​"Əhali illik 1500 kub qaz sərfiyyatını 2-3 ayda bitirəcək" - Açıqlama

 
Noyabrın 28-də Tarif Şurası qaz və elektrik enerjisi qiymətlərinin artımı ilə bağlı qərar verdi.
 
Hökumətin differensial yanaşması və adı çəkilən kommunal xidmətlərin istifadə limitlərinin aşağı olması ilə bağlı müzakirələr davam edir.
 
İqtisadçı ekspert Qubad İbadoğlu Qaynarinfo.Az-a açıqlamasında bildirib ki, qazın qiymət artımı qış dövründə, işığın qiymət artımı isə yay mövsümündə əhalinin xərclərini daha çox artıracaq:
 
 
 
"Tarif Şurasının məlum qərarı ilə baş verən qiymət artımlarının təsirlərinə dair hesablamalar göstərir ki, qış dövründə evlərini qaz yandırmaqla isidən əhalinin büdcəsinə daha çox təsiri təbii qazın qiymətinin bahalaşması göstərəcək. Bu xüsusilə də ölkə paytaxtında və ətraf rayonlarda qazla işləyən qızdırcı sistemlərin (kombilərın) sərfiyyat göstəricilərindən asılı olacaq. Hazırda mənzilin sahəsindən asılı olaraq ən çox işlədilən kombilərin gücü 24-lə 40 arasında dəyişir. Texniki parametrlərinə görə, 24-lük kombinin 1 saatlıq qaz sərfiyyatı 2,2 kubdur, belə olan halda 10 saat işləyən kombi gündə 22 kub, ayda isə 660 kub qaz yandırır. Bu isə o deməkdir ki, həmin istehlakçı 2,5 aydan sonra yalnız istilik məqsədilə istifadə etdiyi qaza görə minimal normasını ödəyərək, ilin qalan 9,5 ayında əvvəlkindən 2 dəfə yüksək tariflərlə ödəniş etmək məcburiyyətində qalacaq. Evlərinin isidilməsində 28-lik kombilərdən istifadə edənlər üçün isə bu müddət 2 ay təşkil edəcək və həmin ailələrin də xərcləri ilin 10 ayında bahalı tariflərlə hesablanacaq. 32 və 36-lıq kombilərin istifadəçiləri 1,5 aydan, 40-lıq kombinin isifadəçiləri isə 1 aydan tez minimal normanı, yəni illik 1500 kubmetri qaz istehlak edib, yerdə qalan müddətdə əvvəlki kimi hər 1 kuba görə 10 qəpik deyil, 2 dəfə çox - 20 qəpik ödəyəcəklər.
 
Nərəzə alanda ki, ailə təsərrüfatında təbii qaz yalnız isitmə məqsədilə deyil, həm də digər məqsədlər üçün istifadə edir, onda yuxarıda qeyd olunan müddətlər daha da tezləşəcək və nəticədə istehlakçıların böyük əksəriyyəti köhnə qiymətlə hesablanacaq illik 1500 kub qaz sərfiyyatını 2-3 ayda bitirəcəklər, yerdə qalan dövrlərdə də yuxarı tarifləri ödəyəcəklər. Ona görə də qazın qiymətinin bahalaşması orta azərbaycanlının büdcəsində 3-4 aydan sonra hiss olunacaq".