Hesabat verən məmurların ölkəsindəki demokratiya - REPORTAJ (Fotolar - Video)

 
 
Media avtortetinin alqışları, bayraqlar çələngindəki üçrənglimiz, Ənvər paşanın nəvəsinin incə mesajı.
 
Gerçəkdən də jurnalistin tətili, istirahəti olmurmuş. Bir həkim təyyarədə, gəmidə, yolda, dağ başında həkim olaraq qaldığı və hər dəqiqə ehtiyacı olana yardım göstərdiyi kimi, jurnalist də olduğu bütün yerlərdə xoşxassəli “peşə xəstəliyi”ndən qurtula, yazı, xəbər olası olaylara etinasız yanaşa bilməz. Bunu ona müsaidə edən də yoxdur.
 
Baş redaktorumuzun Alanyadakı dostları sağ olsunlar, istirahətə gələn qonağın həm də bir jurnalist olduğunu unutmağa qoymurlar – jurnalistlər üçün maraqlı ola biləcək yerlərə aparırlar, maraqlı adamlarla görüşdürürlər, maraqlı və lazımlı informasiyalar verirlər.
Avqustun 27-də onların dəvəti ilə biz bir mükafatlandırma mərasiminə qatıldıq. Bir ilıq Ağ dəniz axşamıydı, Alanyanın möhtəşəm bulvarında (bu barədə ayrıca bir yazı yazılacaq), açıq havada kiçik musiqi qrupunun ifa etdiyi həzin və hit mahnılardan sonra yerli qəzetçilər cəmiyyətinn təşkil etdiyi mükafatlandırma mərasimi başladı.
 
Diqqətimi səhnənin arxasında vurulmuş böyük pano və ordakı şəkilin mərkəzində yer almış şəkildəki Azərbaycan bayrağı çəkdi. Yüz minlərlə türk bayrağının ortasında bir Azərbaycan bayrağı. Elə seçilirdi ki… Bu, həm də çox simvolikdir vəTürkiyənin ən ağır və ən şən günlərində Azərbaycanın Türkiyənin yanında olmasının göstəricisidir.
 
Mərasimdə 2015-ci ildə fərqlənmiş qəzetçilər, televizyaçılar mükafatlandırılacaqdı. Onların sırasında TRT rəhbəri Şenol Goke və Fox TV-nin məşhur aparıcısı İsmayıl Küçükkaya da vardı. Mərasimdə bələdiyyə başqanları, kaymakamlar, AKP, MHP və CHP-nin rayon təşkilatlarının sədrləri iştirak edirdi.
 
Alanyanın bələdiyyə başqanı Adəm Murat Yücə və Alanyanın kaymakamı Hasan Tanrısevənin təntənəli mərasimdəki geyimləri, davranışları, çıxışları diqqətçəkən idi. Birincisi, 300 min nəfərlik bir rayonun rəhbərləri gənc idilər. İkincisi, çox sadəydilər, geyimləri də yay mövsümünə uyğun idi – başqan ağ şalvar və tünd göy köynək geymişdi, mərasimə toplaşan qəzetçilərdən fərqlənmirdi, kaymakam isə tünd qırmzı şalvar və zolaqlı köynəkdəydi, üstəlik, tətilçilər kimi köynəyi də şalvarının üstündən buraxmışdı.
Hər iki rəsmi şəxs qısa və lakonik çıxışlar etdilər, demokratik cəmiyyətdə medianın önəmli rolunu vurğuladılar və bildirdilər ki, mediası azad və güclü olmayan heç bir ölkə demokratik və firavan ola bilməz.
 
Fox TV-nin xəbər aparıcısı İsmayıl Küçükkayanın gerçək bir media avtoriteti olduğu o, mərasim meydanına daxil olduqda ortaya çıxdı. Əsasən tənqidçi media kimi tanınan Fox TV-nin aparıcısı gurultulu alqışlarla qarşılandı, onu bələdiyyə başqanlarının, kaymakamların yanında oturtdular. Küçükkaya öz mükafatını alanda da, başqalarına mükafat təqdim edəndə də ona böyük iltifat göstərilirdi. Elə mərasimdən sonra qonaqların onunla şəkil çəkdirmək, salamlaşmaq üçün böyük bir növbə yaranması da bir xəbər aparıcısının, bir qəzetçinin hörmətinin göstəricisi idi. İ.Küçükkaya bu hörməti tərəfsiz jurnalistliyi, prinsipiallığı və hakimiyyətdə olan siyasi qüvvəyə yarınmaması ilə qazanıb.
 
Antalya Böyük Şəhər Bələdiyyəsinin başqanı Menderes Türel çıxışında fürsətdən istifadə edərək Antalya və Alanya üçün gördüyü işlərdən, həyata keçirdiyi və keçirəcəyi layihələrdən danışdı. Onun çıxışında belə bir nüans oldu: cənab Türel bildirdi ki, bütün bu layihələrin öz başqanlıq dönəmində həyata keçməsini, yarımçıq qalmamasını istəyir.
Bu, onun göstərir ki, Menderes Türel bu vəzifədə əbədi olmayacağını, bəlkə də bir sonrakı seçkilərdə seçilməyəcəyini bilir. Əslində o, nüfuzludur, xalqın rəğbətini qazanıb, ancaq seçilməmək ehtimalını da bir kənara qoymur və siyasətdə qalmaq üçün var gücü ilə çalışmalı olduğunu anlayır və dilə gətirir.
 
Bələdiyyə başqanlarının bu cəhəti olduqca təqdirəlayiq idi. Onlar kimin hesabına bu vəzifədə oturduqlarını bilir, onları seçib başa çıxaranların xidmətində durmalı olduqlarını anlayır və həmişə özlərini onlara borclu sayaraq xalqa hesabat verirlər. Məmurların jurnalistlərə sayğısı göstərir ki, adamlar medianın gücünü qəbul edir və onunla hesablaşırlar.
 Mənzərəni görəndən sonra aydın olur ki, Türkiyədə demokratiyanın məhv olduğunu düşünənlər əslində xeyli yanılırlar. Nə qədər ki, qardaş ölkədə azad media var, seçkilər demokratik və şəffaf keçirilir, bir-birinə rəqib olan partiyaların sədr və funksionerləri mərasimlərdə yanaşı oturur söhbətləşir, zarafatlaşır, bir-birinin xeyir-şərinə təşrif buyurur, o ölkənin demokratiyasına zaval gəlməz.
 
Mərasimdə hamımızın yaxşı tanıdığı Nuru paşanın qardaşı nəvəsi, Osmanlı dönəminin baş komandanı Ənvər paşanın doğma nəvəsi Osman Mayatepeki də gördük, görüşdük. Azərbaycandan gəldiyimizi dedikdə ağsaqqalın üzü işıqlandı, Azərbaycanı ziyarət etdiyini dedi və sonda böyük bir qürurla əlavə etdi ki, sizin xilaskar kimi tanıdığınız Nuru paşanı Bakıya, şəhəri ermənilərdən xilas etməyə onun babası Ənvər paşa göndərib.
Yəni beş Nuru paşadan danışanda bir də Ənvər paşadan danışın.
 
Alanya qəzetçiləri arasında Azərbaycanla əlaqəsi olanlar çoxmuş. Onlar da bizə yaxınlaşdılar, sayğı və hörmətlərini bildirdilər, Rauf Arifoğluna, Elşad Eyvazlıya, İmdad Əlizadəyə, Elşad Paşasoya salam göndərdilər.