Heykələ səcdə etməməyin bədəli – 10 il (Multikultiralizm ilinə nekroloq) Məhəmməd Talıblı

 
Azərbaycanda Müstəqillik aktının qəbul olunduğu günü istirahət günü (17 oktyabr) yox, iş günü hesab edilir. Həmin günü bəziləri zənbillə göydən düşən gün kimi qəbul edirlər. Çünki, həmin “o bəziləri” müstəqilliyi meydana çıxaran milli azadlıq hərəkatında rol oynamamışlar.
 
Amma rəsmi bayram günləri sırasında H.Əliyevin anadan olduğu günü (10 may) qeyri-iş günü hesab edilir. Bir şəxsin doğum günü və ölüm günü milli səviyyədə qeyd olunur. Amma bir millət üçün önəmi ölçüyə gəlməz olan müstəqilliyi qazanmış bir günü əhəmiyyətsiz bir keçmiş olaraq qiymətləndirilir. O, milli bayramlar kimi təqvimə daxil edilmir.
 
Hər ilin 10 mayı üçün isə bütün icra qurumları səfərbər olunur. Hollandiyadan başlayaraq dünyanın çox çeşidli ölkələrindən dəyərli 10 milyon dollarla ölçülən müxtəlif növlərdə güllər gətirilir. Müxtəlif rayonların icra hakimiyyətləri “milli öndərə” sədaqətini ifadə etmək üçün uzunluğu metrlərlə olan tortlar bişirirlər. Hamısı guya “milli günə” sevinirlər.
 
Buna görə sevinməyən, hətta bütpərəstliyi qamçılayan mütərəqqi bir gənclik də vardır ki, onlar “Gül” bayramı kimi kutlanan günə müxtəlif formalarda etiraz edirlər. “Qul bayramınız mübarək” deyib etiraz edən daha cəsarətli gənclik də var. Həmin gənclərdən biri olan Qiyas İbrahimovu ona görə polis orqanları həbs edib, aylardır ki, müxtəlif işgəncələr verməklə onu gedər-gəlməzə göndərmək istəyirlər. Hətta vicdan əmsalının sıfırın altında olan dövlət ittihamçısı onun bu hərəkətinə görə, ona 2 gün öncə 9 il iş istəyib.
 
Amma Qiyas bu gün məhkəmədə necə çıxış etdisə, 1 ili də əlavə edib, ona 10 il müddətində qəti həbs tədbiri seçdilər. Bərəkallah, “femidana”… Guya həmin gənc heroin istifadəçisi imiş. Guya bu gənc üzərində 1 kq çəkisində heroini elə küçədə gəzdirir və satırmış. Universitetdə dərin savadı ilə seçilən bu gənc bircə gündə “narkoman” elan etdilər. Bu cəzadan xilasın bir yolunu istintaq zamanı göstərdilər: “Heykəlin qabağında əyib üzr istə!” Qiyas bununla razılaşmadığı üçün ömrünün ən məhsuldar dövlərini oğurlamaq əmri verdilər.
 
Qiyas son sözünü dəmir barmaqlıqlar arasında özü də əli qandallı deyirdi. Bəli əli qandallı və cüssəsiz vücudu ilə. Lakin dik duruşu və qılıncdan iti olan cəsarətli sözləri ilə üsyan püskürürdü. Hətta qapalı şəraitdə belə onun qollarındakı qandalı açmırdılar ki, son söz olaraq demək istədiyi fikirləri belə özünü toparlayaraq deməsin. Bu çox utancverici bir hal olmaqla, ölçüyə gəlməz hikkədən və nifrət saçan qəzəbdən xəbər verirdi.
 
Qiyasın məhkəmədə çıxışını diqqətlə izlədim. Beynəlxalq təşkilatın təmsilçiləri və səfirlik nümayəndələri şok içində idilər. Qiyas zaldakı çıxışının məzmunu ilə hamını yaxşı mənada təəcübləndirdi. Onun iki fikri çox dərin mənası ilə xüsusi seçildi: “Təcridxanada deyirlər ki, siz özünüzü dərin quyuya salmısız. Bəli, biz özümüzü quyuya salıb, quyunun suyunu tapmağa çalışırıq. Bu sistemin çirkablarını yuyub təmizləyə bilər. Biz bu məqsədlə bu yola girmişik və sizlərdən də əfv diləməyəcəyik”.
 
