​Heydər Əliyevin tərcüməçiliyindən hökumət rəhbərliyinə qədər... - Azərbaycanın yeni baş nazirinin HƏYAT YOLU

Baxış sayı: 
193
0  
0  

Milli Məclisin bu gün keçirilən iclasında Prezidentin Xarici məsələlər üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun Azərbaycan Respublikasının baş naziri olması təsdiqlənib.
 
Publika.az yeni baş nazirin dosyesini təqdim edir:
 
Novruz Məmmədov 1947-ci ildə martın 15-də Babək rayonu Şıxmahmudə kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub.
 
1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.
 
Novruz Məmmədov 1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb. 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləyib.
 
Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili üzrə tərcüməçisi olub. 12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2002-ci ilin yanvarında Prezidentin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib. 2005-ci ilin sentyabrından YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvüdür. Novruz Məmmədov 2007-ci ildə Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.
 
2009-cu ildə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri Legion Ordeni ilə təltif olunub.
 
13 mart 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib.
 
1 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiridir.
 
Azərbaycan Dillər Universitetinin fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir.
 
Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir.
 
Evlidir. Üç övladı və nəvələri var.

Загрузка...
Загрузка...