Əhali suyun bahalaşmasını necə qarşıladı? - Bakı sakinləri arasında VİDEOSORĞU

Tarif Şurasının qərarı ilə Azərbaycanda suyun qiyməti bahalaşıb və qərar bu gündən etibarən qüvvəyə minib.
“Azərsu” ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl - 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə  - 1 manat/kubmetr, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) 8 manat/kubmetr müəyyən edilib. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün 15 qəpik/kubmetr (bundan əvvəl 6 qəpik/kubmetr), qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub. Bir sözlə suyun 1 kubmetri 50 qəpik müəyyənləşdirilib.
Tarif Şurasının bu qərarı əhali arasında birmənalı qarşılanmayıb. Vətəndaşlar digər kommunal xidmətlərin bahalaşacağından da narahatdırlar. Suyun bahalaşması xidmət sektorunda da  bahalaşmaya səbəb ola bilər.

Əhalinin gəlirlərinin getdikcə aşağı düşdüyü bir vaxtda hökumətin bu qərarı gərginliyi bir qədər də artırıb.
Musavat.com olaraq suyun bahalaşmasına sadə insanların fikrini öyrənməyə çalışdıq. İndiki iqtisadi şəraitdə əhali hər cür bahalaşmanın əleyhinədir. Bunu verilən cavablarda da aydın görmək mümkündür.
Bakıətrafı qəsəbələrdə sayğaclaşma tam başa çatmadığından bir çoxları suya görə bəzi respondentlər adambaşına pul verdiklərini bildirdilər. Bəziləri isə, ümumi bahalaşma fonunda artıq suyun bahalaşmasına təəccüblənmədiklərini, sadəcə getdikcə vəziyyətin çətinləşəcəyini dedilər.
Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. O, qiymətlərin artma səbəbini belə əsaslandırdı: “ Su və kanalizasiya sisteminə yenidən baxılması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Tarif Şurasına müraciət edib. Bunun isə bir sıra səbəbləri var. Su anbarlarında aparılan işlər,əhaliyə göstərilən xidmətin yüksəldilməsi, işçilərin əmək haqlarını təmin etmək üçün “Azərsu” ASC-nin əlavə gəlirə ehtiyacı var idi. Bu səbəbən də əhatə dairəsinin genişlənməsi və xərclərin bağlanması üçün belə bir müraciət etdik. Onu da diqqətinizə çatdıraq ki, su təchizatı və kanalizasiya xidmətləri maya dəyərindən xeyli aşağı satılırdı.Bundan əlavə, qlobal bahalaşma materialların qalxmasına da təsir göstərdi. Maşın mexanizmlərinin, ehtiyat hissələrinin və yanacaq-sürtkü materiallarının bahalaşması da xərclərin artmasına gətirib çıxardı”.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.