"Heç vaxt heç kəs məni inandıra bilməz ki, Ayaz Mütəllibov Xocalını qəsdən qırğına verdi"

Baxış sayı: 
280

 
 
“Qüds də mənim üçün Qarabağ qədər əzizdi...”
 
Ötən ilin bu günlərində (23 dekabrda) ömür-gün yoldaşını itirmiş, yaşı 70-ə varan, artıq ağsaqqal məsləhəti verməli olan  milli azadlıq hərəkatının liderlərindən biri İsgəndər Həmidovla görüşüb hal-əhval tutduq. 1988-ci ildən bəri Meydan hərəkatının, Qarabağ savaşının od-alovundan keçmiş, 9 ilə yaxın zindan həyatı yaşamış İsgəndər bəy üçün son bir ilin daha ağır bir sınaq olduğunu anladıq... 
Adətən keçmiş daxili işlər naziri, bozqurd, Milliyyətçi Demokrat Partiyasının lideri kimi tanıdığımız İsgəndər  Həmidov  hazırda ictimai-siyasi  fəaliyyətini əsasən Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) üzvü  kimi davam etdirir.
 
Moderator.az bu qeyri-adi müsahiblə indi xalqı daha çox maraqlandıran ən müxtəlif suallar ətrafındakı söhbətimizin ən maraqlı məqamlarını diqqətinizə çatdırır:
 
(Müsahibənin əvvəlki hissələrini bu linkdən tapıb oxuya bilərsiniz: http://www.moderator.az/news/204788.html)
 
-İsgəndər bəy, bəzən xalqa belə fikirlər də təlqin olunur ki, Qarabağın azadlığı üçün qəti müharibəyə başlasaq, Rusiya qoymayacaq, nə bilək, Qərb imkan verməyəcək və s. Gözəl bilirsiniz ki, Mustafa Kamal Atatürk Avropanın 13 dövlətinin ordularının  mühasirəsində dağılmış, parçalanmış,  nə nefti, nə qazı, nə pambığı olan aciz Türkiyəni səfərbər etməklə xalqın ruhunu oyatdı. Əmr verdi ki, bütün tacirlər gəlirlərinin 40 faizini orduya verməlidir, hər bir vətəndaş ordu üçün əlindən gələni etməlidir. Və qəti savaşa girdi. Yüz minlərlə şəhid verdi, amma zəfər çaldı.... Bəlkə elə Qarabağın açarı da  nə Rusiyada, nə Amerikadadır, yalnız neft-qazla milyardlarla gəlir əldə edən Azərbaycan dövlətinin, xalqının bir yumruq kimi, var gücü ilə, bütün potensialıyla səfərbər olunmaqla savaşa atılmasındadır?
 
-Napoleona sual veriblər ki, müharibə etmək üçün nə lazımdı.  Cavab verib ki, 3 şey lazımdı. Deyiblər, nədir birinci şey. Deyib ki, pul. İkinci də- pul, üçüncü də -pul. Amma yalnız pul hər şeyi həll etmir. Pulun olub ruhun, qeyrətin, təpərin olmasa, təbliğatı düzgün qurmasan,  qalib gələ bilməzsən. Biz təbliğatı işə salmalıyıq...
 
Vətən uğrunda savaşmış, əlil olmuş, şəhid olmuş oğul-qızlara, onların ailələrinə münasibət bir neçə nəfərə reklam xatirinə edilən yardımla, dəstəklə bitməməlidir.  Bu münasibət səmimi olmalıdır. Neft-qaz ölkəsində  müharibə əlilinin dolanışıq ucbatından özünü yandırmasına imkan vermək olmaz...  
 
Bəli, çox doğru vurğuladınız, Atatürk 13 dövlətin əhatəsində özünün və xalqının ruhu, əzmi, Allaha imanı, səbri, iradəsi hesabına qalib gəldi. Çanaqqalada 250 min şəhid verdi, ancaq zəfər çaldı. Səhv etmirəmsə, Fransanın səfiri  Atatürkə qonaq gəlir. Türk ofisiant qəhvə gətirir. Atatürkün zəhmindən əli əsir, aşırdır səfirin şalvarını batırır. Hamı gözləyir ki,  Atatürk nə deyəcək. Türkiyə lideri  deyir ki, bu millətə, hər şey öyrətdim, yalnız nökərçiliyi öyrədə bilmədim. Yəni Atatürk türklərin ruhunu, qürurunu oyadıb ayağa qaldırdı və yoxsul, əliyalın xalq Qərbin  azman dövlətləri qarşısında baş əyməyib qalib gələrək öz dövlətçiliyini qorudu...Hətta döyüşlərdə bəzən Türkiyə əsgərlərinin yarısının silahı olmayıb, silahsızıar, şəhid olan yoldaşlarının silahlarını götürüb hücumu davam etdiriblər...
 
