Həbs edilmiş iş adamının Beynəlxalq Banka olan borcu açıqlandı (FOTO)

Azərbaycandan çıxmaq istəyərkən saxlanılan iş adamı Səməd Sadıqovun hansı banka nə qədər borcu olduğu açıqlanıb.
Turaninfo.az “Report”un məlumatına istinadən, “Bermud City” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri, “CityTV” televiziyasının təsisçisi və direktoru olan iş adamı “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 4 milyon 410 min manat kredit götürərək qaytarmamaqda ittiham edilir.
2015-ci ilin oktyabr ayının 12-də S.Sadıqov barəsində Nərimanov Rayon Məhkəməsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra iş adamı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iki dəfə uzadılıb.
Bu gün S.Sadıqovun hüquqlarını müdafiə komitəsi onun həbsi ilə bağlı müraciət də yayıb. İş adamının müdafiəçiləri onun qanunsuz həbs olunduğunu qeyd edirlər: "Müqavilə üzrə 2020-ci ilə qədər ödənilməsi nəzərdə tutulan kreditə görə iş adamının həbsdə saxlanılması qanunsuzdur. Biznesdə 10 ildən artıq təcrübəsi olan Səməd Sadıqovun ümumi dövriyyəsi 2015-ci ildə 12 milyon dolları ötüb".
Qeyd edək ki, iş adamı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, 2015-ci il oktyabrın 11-də Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərən Səməd Qüdrət oğlu Sadıqov saxlanılıb. Rəsmi məlumata əsasən, müəyyən edilib ki, S.Sadıqov dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olub.