Mərkəzində Səhiyyə Nazirliyinin xaricə müalicəyə göndərmə şöbəsinin müdiri Elnur Həsənovun yanına göndərdilər. Çox kobud insan idi. Mənə dedi ki, haraları gəzmisiniz, bu qədər pullar tökmüsünüz. Mən də bildirdim ki, problemi ölkədə həll eləyərdiniz, mənə də xoş deyildi ki, bir yaşlı uşaqla ölkələri gəzib, əməliyyat elətdirim. İndiyə kimi bu əməliyyatı bizim ölkədə heç kim etməyib. 5 qüsuru birdən heç bir həkim götürməyib. Maksimum 3 qüsurun aradan qaldırılması halı olub. Həkim mənə bildirdi ki, pulunuz var, gedin. Ölkə sizin uşağınıza niyə bu qədər pul xərcləməlidir? Bu klapan 35 min avro qiymətindədir. Onu da Bakıya gətirmək 45 minə başa gələcək. Hələ həkim bu sözləri deyəndə mən Almaniya ilə əlaqə saxlamamışdım. Dedim ki, axı, Azərbaycan vətəndaşıyıq biz? Həkim isə dedi ki, nə xeyri var? Onsuzda sizin uşağınız öləcək. Həkim mənə imtina kağızı verdi və dedi ki, 6 ay sonra gələrsən. Mən də dedim ki, ay həkim, bəs birdən uşağın vəziyyəti pisləşərsə mən nə edim. Təzədən prosedurlar uzun müddət aparacaq. Həkim isə dedi ki, qorxmayın uşağın ürəyi tutmayacaq. Düzü ilk bunu eşidəndə sevindim, hardasa ümid yeri gördüm. Həkim isə üzü-üzümə dedi ki, qəflətən öləcək...”.
 
L.Həsənli deyir ki, Səhiyyə Nazirliyi ümumiyyətlə uşaqlarla maraqlanmır: “Həkimin yanından çıxdıqdan sonra tibb bacısı deyir ki, sənin uşağın hələ öz ayağı ilə gəlib. Xərəklə gələn uşaqlar olub ki, onları 6 ay sonra gəlməsini söyləyib. Ancaq uşaq 2 ay sonra vəfat edib”.
 
Valideyn bildirir ki, övladında klapanın dəyişdirilməsini istəmir. Çünki bu əməliyyatda klapan dəyişikliyi olsa, 14 yaşında yenidən əməliyyat olmalı olacaq: “Ona görə də Almaniyaya gedib yoxlatdırmaq istəyirəm ki, əgər öz ürək klapanını bərpa etmək mümkün olsa, müəyyən yaş həddinə qədər çata bilər. Sonra bir dəfə protez qoyurlar. Çünki hər əməliyyat uşaq üçün riskdir. Problem yarananda da əlim çatan tək yer Kiyev oldu. Çünki öz həkim idi və Mədinəni ilk dəfə o əməliyyat etmişdi. Orda da həkim klapanın dəyişlməli olduğunu dedi. Azərbaycanda da bütün kardioloqları gəzdim. Ölkənin ən savadlı kardiolqu Anar Əmrahdır. O da dedi ki, əgər ölkədə bu əməliyyat mən edə bilmirəmsə, heç kim edə bilməyəcək. Gücünüz hara çatırsa - Türkiyə, İsrail, Almaniya oralara aparın. Sonra diaqnostika mərkəzindəki həkimlər də baxdılar. Üç həkim göstəriş verir ki, mütləq əməliyyat olunmalıdır. Daha sonra qadınlar cəmiyyətinə müraicət elədim. Onlar da məni Nəsib Quliyevin yanına göndərdi. O isə ümumiyyətlə maraqlanmadı”.
 
Gənc ana bildirir ki, son ümid olaraq bank hesabı açıb. Çıxış yolu olmadığından evini də satışa qoyub: “Ancaq elə qiymət deyirlər ki, heç bileti alıb, ora çatmağa bəs etmir. Məni orada nə gözlədiyini bilmirəm. Dostlarım deyir ki, tək bunu bacara bilmərəm. Mütləq ictimaiyyətin dəstəyi lazımdır. Xəstəxana deyir ki, hesabımıza pul keçirin, biz sizi müayinə üçün 6 ay öncədən  növbəyə yazaq. Bunun üçün 4 min avro lazımdır. Mən hələ o məbləği keçirməmişəm ki, müayinə üçün növbəyə yazılım. Mənimsə cəmi 2 ay vaxtım var...”.
 
Balaca Mədinəyə yardım etmək istəyən şəxslər aşağıda göstərilən hesab nömrəsinə yardımlarını edə bilərlər. Göstərdiyimiz 1 manat yardım belə, körpə balanın həyatını xilas etməyə, yenidən sağlamlığına qovuşmasına yardımçı ola bilər..
 
Bank Respublika
KOD: 505668 VOEN: 9900001901
AZ80NABZ01350100000000014944
SWIFT: BRESAZ22
Adı: Laman
Soyadı: Hasanova
Seriya: AZE16403266
İBAN: 380194400253423502
 
Aysel İsgəndərli