Həbsdəki MTN generalınının vəkili telefon ötürmək söhbətindən danışdı: “Mən axmaq deyiləm…”

Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generallarının vəkili barəsində yazılanlardan danışıb. MTN-nin hazırda həbsdə olan generalları Akif Çovdarov və Teymur Quliyevin vəkili Arif Rəsulov onlardan birinə mobil telefon vermək istəyərkən saxlanılması və barəsində cinayət işi açılması barədə musavat.com-a açıqlama verib.
Vəkil A.Rəsulov barəsində yazılanların doğru olmadığını dedi: “Cinayət işi kimin barəsində açılırsa, həmin şəxs çağırılır və ifadəsi alınır. Sonra məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilir və ona qarşı ittiham elan edilir. Bəs necə cinayət işi açılıb ki, mənim xəbərim yoxdur?”.
Vəkil 15 gün əvvəl Bakı İstintaq Təcridxanasında olarkən üzərində mobil telefonun tapılması xəbərini təsdiqləyib. Lakin vəkil bunun səbəbini unutqanlıqla izah edib: “Həmin gün istintaq hərəkəti ilə bağlı müstəntiq tərəfindən dəvət olunmuşam. Telefon isə üstümdə olub. Bunun da səbəbi unutqanlıq olub. 20 ildir işlətdiyim nömrəmdir. Mən axmaq deyiləm ki, aparıb həmin nömrəm olan telefonu məhkuma verim. Həmin zaman mən heç məhkumu görməmişdim. Gözləyirdim ki, məhkumu gətirəcəklər”.
Xatırladaq ki, Bakı İstintaq Təcridxanasında MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyevlə görüş zamanı vəkil Arif Rəsulovun üzərinə baxış keçirilərkən onda mobil telefon aşkarlanması ilə bağlı məlumat yayılmışdı. Həmçinin vəkil barəsində Cinayət Məcəlləsinin 317-1.2-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi, eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlandığı qeyd olunurdu.
Lakin 13 saylı hüquq məsləhətxanasının rəhbəri olan vəkil A.Rəsulov barəsində yazılanların həqiqət olmadığını deyir: “Mən hər gün həbsxanalara ayaq basıram. Uşaq deyiləm ki, cibimdə telefonla gedim. Telefonun üstümdə qalmasının səbəbini də izah etdim”.
Mətbuatda A.Rəsulovun Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin yaxın adamı olması haqda da məlumatlar yer alır. Vəkil “Mahmudov-Çovdarov” qruplaşması ilə əlaqəsinin olması haqda yazılanların yalan olduğunu qeyd etdi.
Onu da əlavə edək ki, MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev “Mahmudov dəstəsi”nin ən əsas fiqurlarından biridir. T.Quliyevin “MTN çetesi”nin bütün əməllərindən xəbərdar olduğu, bütün danışıqların, telefon dinləmələrin məhz onun rəhbərliyi ilə həyata keçirildiyi qeyd edilir.
Tanınmış hüquqşunas Aslan İsmayılov A.Rəsulov barəsdinə yazılanlara münasibət bildirib.
Aslan İsmayılov öz feysbuk səhifəsində A.Rəsulovun sıradan bir vəkil olmadığını və keçmiş MTN-lə əlaqələrinin olduğunu açıqlayıb.
“İstənilən qanunsuz, ədalətsiz idarəetmə sistemi çürüməyə məhkumdur və bu proses dayaqların məhv edilməsindən başlayır. Bakı İstintaq Təcridxanasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyevlə görüş zamanı vəkil Arif Rəsulovun üzərinə baxış keçirilərkən mobil telefon aşkarlanıb və barəsində Cinayət Məcəlləsinin 317-1.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Arif Rəsulovun kim olduğunu bilməyənlər üçün izah edirəm ki, bu şəxs sıradan bir vəkil deyil. A.Rəsulov Vəkillər kollegiyasının Rəyasət Heyətinin sədri Azər Tağıyevin ən yaxın adamı, sirdaşı, məsləkdaşı olmaqla bərabər 13 saylı hüquq məsləhətxanasının müdiri və Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədridir. Məhz bu şəxs vasitəsi ilə peşəsinə vicdanla yanaşan onlarla vəkil öz işindən məhrum edilib.
Arif Rəsulovun keçmiş MTN-nin ən odioz fiqurlarından birinə, bəzi şəxslərlə əlaqə yaratmaq üçün, qanunsuz telefon keçirməsini də hansısa maddi maraqla əlaqələndirməyin də əleyhinəyəm. Baş vermiş hadisə Vəkillər Kollegiyasının rəhbər şəxslərinin keçmiş MTN-lə çox sıx əməkdaşlığının sübutudur. Yaşlı nəsil Azər Tağıyevin özünün də keçmiş MTN (sovet hakimiyyəti illərində Dövlət Təhlükəsizlik Komitəsi) ilə əlaqəli olması, SSRİ-nin son illərində DTK tərəfindən idarə olunan, adı çoxlarına bəlli olan ictimai təşkilatın rəhbəri olması barədə söhbətlərdən xəbərdardır”- deyə A.İsmayılov qeyd edib.