HƏBSDƏN YENİ ÇIXMIŞ MÜXALİFƏTÇİ FƏAL NAMƏLUM ŞƏXSLƏR TƏRƏFİNDƏN DÖYÜLÜB

         
 
21 sentyabr 2016-cı il tarixində həbsdən çıxmış AXCP fəalı Xəyal Mehdiyev 23 sentyabr 2016-cı il tarixində axşam saatlarında naməlum şəxslər tərəfindən döyülüb. Belə ki, X.Mehdiyev axşam saatlarında yaşadığı ünvana piyada getdiyi zaman qara rəngli nömrəsi məlum olmayan “Mercedes” markalı maşın ona yaxınlaşaraq adını soruşmuş, daha sonra maşından düşən 3-4 nəfər idmançı görkəmli şəxslər ona yaxınlaşaraq onu zorla maşına mindiriblər. Həmin şəxslər X.Mehdiyevi şəhərdən kənara ucqar bir yerə aparmış, orada ondan nəyə görə gəncləri mitinqlərə cəlb etdiyini və qarşıdan gələn referendumun əleyhinə insanlar arasında təbliğat apardığını soruşmuşlar. AXCP fəalı X.Mehdiyev mitinqə qatılmaq, mitinqlərə gəncləri cəlb etmək və referendumun əleyhinə təbliğat aparmaq onun hüququ olduğunu, buna görə kiməsə hesabat verməli olmadığını bildirmiş və həmin şəxslərin kimliyini soruşmuşdur. Həmin şəxslər isə X.Mehdiyevi nalayiq ifadələrlə təhqir etməyə başlayıblar. Onların bu hərəkətlərinə reaksiya verən AXCP fəalına qarşı həmin şəxslər hücum edərək döyməyə başlamış, X.Mehdiyevi, onun təmsil olunduğu təşkilatı və rəhbərliyini təhqir edərək bildiriblər ki, aksiyalara qoşulacağın halda başına oyun açacağıq, digər dostların kimi səni də şərləyib türməyə soxacağıq. Onlar həmçinin AXCP fəalından mitinqlərə qoşulmamağı, gəncləri mitinqlərə cəlb etməməyi, insanlar arasında mitinqlərə çağırış vərəqələri paylamamağı və təmsil olunduğu partiyadan istefa verməyi tələb ediblər. Eyni zamanda 26 sentyabr tarixində keçirilməsi nəzərdə tutulan referendum günü hər hansı bir qaydada adının çəkiləcəyi təqdirdə başına oyun açılacağı və digər dostları kimi şərlənərək həbs olunacağı ilə bağlı son xəbərdarlıq ediblər. Həmin şəxslər X.Mehdiyevi şəhərdən ucqar yerdə köməksiz vəziyyətdə buraxaraq oradan uzaqlaşmışlar. X.Mehdiyev öz yaxınları ilə əlaqə saxladıqdan sonra xəstəxanaya aparılmış, xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.  
Xatırladaq ki, X.Mehdiyev Milli Şuranın 11 sentyabr 2016-cı il tarixli “Talana son!” və “Monarxiyaya yox!” şüarı ilə keçirilməsi nəzərdə tutulan mitinqlə bağlı broşuralar paylayarkən saxlanılmış və barəsində 10 gün inzibati həbs qərarı çıxarılmışdı.