​Hindistanın 70 illik müstəqilliyi münasibətilə Bakıda möhtəşəm Bollivud gecəsi keçiriləcək - FOTO

Bu gün Trend İnformasiya Agentliyində "Bollivud gecəsi" (Bollywood Night) konserti ilə bağlı mətbuat konfransı keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə xalq artisti Faiq Ağayev, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, "Full House Entertainment"in idarəetmə direktoru Dia Soun Xe, Hindistanın Azərbaycandakı Assosiasiyasının (Indian Association Azerbaijan) nümayəndələri, müğənnilər Ceyhun Bakinski, Fərid Həsənov, Kamran Həsənli, Könül Kərimova, Narmina Ağasi, Samir Bayramlı və başqaları iştirak edib.
Samir Bayramlı bildirib ki, konsert Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə, eləcə də Hindistanın müstəqilliyinin 70 illiyinə həsr olunub. Samir Bayramlının sözlərinə görə, konsertin aparıcılığı ona və Narmina Ağasiyə həvalənə olunub. Daha sonra məşhur aparıcı konsertlə bağlı daha geniş məlumat verib:
“Hindistanın Azərbaycandakı Assosiasiyasının dəstəyi ilə “Full House Entertainment” tərəfindən təşkil edilən möhtəşəm “Bollywood Night” bayramı noyabrın 11-də, saat 19:00-da Heydər Əliyev adına İdman Arenasında baş tutacaq. “Bollywood Night” Azərbaycan və hind estrada ulduzlarının iştirakı ilə keçiriləcək, iki ölkənin ənənəvi geyimlərindən ibarət “Fashion Show” təqdim olunacaq. Gecədə Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın kolleksiyası təqdim olunacaq. Gecənin maraqlı məqamlarından biri o olacaq ki, bütün azərbaycanlı artistlər Hindistanın milli geyimdə çıxış edəcək və bu əfsanəvi ölkənin məşhur kompozisiyaları təqdim edəcəklər.
Azərbaycan Televiziya və Radiosunun solisti, xalq artisti Faiq Ağayev Bollivudun Azərbaycanda ulduz səfiridir. Konsert proqramında Ceyhun Bakinski və başqaları iştirak edəcəklər”.
Faiq Ağayev “Bollywood Night” çərçivəsində möhtəşəm konsert proqramı ilə çıxış edəcəyini açıqlayıb:
“Həmin gün səhnəni Hindistanın Madonnası və pop-musiqisinin kraliçası adlandırılan Alişa Çinayi ilə bölüşəcəyəm. A.Çinayın hind kinosuna böyük töhfəsı var. O, bir çox məşhur filmlərin mahnılarını səsləndirib. Konsertin hazırlıqlarına artıq başlamışıq. Səhnə kostyumlarım da milli hind geyimi tərzində olacaq. İnanıram ki, həmin gecə üçün Fəxriyyə xanım da mənim üçün xüsusi geyim və ya akessuar hazırlayacaq. Bundan başqa bəstəkar Xanım İsmayılqızı yeni bir mahnı hazırlayıb. Mahnı məşhur “Zita və Gita” filmindəki sitatla başlayacaq. Düşünürəm ki, tamaşıçılar maraqla qarşılayacaq. Sirr deyil ki, hindistan kino filmləri uzun illər Azərbaycanda böyük maraqla izlənilib. Orta nəslin nümayəndələri hind rəqs və filmlərini çox sevir, onlar bu filmlərlə böyüyüb. Odur ki, hər kəsi bu maraqlı konsert proqramını izləməyə dəvət edirəm. Biletlərin qiymətləri də münasibdir”.
Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova tamaşaçılar üçün bənzərsiz dəfilə hazırladığını vurğulayıb. Daha sonra o, buta naxışının Azərbaycana hind tacirlər sayəsində gəldiyini və bu naxışın geyim mədəniyyətimizdə böyük rolu haqqında danışıb:
“Hind filmləri uşaqlaqlıqdan ürəyimizə həkk olub və indiyə kimi də izləyirəm. Hindistan möhtəşəm ölkədir, onun hər bir guşəsi tarixi, mədəni, memarlıq və təbiət abidələri ilə məşhurdur. Müxtəlif dinlərin, qarışıq mədəniyyətlərin, ənənələrin vəhdəti ölkəyə xüsusi kolorit və təkrarolunmaz gözəllik verir. Bizi birləşdirən ortaq buta naxışımız da var. Araşdırmalar göstərir ki, butanı Azərbaycana hind səyyah və tacilər gətirib. Sonralar bu naxış bizdə inkişafını öz tapıb, beləliklə də onun müxtəlif forma və fəlsəfəsi yaranıb. Buta mənim yaradıcılığımda da önəmli yer tutur. İstər-istəməz moda yaradıcılığımda hər zaman hind stilinə də müraciət etmişəm. Əslində bu stil istər Avropanın, istərsə də Amerikanın ən məşhur dizyanerlərinin kolleksiyalarında da öz əksini tapıb. Mən isə “Bollywood Night” gecəsində hind stilinə uyğun bir neçə geyim təqdim edəcəyəm. Həmin gecənin ən qeyri-adi libası Avropa və Hindistan üslububa aid olan gəlinlik olacaq. Vəd verirəm ki, qonaqlar konsert üçün hazırladığım dəfilədən böyük zövq alacaq”.
Konsert proqramında çıxış edən ulduzlar arasında “Hind Madonnası” və “Hindistanın pop-musiqisinin kraliçası” adlandırılan hind estradasının ulduzu Alişa Çinay da var. Məşhur hind filmlərində hamı tərəfindən sevilən mahnıları məhz o ifa edir. Müğənni konsertdə özünün "Made in India", "Zoobie Zooby", "Mujhe Log Bole", "Raja Hindustani", "Sona Sona Roop Hai", "Kajra Re" hitlərini, “Disko rəqqası”, “Oyna-oyna”, “Cənab Hindistan” və başqa məşhur hind kinofilmlərindən mahnılar səsləndirəcək.
Qonaqlar üçün saat 17:00-dan 21:00-dək rəngarəng “Food & Shopping Festival” bayram yarmarkası da təşkil olunacaq. Yarmarkaya giriş yalnız biletlərlə mümkündür.
Aytən

Загрузка...
Загрузка...