Həbsdəki MTN generalının ...həbs etdirdiyi mütəxəssisin məhkəməsi keçiriləcək

Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə MTN-in Anti Terror Mərkəzinin (ATM) əməkdaşları tərəfindən həbs olunan Abbasoğlu Nəriman İsrafil oğlunun barəsindəki hökmdən verdiyi kasasiya şikayətinə baxılacaq.
N.Abbasoğlu 2012-ci ildə ATM əməkdaşları tərəfindən həbs olunub. Barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrumetmə cəzası çıxarılıb.
N.Abbasoğlu “Eurovision-2012" mahnı yarışması ərəfəsində prezidentə sui-qəsdə cəhdə hazırlıqda, MTN polkovnikini öldürməkdə və digər ağır cinayətlərdə ittiham olunan 29 nəfərlik dəstənin üzvü kimi məhkəmə qarşısına çıxarılıb.
N.Abbasoğlunu 10 il müddətinə azadlıqdan məhrum ediblər.
Maraqlı məqam odur ki, N.Abbasoğlu günahsız olduğunu iddia edir və həbsində ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin rəisi, hazırda həbsdə olan general Elçin Quliyevi ittiham edir.
N.Abbasoğlunun anası N.Əsgərova bildirir ki, “Üns” teatrının redaktoru olan oğlu 6 aprel 2012-ci ildə ATM-in sabiq rəisi, general Elçin Quliyevin sifarişi ilə mənzilində qanunsuz axtarış aparıldıqdan sonra həbs olunub.
“General Elçin Quliyevin bu əməlləri CM-nin 309-cu (vəzifə səlahiyyətini aşma) və 302-ci maddələrində (əməliyyat-axtarış tədbirlərinin əsaslar olmadan keçirilməsi, şəxsin hüquq və mənafelərinə pozulmasına səbəb olduqda) qanun pozuntusu kimi təsbit olunub. MTN Baş İstintaq İdarəsinin şöbə müdiri Mahir Qasımovun başçılığı ilə aparılan istintaqda Nəriman Abbasoğluna qarşı cinayət tərkibli heç bir faktın olmaması səbəbindən müstəntiq M.Qasımov dindirilmə prosesi zamanı güc tətbiq edib. İfadə almaq prosesi N.Abbasoğlunun sağlamlığına xəsarət yetirməklə nəticələnən, xüsusi qəddarlıqla yerinə yetirilən işgəncələrlə müşahidə olunub. Bununla istintaq qrupu AR CM-nin 293.2 maddəsində (işgəncə yolu ilə ifadə verməyə məcbur etmə) göstərilən qanun pozuntusuna yol verib. N.Abbasoğlunun cinayət işi cinayət tərkibi olmadan “çiy” halda tamamlanıb. Bu da müstəntiq M.Qasımovun ittiham aktının gələcəkdə heç vaxt araşdırılmayacağına hesablanmış addım idi. Sübutların saxtalaşdırılması isə AR CM – nin 294-cü maddəsinə görə “Ədalət mühakiməsi əlehinə olan cinayət” sayılır. Sifarişli əməliyyatların sonucu adətən Bakı Cinayətlər Məhkəməsində Əfqan Hacıyev və onun hər dəfə sədrliyi dəyişən hakimlər komandası tərəfindən tamamlanır” - deyə Nəsibə Əsgərova bildirir: “Oğlumun günahı olmasa da, silahlı birləşmədə iştirak etmə, silah saxlama, terrora hazırlıqda günahkar bildilər və 5 ilini qapalı rejimdə cəza çəkməklə 10 il azadlıqdan məhrum etdilər. Möhtərəm cənab Prezident! Xahiş edirik, vəzifəli şəxslər törətdikləri əməllərə görə cəzasını alsın, bu əməllərdən zərərçəkmiş N.Abbasoğluna bəraət verməklə ədalət bərpa olunsun. Ən azından, 14 aprel 2016-cı ildə kassasiya şikayəti üzrə keçiriləcək məhkəmə prosesində N.Abbasoğlunun işinə qrup halından çıxarılaraq ayrı icraatda baxılması təmin olunsun”.