Hakimiyyətin ünvanlı sosial yardım “yükündən” qaçış planı - təfsilat

 
 
Ünvanlı sosial yardımdan məhrum şəxslərə iş təklif ediləcək
 
Bu günlərdə ünvanlı sosial yardımın ləğvi zərurəti ilə bağlı səslənən fikirlərin sayı artmaqdadır. Xüsusilə də, bəzi millət vəkilləri və siyasilər bunu insanların ələbaxımlılığa öyrədilməsinin qarşısını almaq baxımından vacib hesab edir.
 
Politika.Az-a etibarlı mənbədən daxil olan məlumatda isə məsələ ilə bağlı ilginc detallar yer alıb. Belə ki, mənbə ünvanlı sosial yardımın ləğvində əsas məqsədin sadəcə dövlət büdcəsini doldurmaq olduğunu, hakimiyyətin öz məqsədini gizlətmək üçün unikal üsula əl atacağını bildirib:
 
“Ünvanlı sosial yardımın ləğvində əsas məqsəd dövlət büdcəsinə əlavə maliyyə axınını təmin etmək, başqa sözlə desək, aztəminatlı ailələrə çatacaq pullar hesabına yeni maliyyə mənbəyi əldə etməkdir. Hakimiyyət bu niyyətini həyata keçirmək üçün olduqca maraqlı plan hazırlayıb ki, bu planda ünvanlı sosial yardımdan məhrum edilən ailələrə bunun qarşılığında iş təklif edilməsi yer alır. Yəni, yardımdan məhrum edilən ailələrdən hər hansı bir fərdə yerli icra hakimiyyəti orqanı tərəfindən formal və ya mövsümi də olsa bir iş təklif ediləcək. Hansı ki, vətəndaşın həmin işdə neçə ay çalışacağı, bu iş yerinin bri ay sonra bağlanacağı təqdirdə vətəndaşın taleyinin necə olacağı plan müəllifləri üçün heç bir maraq kəsb etmir. Hakimiyyətə gərəkli olan “yardımdan məhrum edilən insnaların hamısı işlə təmin edilib” görüntüsünü yaratmaq, bu fikri media vasitəsi ilə tirajlamaqdır”.
 
Mənbənin məlumatına görə, artıq məlum planın icrasın hazırlıq məqsədi ilə yerli icra hakimiyyəti orqanlarına lazımi göstəriş verilib və bu qurumlardan rayonlarında ünvanlı sosial yardım alan ailələrin sayına uyğun iş yerləri tapmaq və ya açmaq tələb olunub.