Hicran Hüseynova və Məleykə Abbaszadə necə oyundan çıxarıldı? - təfsilat

Hər iki şəxsin adı rüşvət olaylarına qarışsa da, sonradan məsələ qapadıldı
Bir müddət əvvəl ölkənin iki önəmli qurumunun rəhbərinin adı ciddi rüşvət olayına qarışmışdı. Politika.Az xəbər verir ki, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın vətəndaşdan 170 min dollar alaraq, icra laşçısının müavini təyin etdirəcəyi qalmaqalı yaşanmışdı. Həmin vaxt məlum olmuşdu ki, komitənin apparat rəhbəri həmin şəxsdən pulu alaraq komitə sədrinə verib və bununla da işinin düzələcəyini vəd edibmiş. Olay qaynayan kimi apparat rəhbəri ölkədən qaçdı, komitə sədri də adda-budda açıqlamalar verməklə günahı onun üzərinə atmağa çalışdı. Amma yenə də məsələ açıq qaldı.
Bir digər olay isə ləğv olunmuş TQDK-nın rəhbəri Məleykə Abbaszadənin başına gəlmişdi. Həmin vaxt qurumun mətbuat xidmətinin rəhbəri vətəndaşlardan pul alaraq, onların övladlarını universitetlərə tələbə kimi qəbul etdirəcəyini vəd etmişdi.
Politika.Az xəbər verir ki, bəzi iddialara görə, mətbuat xidmətinin rəhbəri bu yolla külli miqdarda pul qazanıb. Amma onun yaxınları birmənalı olaraq bəyan edirdilər ki, sözügedən şəxs pulu təkbaşına əldə etməyib və bu məsələdə Məleykə Abbaszadənin də adı var. Lakin hadisədən sonra TQDK-a ləğv edildi, bazasında isə DİM yaradıldı.
Həmin olayların üzərindən xeyli müddət vaxt keçməsinə baxmayaraq, proses hələ də qapalı olaraq qalır. Bununla bağlı hər hansı bir açıqlama da verilmir. İşin hansı səviyyədə aparıldığı, kimlərin nəzarəti altında olduğu, istintaqın hara qədər irəlilədiyi də sual altındadır.
Güman etmək olar ki, müvafiq dövlət qurumları məsələnin boyutlarının həddindən artıq uzaqlara gedib çıxdığını, şaxələndiyinin fərqinə vararaq, işi ört-basdır etmək qərarına gəliblər. Eyni zamanda, onlar Məleykə Abbaszadə və Hicran Hüseynovanın danışa biləcəklərindən ehtiyat edərək, üzərlərinə getmək istəməyiblər. Əks təqdirdə, durum indikindən daha fərqli olə bilər, həqiqətlər üzə çıxardı.