Hakimiyyətin namizədi kim olacaq: İlham Əliyev, yoxsa Mehriban Əliyeva?

Mirmahmud Mirəlioğlu: “Yeni təyinatlarla nəinki Mehriban xanımın, hətta Leyla xanımın komandası formalaşmaqdadır”
 
Sabir Rüstəmxanlı: “Mehriban xanımın və İlham Əliyevin adı ilə “oyunbazlıq” edən adamlar var”
 
Sülhəddin Əkbər: “Azərbaycanda hakimiyyətin varislik yolu ilə ötürülməsi, təəssüf ki, dərinləşir”
 
İqbal Ağazadə: “Cənab pezidentin, Mehriban xanımın komandasıdır kimi bölgü aparmaq istəmirəm”
 
2018-ci il prezident seçkilərinə 1 ildən də az vaxt qalıb. Artıq ölkədə iqtidar və müxalifət nümayəndlərindən kimlərin prezidentliyə namizəd olacağı müzakirə mövuzsudur. Hətta bəzi media qurumları hakim Yeni Azərbaycan Partiyasından (YAP) Birinci vitse-prezident Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürüləcəyi və onun prezident olacağı haqda iddialar ortaya qoyurlar. Əlbəttə, bu təhlillər nə dərəcədə reallığa söykənir, bu, zamana bağlı məsələdir. Lakin bütün bunlar ehtimal olsa da, hər halda “od olmayan yerdən tüstü çıxmaz” deyərlər. Yəqin hakimiyyətə yaxın media qurumları bu versiya barədə məlumatlıdır ki, belə bir ehtimal səsləndirilir. Və yaxud bu, sadəcə, Mehriban xanımı prezident görmək istəyənlərin arzusudur, sadəcə olaraq indi reallıq kimi təqdim olunur. Bütün hallarda Mehirban Əliyevanı prezident görmək istəyənlərin çoxluğu onu göstərir ki, hakimiyyət daxilində ikitirəlik mövcuddur və yeni formalaşan komanda Mehriban Əliyevanı prezident görmək arzusundadır.
 
İlin əvvəlindən başlayan kadr dəyişiklərinin, son olaraq isə vergilər naziri Fazil Məmmədovun yerinə təhsil naziri Mikayıl Cabbarovun təyin olunmasını Mehriban Əliyevanın komanda üzvlərinin seçilməsi hesab edənlər az deyil. Yeni kadrların Qərbyönlü şəxslər olması da onu göstərir ki, növbəti seçkilərdə hakimiyyətə Qərbyönlü siyasətçi kimi təqdim olunan Mehriban Əliyevanın gələcəyi ehtimalları daha inandırıcıdır. Bəs, bu haqda müxalifət düşərgəsində necə düşünürlər?
 
“Namizədliyini irəli sürmək hər kəsin doğal haqqıdır”
 
 
 
Klassik Xalq Cəbəhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Hurriyyet.org-a bildirdi ki, seçkilərdə kim istəyərsə, yəni media da, başqaları da namizədini irəli sürə bilər: “Həmçinin namizəd özü də namizədliyini irəli sürə bilər. Hər kəsin doğal haqqıdır. Burada qeyri-adi bir şey yoxdur”.
 
“Bəzi siyasətçilərin və media qurumlarının nümayəndələrinin qollarını çırmalayıb bu istiqamətdə iş görməsi etik deyil”
 
“Yeni təyinatlarla nəinki Mehriban xanımın komandası, hətta Leyla xanımın komandası formalaşmaqdadır. Bu adamların özlərinin namizəd olmadan, özləri konkret məsələyə münasibət bildirmədən bəzi siyasətçilərin də, bəzi media qurumlarının nümayəndələrinin də qollarını çırmalayıb bu istiqamətdə iş görməsi, təklif irəli sürməsi bir az etik deyil”, - dedi partiya sədri.
 
