Hesablama Palatasının məmurlara qarşı “səlib yürüşü” - Gizlinlər açılır

 
 
Hesablama Palatası məmurlara qarşı “səlib yürüşü”nə başlayıb. Qurum fəaliyyətdə olduğu dövrdə ilk dəfə belə fəallaşıb. Palata son bir neçə ayda ayrı-ayrı dövlət qurumlarının, nazirliklərin, vəzifəli şəxslərin qüsurlarını açıqlayıb. Heç zaman olmadığı kimi dövlət məmurlarının korrupsiya faktları ifşa edilib
 
Politika.Az-ın analitik qrupu Hesablama Palatasının fəaliyyətinin arxasındakı gizlinləri təhlil edib.
 
Məlum olur ki, “Qaçqınkom” sədri Əli Həsənov, Su və Melorasiya Təsərrüfatı ASC rəhbəri Əhməd Əhmədzadə, Bakı meri Hacıbala Abutalıbov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və başqa nazirlərin maxinasiyaları açıqlanıb.
 
Onların rəhbərlik etdiyi qurumlarda vəsaitlərin qeyri-şəffaf xərclənməsi, statistik rəqəmlərin açıqlanması artıq mətbuatın araşdırma aparması zərurət qoymayıb. Bu günə kimi belə ifşaedici hesabatlara rast gəlinməyib.
 
Dövlət qurumlarının rəhbərləri də onların fəaliyyətindəki nöqsanları açıb-ağardan Hesablama Palatası qarşısında susudur, həmin faktlara dair heç bir reaksiya vermir, mətbuat səhifələrində münasibət bildirmirlər. Analitik qrup belə qənaətə gəlib ki, Palatanın fəallaşması bir neçə məmurun vəzifəsi ilə vidalaşmasına hesablanıb.
 
Politika.Az xəbər verir ki, hesabatların ictimailəşdirilməsi hansısa gözgörünməz gizli əlin diktəsi ilə həyata keçirilir. Hesablama Palatasının arxayış şəkildə fəaliyyət göstərməsi, nəticələr barəsində mətbuata press-reliz yollaması bu əməliyyatlarda hansısa incə planın işlədiyinə eyham vurur.
 
Bu mexanizm mərhələli şəkildə korrupsioner məmurların sıradan çıxarılmasını reallaşdıra bilər. Hakimiyyət artıq qocalmış və çürümüş bir idarəetmə sistemindən qurtulu yollarını axtarır. Dünyada gedən iqtisadi proseslər, qlobal siyasətin tələbləri və daxildəki narazılıq həmin məmurlardan qurtuluşa ehtiyac yaradıb.
 
Hüquqşünas Erkin Qədirli də bir neçə gün əvvəl açıqlamasında bu məsələyə xüsusi toxunmuşdu. Onun sözlərinə görə, referendumdan sonra vitse-prezidentlik institutunun təsisatı Nazirlər Kabinetində oturan bəzi odioz, korrupsiya bataqlığında çırpınan və rəhbərlik etdikləri sahələri uçuruma yuvarlayanların sonunu gətirə bilər.
 
Hakimiyyət onlarla bir yolluq qurtula da bilmir. Çünki təzyiq və təxribat etmək imkanları mümkün görünür. Bu baxımdan Hesablama Palatasının əli ilə ifşa edilən məmurlar tək-tək uzaqlaşdırılacağı gözlənilir.
 
Politika.Az-ın məlumatına görə, indiki nazirləri vəzifədən azad etmək heç də asan deyil. Bu, sistem içində əlavə risklər və təhlükələr yaradacaq. Amma yeni Prezident seçkilərindən sonra, onların hamısı istefada olmuş sayılacaq və bu halda onları yenidən təyin etməmək nisbətən rahat olacaq.
 
Bununla belə, indiki sistemin kliyentalist olduğunu nəzərə alsaq, hər bir nazir işini elə qurub ki, onun tabeliyində olanlar qanunlara deyil, şəxsən onun özünə (nazirə) sadiqdirlər. Neftin çox bahalı olan vaxtlarda belə sistem idari riskləri xeyli azaldırdı.
 
Amma indi, ucuz neft dönəmində, belə sistem əlavə problemlər və xərclər yaradır. Deməli, sağlam yanaşsaq, sistemi dəyişmək gərəyi getdikcə güclənir. Vitse-prezident vəzifələri bu sistemi içəridən yavaş-yavaş, dinc yolla dəyişməyin bir yolu ola bilər.
 
Örnəyi, indiki nazirlərin ən önəmli olanları növbədənkənar Prezident seçkilərindən sonra yenidən nazir vəzifələrinə təyin olunmurlar. Nazirlər Kabinetinin tərkibi tamamən, ya da əsasən yenilənir. Yeni nazirlər, özlərindən əvvəl uzun müddət nazir vəzifəsində çalışmış adamların qurduqları loyallıq sistemini birdən dağıda bilməyəcəklər.