Hektarlarla torpağı nəvələri üçün zəbt edən Millət vəkili

 
“Kimsə hektarlarla torpağı hasarlayıb əkmirsə, həmin torpaqlar alınaraq kənd təsərrüfatı üçün istifadə olunacaq”.
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib.
Millət vəkili xatırladıb ki, söhbət pay torpaqlarından getmir: “Bir ara belə fikir yaranmışdı ki, pay torpaqları geri alınacaq. Burada pay torpaqlarından söhbət getmir. 100, 200 və 1000 hektarlarla torpaq sahələri var ki, hasarlanıb və istifadə olunmur. Ölkə başçısı çıxışı zamanı bu məsələyə münasibət bildirib. Qeyd edib ki, zəbt olunan torpaqlar geri alınmalı, həmin sahələr mütləq əkilməlidir. Torpaqların əkilməsində məqsəd odur ki, ölkəmizdə bolluq yaransın. Kənd təsərrüfatı sahəsində bolluq yaranarsa, ərzaq təhlükəsizliyimizi təmin edə bilərik. Həmçinin xaricə məhsul da sata bilərik”.
E.Quliyev qeyd edib ki, hazırda ölkəmizdə əkinə yararlı torpaq sahələrinin sayı azdır: “Nə üçün əkinə yararlı min hektarlarla ərazi çəpərlənərək saxlanmalıdır? İnsanlar var ki, bir neçə sot torpaq axtarır ki, əksin, becərsin. Bəziləri isə torpaqları hasarlayıb əkmir. Kimsə hektarlarla torpağı alıb, nəvəsi üçün qoruyur. Bu, düzgün deyil. Torpaqları əkmək lazımdır. Bununla kəndlərdə işsizlik problemi də həll olunar”(AzVision.az).
Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 12-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlər ilə görüşündə bu məsələyə toxunub. Ölkə başçısı bildirib ki, zəbt edilən torpaqlar geri alınacaq.
“Əgər əlindən alınmağını istəmirsə əkib-becərsin, həm özü pul qazansın, həm də ki, insanlara xeyir versin. Ancaq o torpaqları zəbt edənlər görünür, maraqlı deyillər ki, orada nəsə iş görsünlər. Görünür, onların pulu o qədərdir ki, o torpaqlardan pul qazanmaq fikrində deyillər. Ona görə bu proses davam edəcək. Çünki bu gün kənd təsərrüfatında gedən proseslər artıq öz bəhrəsini verir. Biz pambıqçılığı bərpa etmişik. Hava şəraitinin pisləşməsinə baxmayaraq, – oktyabr ayında aramsız yağışlar yağırdı, qoymurdu ki, məhsul yığılsın, – bu il 60 min ton, yəni, keçən illə müqayisədə iki dəfə çox pambıq tədarük edilib. Amma hələ ki, yığım gedir və biz istədiyimiz rəqəmə çatacağıq. Gələn il isə 250 min ton, bəlkə də 300 min ton pambıq yığılacaq. Biz pambıqçılığın şöhrətini qaytaracağıq.
Gələcəkdə bizim planlarımız ondan ibarətdir ki, hər bir rayon özünü təmin edə bilsin. Yəni, bu gün rayonların bir çoxu dotasiya ilə yaşayır. İndi Azərbaycan dövlətinin gücü, maddi imkanları var, biz bunu edirik və edəcəyik. Ancaq hər bir rayon çalışmalıdır ki, öz hesabına yaşasın. Buna imkan var”, – deyə prezident vurğulayıb.