Sözsüz ki, Azərbaycan xalqı da bu gün düzgün səfərbər olunsa, qısa müddətdə qalib gəlib torpaqlarını azad edə bilər. Aprel döyüşlərindən qalxan və təəssüf ki, sonra öldürülən ruh yüksəkliyi də bunu sübut etdi...
 
-Bir az keçmişə qayıdaq, Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov son müsahibələrindən birində belə bir fikir söyləyib: İsgəndər Həmidov bir açıqlamasında deyib ki, biz AXC liderləri bəzi məsələlərə görə Mütəllibova qarşı haqsızlıq etmişik...
 
-Mütəllibov sağ olsun ki, mənim o sözümü xatırlayıb.  Mən o fikri də demişəm ki, Mütəllibov kifayət qədər demokrat adam idi. Ona görə ki, heç olmazsa, onun dövründə 25 müxalifətçi buraxılmışdı parlamentə. İkincisi, Mütəllibovun bir üstünlüyünü də mən onda görürəm ki, o öz vətəndaşlarının qanını tökmədən hakimiyyətdən çəkildi. Amma Mütəllibovdan danışanda Xocalı faciəsi də gözümün önünə gəlir. O, müsahibələrində deyir ki, mən Şuşa və Laçının işğalına imkan verməyəckdim, Xalq Cəbhəsi qoymadı. Artıq yaşlı adamdı, onun haqqında çox tənqidi fikir söyləmək istəmirəm.
 
- Xocalı faciəsinin törədilməsində Mütəllibovun günahını nədə görürsüz?
 
- Heç vaxt heç kəs məni inandıra bilməz ki, Ayaz Mütəllibov Xocalını qəsdən qırğına verdi... Amma o, prezident kimi Xocalının müdafiəsini təşkil etməli idi. Və əgər xatırlayırsınızsa, Xocalı faciəsinin ertəsi günü hökumətin rəsmi informasiya agentliyi  xəbər vermişdi ki, Xocalıda cəmi bircə nəfər həlak olub. Və dünya da ilk gündən bu faciəni soyqırım kimi yox, bir nəfərin öldüyü hadisə kimi  qəbul etdi.  Bu məsələdə də Mütəllibovu günahkar sayıram...
 
- Mütəllibov isə müsahibələrində deyir ki, Xocalı haqda informasiyann necə verilməsindən xəbərim  olmayıb...
 
- Yox, doğru demir. O zaman mən DİN-də idarə rəisi idim. Rəhmətlik nazir Tofiq Kərimovdan soruşdum ki, sən niyə çıxış edib Xocalıda guya bircə nəfərin ölməsi haqda məlumat vermisən? Dedi ki, göstəriş belə olub...
 
- Bəs 1991-ci il Çaykənd əməliyyatı Ayaz Mütəllibovun uğuru deyildimi?
 
- Düzdü, həmin vaxt ölkə rəhbəri Mütəllibov idi. Amma Çaykənd, Todan,Manaşid və s. kəndlərin erməni quldurlarından azad olunmasında 3 şəxsin böyük rolu olub:  Vaqif Hüseynov, Məhəmməd Əsədov və İsmət Qayıbov. Bunu inkar etmək Allahsızlıq olar. Həmin əməliyyatlarda mən də iştirak etmişdim. Bunun şahidi olmuşam... Nə yolla olsa da, sovet ordusunun köməyi ilə olsa da, lap Moskvanın Mütəllibova divident qazandırması məqsədi ilə olsa da, neçə kəndimiz erməni terrorçularından təmizləndi... Belə şeyləri mən alqışlayıram...
 
- Mütəllibov onu da deyir ki, Xocalıdan sonra mən AXC liderləri ilə görüşəndə dedim ki, imkan verin, Qarabağ məsələsini həll edək, torpaqları ermənilərdən azad edək. Sonra yenə də seçki keçirər, hakimiyyət məsələsini həll edərik. Siz hələ cavansınız gələcəyiniz irəlidədir...
 