“Biz bu qapıdan girəndə ədaləti çöldə qoyub girmişik. Verdiyiniz cəzanın ağırlığından da çəkinmirik. Bu inam azadlığa, doğrulara olan inamdı. Anam məhkəmədə dedi ki, bir ana kimi fəryad edir. Amma anam bilsin ki, övladı doğruların yanındadı. Övladı doğruların yanında olan analar fəryad etməsinlər. Prokuror 9 il istədi, amma 12 il istəyə bilərdi. Bilirəm ki, bu çıxışımdan sonra peşmandı. Prokuror peşman olduğuna görə də mən burada şənlənirəm”.
 
Hər iki fikri gəncliyin ən parlaq nümayəndələrindən olan Qiyas dedi. Təkcə yaşından xeyli ağıllı təsiri bağışlayan bu gənc fikirləri ilə zalda rezonans yaratmırdı. Hökm oxunanda belə kürəyini hakimə çevrən və verilən hökmün əhəmiyyətini nəzərə almayan cəsarətli hərəkəti ilə barışmaz olduğunu göstərirdi. Bunu görməmək mümkün deyil ki, gülə-gülə həbs təhlükəsinə meydan oxuyan bir nəsl yetişib. Heç kimdən imdad diləmir, kömək ummur və güzəştlər üçün dəyərlərini qurban vermir. Tamam fərqli bir gənclik selinin gəlməsindən qürurlanıram!
 
Həmin il ölkəmizdə mültikulturalizm ili kimi qeyd olunur. Müxtəlif forumlar keçirilir. Ali təhsil müəssisələrində mültikulturalizm adında fənnin də tədrisinə başlanılıb. Müxtəlif xalqların və etniklərin mədəniyyətlərinə dözümlü yanaşmağı təqdir edən və bunu bir ideya olaraq ictimailəşdirmək istəyən bir dövlətin öz vətəndaşının fərqli fikrinə görə aqressiyasına baxın.
 
Aborigenlə bərabər azsaylı xalqların fərqli mədəniyyətlərini və müxtəlifliyini sərgiləməsinə tolerant yanaşmağı hədəfləyən multikultural dəyərlərdən danışan bir ölkənin bütün strukturları sanki birləşərək bu gənci əzmək üçün hansı yalanlar uydurmurlar ki? Bir gəncin ömrünün 2 dəfə ali təhsil almağa bəs edən illərini necə oğurlamağı bacarırsız? Siz hansı qidaları qəbul edib bunca sadist davranışa sahib olmusuz? Siz belə ömürlərdən qızıl illəri oğurlamağı hansı hüquq kitablarından mənimsəmisiz? Siz belə donuq davranışı və soyuqqanlı hissiyatsızlığı necə mənimsəmisiz?
 
Qiyas kimi 100 minlərlə gənc nəinki heykələ, hətta hörmət göstərdiyi canlı varlığa belə qəddin əyməz. Bu da bu gənclərin düşüncə sistemi və seçim haqqı. Nə var, nə yox ki, bu gənc heykələ bütpərəsitlik etmir! Buna görə, onun həyatın zülmətə çevirmək lazımdır? Sizin bu orta əsr təfəkkürünüz haradan gəlir? Sizə niyə elə gəlir ki, bu ölkədə hamını xor oxutmağa nail olmalısız? Bu missiyanı siz müəyyənləşdirəndə niyə insanlara sosial varlıq kimi yox, vintcik kimi baxmısız? Niyə sizə elə gəlir ki, bu ölkədə ram edə bilməyəcəyiniz müqavimət istehkamı, alçalda bilməyəcəyiniz insan və silə bilməyəcəyiniz kitab qalmayacaq? Bu nə neqativ maksimalizmdir sizdə?
 
Doğrudan bu ölkədə absurdları ilə normal insanı təəcübləndirəcək nəsə qalmadı. Təəcübümlə bərabər, təkcə İlahi ədalətə inam bəsləmirəm. Hüququn doğracağı ədalətə çox milyonlu insanlar kimi çox ümidliyəm. Amma bir şeydən narahatam: ədalətin hələlik ləng yerişindən! Onun yerini tapması və ədalətsizliyi ədalətlə dəf edilməsi üçün cəmiyyətə yeni nümunələr, fərqli ədalət sistemi gətirmək lazımdır. Həddən artıq gecikən ədalətin özü də, ədalətsizlikdir. Çağdaş tarixi şərait bu ədaləti öz rəfinə qoymağa tələsməlidir.