“Hədəfdə bədbəxt fransızlardır” – Zərdüşt Əlizadə terrorun səbəblərini AÇIQLADI

“Fransa və Avropanın başqa ölkələri terrorun hədəfindədir. Çünki onlar Yaxın Şərqdə anti-terror əməliyyatında çox fəal iştirak edirlər. Yəni, sən məni vurursan, mən də səni. Azərbaycan dilində belə bir söz var; söymə nökər dədəmi, söyməyim bəy dədəni. Məsəl budur. Burda başqa bir şey yoxdur”.
 Bunu Teleqraf.com-a açıqlamasında siyasi ekspert Zərdüşt Əlizadə bildirib.
Fransada törədilən terror aktı barədə fikirlərini bölüşən Z.Əlizadə qeyd edib ki, terroru doğuran səbəblə deyil, nəticələrlə mübarizə aparılırsa, bunun bir faydası yoxdur: “Əgər Qərb dünyası ciddi şəkildə terroru aradan qaldırmağı fikirləşirsə, o zaman ilk növbədə terroru doğuran ədalətsizliyi ləğv etməyə çalışmalıdır. Cəhd etsin ki, özünün dəvət etdiyi, çağırdığı, moizə etdiyi ədalət, qanunun aliliyi, müstəqil məhkəmə, insanların bərabərliyi, dinlərə hörmət kimi məsələlər həqiqətən gerçək məfhumlar olsun. Nə qədər ki, onlar, transmilli şirkətlər üçüncü dünya ölkələrinin xalqlarının sərvətlərini qarət edəcək, öz qoşunlarını yeridib beynəlxalq hüququ pozaraq xarici dövlətlərə hücum edəcək, məzlum müsəlman dünyasını istismar edəcək və islam dünyası daxilindəki müstəbidləri müdafiə edib öz ciblərini dolduracaqlar, bir o qədər də bu terror hadisələri davam edəcək.
 Əlbəttə, bunu edənlərin bir hissəsi həm də Qərbin xüsusi xidmət orqanları ilə sıx əlaqəli insanlardır. Heç kim üçün sirr deyil ki, “Taliban”, “Əl-Qaidə” yarananda da Qərb onları dəstəkləyirdi. İŞİD də Qərb təlimatçılarının köməyi ilə ərsəyə gətirilib. Yaradırlar, sonra başlayırlar mübarizə aparmağa. Fransa da dünya müsəlmanlarına qarşı ədalətsiz mövqeyini bir qədər dəyişsə yaxşı olar. Çünki son nəticədə hədəfdə bədbəxt, sadə fransızlar olur”.
Terror aktlarının son vaxtlar genişlənməsinin səbəblərinə dair sualımızı cavablandıran Z.Əlizadə Qərbin də terrora qarşı mübarizəsinin daha geniş vüsət aldığını vurğulayıb: “Fikir verin, son 10-12 ildə hədəfdə hansı ölkələrdir. Qərb İraqı, Liviyanı, Yəməni, Suriyanı dağıtdı. Nəticədə də terror dalğasının güclənməsini qazanır. Yəni, terrorun genişlənməsi Qərbin bu ölkələrlə bağlı yürütdüyü siyasətlə bilavasitə bağlıdır.
 Transmilli şirkətlərin son 15-20 ildəki artan sərvətlərinə fikir verin, bunun da təsiri var. Nə qədər ki, onlar çox qazanır, qarət edir, ciblərini doldurur, Qərbin milyarderləri bəh-bəhlə yaşayırlar, bir o qədər də terror dalğası davam edəcək. Terroru doğuran ədalətsizlikdir. Terror ədalətə ümidini itirən insanların məyusluqdan əl atdıqları əbləh, axmaq bir çıxış yoludur”.
Z.Əlizadə onu da bildirib ki, Üsəma bin Ladenin ailəsi Buş ailəsi ilə ən sıx iş ortağı idilər: “Onlar tikinti, neft və ticarət sahəsində sıx iş ortağı idilər. 11 sentyabr hadisəsindən sonra Amerikan hökumətinin gördüyü ilk iş bin Laden ailəsini yığışdırıb Amerikadan köçürmək oldu. Bununla onların təhlükəsizliyinə təminat yaratmış oldu. Onlar – ben Laden ailəsi də bir deyil, beş deyil, at ilxısı, köpək sürüsü idilər”.