- Xeyr. Mən belə bir görüşdə iştirak etməmişəm. İkincisi də Mütəllibov deyir ki, guya onu martın 5-6-da istefaya məcbur ediblər. Bu da doğru deyil. Kim məcbur edə bilərdi? Əgər kimsə prezidenti nəsə etməyə məcbur edirsə, deməli, prezident yerində deyil... Həmin vaxt Mütəllibov konkret kiminlə görüşübsə, qoy açıq desin. Mən Mütəlibov hakimiyyətdə olanda 2-3 dəfə görüşmüşəm, hal-əhval tutmuşam, başqa təkliflər vermişəm ona. Hətta  bir dəfə təklif etdim ki, Ayaz müəllim,  idman nazirini idmançı qoysanız, yaxşı olar. Soruşdu ki,  kimi təklif edirsən. Dedim ki, dünya çempionu Məhyəddin Allahverdiyevi. Mütəllibov ertəsi gün onu nazir təyin etdi. Düzü, heç mən gözləmirdim. Belə şeyləri dana bilmərəm...Amma bir nöqsanı da vardı ki, bəzən dediyi şeyin üstündə durmurdu...
 
Nə isə. Çox şeylər demək olar. Amma yaşlı adamdı, Allah canını sağ eləsin,. Bir az da düşünsün ki, ona əsl pislikləri kimlər edib...
 
- Siz həm də bir ibadət əhlisiniz. Bir müsəlman siyasət adamı kimi Qüds məsələsinə necə yanaşırsız? Bəzi liberal düşüncəlilər deyir ki, biz bu işə qarışmamalıyıq, İsraillə münasibətləri pozmamalıyıq...
 
-Mən Qüds məsələsini Qarabağ məsələsi ilə eyniləşdirirəm. Mənim üçün Qüds də Qarabağ qədər əzizdi... Mənim heç bir ərəb dostum yoxdur. Amma kifayət qədər yəhudi dostum  var, vaxtilə Bakıda yaşayıb köçənlər və s. Bizim İsrail dövləti ilə də problemimiz yoxdur. Ancaq gerçəkliyi demək lazımdır... Qüds də işğal edilib və paytaxt elan edilib.  Dağlıq Qarabağ da işğal olunub, Xankəndi paytaxt elan edilib- fərqi nədir... O düşüncəli insanlara deyirəm, biz geri çəkildikcə üstümüzə gələcək və nəinki bütün torpaqlarımızı, hər şeyimizi əlimizdən alacaqlar. Qüds Fələstinin paytaxtıdır, Fələstin işğal olunub. BMT-nin də düz 50 ildir ki, 20-yədək  qərarı var ki, azad olunsun, ancaq azad edilmir. Eləcə də Dağlıq Qarabağla bağlı BMT-nin 4 qətnaməsi var-  25 ildir heç biri icar olunmur... Əgər biz bu gün Qüdsün Fələstinin əlindən alınmasıyla razılaşırıqsa, Qarabağaın Azərbaycanın əlindən, Abxaziyanın, Osetiyanın Gürcüstanın, Krımın, Donbasın Ukraynanın əlindən çıxmasıyla da  və s. razılaşırıq.  Həm də axı bir Allah haqqı var... Qüds - 3 səmavi dinin dəyərlərinin birləşdiyi tolerant bir şəhərdir. Ərəb xilafəti dövründə ərəblər, sonra da Osmanlı dövləti 600 il Qüdsü nəzarətdə saxladı, heç bir ayrıseçkilik etmədilər və heç bir qarşıdurma, problem yaranmadı Fələstinlə, Qüdslə bağlı.. Amma bu gün Qüdsü İsrailin paytaxtı elan etmək ilk növbədə haqqın itirilməsidir. Kim necə düşünür-düşünsün, bunlar mənim birmənalı mövqeyimdir... Bu günlərdə Milli Strateji Düşüncə Mərkəzinin iclaslarından birini Qüds məsələsinə həsr etmək istəyirik. Eyni mövqeni orada da açıqalayacam...
 
-Azərbaycanda bəziləri deyir ki, İslam ərəblərin dinidir, onun bizə aidiyyatı yoxdur...
 
-Belə deyən insanların ya Qurandan xəbəri yoxdur, ya da bilərəkdən belə düşüncələri yaymaqla müsəlmanları parçalamağa çalışır. Quranda da buyurulur ki, Məhəmmməd Peyğəmbər(s) bütün bəşəriyyətə göndərilmiş bir peyğəmbərdir. Eyni zamanda Peyğəmbərimiz(s) buyurur ki, türklərə söykənin, İslam türkə dayananda zəfər çalacaq. Əsl millətçi, həm də islamçıdır. Onu da unutmayaq ki, bizim üçrəngli bayrağımızın yaşıl rəngi də İslam rəmzidir...
 
Kimsə təhqir kimi qəbul etməsin, İslamdan qaçan adamı ulduza hürən ağılsız itə bənzədirəm...
 
-Yəni belə çıxır ki,  islamçılıq türkçülüyə heç bir maneə törətmir...
 
-Əksinə, islamçılıq, müsəlmanlıq türklüyü, türkçlüyü daha da gücləndirir. Həm də ona görə ki, “Allahu əkbər” sədası mübarizə və savaşlarımıza daha da  mətinlik, dözüm gətirir. Bunu Osmanlı tarixi də, Azərbaycan tarixi də, son Qarabağ döyüşləri də sübut edir... Seyid Mübariz İbrahimov kimi Azərbaycan oğulları da bunu sübut etdi... Amma Qarabağın işğal olunmasının səbəblərindən biri də o oldu ki,  əkəsriyyətimizin Allaha inancı  zəif oldu, imanımız da kamil olmadı...
 
-Müsəlmanlıqdan söz düşmüşkən, ibadətiniz necə keçir?
 
- Həmişəki kimi davam edirəm. Həyatın ağrı-acısını unutduğum an ibadət etdiyim anlar olur... Dualarımda bütün vətənpərvər soydaşlarımız kimi Qarabağımız, şəhidlərimiz haqda dualar edirəm.  Və o anlar həyatımınn bütün ağrı-acısın unutdurur mənə.. Mən qulun qulu olmaq istəmirəm, mən Allahın qulu olmaq yolunu seçmişəm. Mən nə “Allahu əkbər” deyərək günahsız insanların başlarını kəsənlərin tərəfdarıyam, nə də İranda, Ərəbistanda dini siyasi rejim vasitəsinə çevirənlərin tərəfdarıyam. Mən Quranda yazılan, Peyğəmbərimizin(s) söylədiyi gözəl əxlaqi dəyərlərin, çağırışların tərəfdarıyam...
 
- İsgəndər bəy, ömür boyu neçə hakimin, müstəntiqin, jurnalistin və s. minlərlə sualına cavab vermisiz. Bəs hamımızın Allah qarşısında dayanacağı Axirət günü daha çox hansı suala cavab verə bilməməkdən ehtiyat edirsiz?
 
-Mən nə qədər ibadət edirəm, nə qədər dua edirəm. Elə bilirəm ki, bunlar azdı günahlarım müqabilində... Və birdən kimsə məni hədələyəndə deyirəm ki, sən məndən nə alacaqsan, bir dənə bu vücudumu alacaqsan, ruhum Yaradanın yanın gedir, qoy O bağışlaısn məni. Məkkədə, Həcc ziyarətində dua edəndə başımı səcdəyəm oyub deyirdim ki, ya Rəbbi sən böyüksən, etdiyim günahları ömrümdən çıx. Mənə nəsib et ki, bundan sonra əsl mömin kimi yaşayım.
 
Yəni günahsız bəndə yoxdur. Mənim də bilərəkdən-bilməyərəkdən, cavanlıqda etdiyim xeyli günahlar var. Amma Qurani-Kərimdə deyilir ki, siz böyük günahlar etməyin, Allah kiçik günahlarınızı bağışlayar. Çalışıram ki, böyük günahlar etməyim... 30 ildir ibadət edirəm.Həmin 30 ili bir tərəfə ayırıram. Ondan əvvəlkini digər tərəfə...Allah-Təala bu 30 ili mənim həyatıma yazsın, o 40 ili isə mənə bağışlasın... Həmişə dua edirəm ki, Allah o 40 ildə etdiyim günahlar barədə   mənə sual verməsin...Qoy Allah hamımızı Axirət günü əməl dəftəri sağ tərəfdən verilənlərdən etsin...
 
Söhbətləşdirlər:Zülfüqar Hüseynzadə,
Sultan Laçın.

Загрузка...
Загрузка...