“Konkret namizədin ortada mövqeyi yox, amma adamlar iştaha düşüblər”
 
M.Mirəlioğlu hesab edir ki, bu təklifin irəli sürülməsində şəxsi maraqlar daha qabarıq görünür: “Belə çıxır ki, heç kəsin heç nədən... Yəni ev sahibinin xəbəri yox, konkret namizədin ortada mövqeyi yox, amma adamlar iştaha düşüblər. Yarınmaqdır, bunun adı, nədir, bilmirəm. Təhlildirsə, təhlil deyil, politoloqdursa, politoloq deyil, nədir, bilmirəm”.
 
KXCP sədrinin M.Əliyevanın namizədliyi məsələsinə münasibəti birmənalıdır: “Mehriban Əliyevanın özünün münasibəti olmayana qədər mənim bu məsələyə münasibət bildirməyimi özüm üçün doğru saymıram”.
 
“Mənim Mehriban xanıma böyük sayğım, hörmətim var”
 
 
 
Xalq şairi,Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə bildirdi ki, Mehriban Əliyevanın prezidentliyə namizəd olacağı haqda iddialar hələ söhbətdir: “Ortada konkret olaraq aydın bir mövqe olmadığına görə, kim olacaq, kim olmayacaq demək, məncə, artıq bir işdir. Kiminsə namizədliyi irəli sürülər, konkret onun haqqında söz deyərik. Hər halda, bu, iqtidarın irəli sürəcəyi namizəddir. Müxalifətin real namizədi olsa, onun haqqında fikir bildirmək mənə daha asandır. Konkret olaraq prezident seçkiləri ilə bağlı yox, amma Mehriban xanıma mənim böyük sayğım, hörmətim var. Azərbaycan qadınlarının üzünü ağ edən, qadınlarımızın simasını, bacarığını, xarakterini göstərən bir insandır və Azərbaycan mədəniyyəti üçün də çox iş görüb. Mənim gördüyüm, bildiyim budur. Amma sabah siyasi həyatda ölkədə birinci adam, prezident olaraq necə iş görə, çalışa bilər, bu barədə mən heç nə deyə bilmərəm. Ortada heç bir şey olmaya-olmaya Mehriban xanımın və İlham Əliyevin adı ilə bu cür oyunbazlıq edən çox adamlar var. Mən bunun əleyhinəyəm. Düşünürəm ki, siyasətlə məğul olan hər bir adam reklam kimi özünün cəmiyyyətdə yerini dəqiqləşdirmək üçün belə kampaniyalar apara bilər və Mehriban xanımın da ətrafında bu söhbətlər gedə bilər. Amma əsas fikir real, konkret namizədlər ortada olanda deyiləcək”.
 
“Mehriban xanımın da prezidentliyə namizəd olmağa haqqı çatır”
 
S.Rüstəmxanlı onu da vurğuladı ki, hər bir Azərbyacan vətəndaşı namizəd ola bilər, o cümlədən Mehriban xanımın da buna haqqı çatır, buna qadağa qoymaq olmaz: “Mehriban xanımın vitse-prezident olması haqqında o vaxt müəyyən fikir demək olardı ki, yoldaşı prezidentdir, özü niyə vitse-prezident olur. “Bu dünyada normal qəbul olunmaz, Azərbaycanın imicinə ziyan vura bilər” kimi fikirlər onda deyilə bilərdi. Amma konkret prezidentliyə namizədliyə gəlincə, buna heç nə demək olmaz. Çünki hər bir Azərbaycan vətəndaşının vətəndaşlıq haqqıdır və hüquqi cəhətdən heç bir qadağa yoxdur, namizəd ola bilər”.
 
“Çox təəssüf ki, Azərbaycan cəmiyyəti bir ailədən hansının namizəd olacağını müzakirə edir”
 
 
 
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə qeyd etdi ki, ölkədə bu cür vəziyyətin yaranmasından dərin təəssüf hissi keçrir: “Yəni Azərbaycan xalqının, cəmiyyətinin tamamilə siyasətdən uzaqlaşdırıldığı, Azərbycan müxalifətinin tam dağınıq, zəif oduğu bir dövrdə yaşayırıq. Çox təəssüf ki, Azərbaycan cəmiyyəti artıq bir ailədən hansının birinci, yəni ailə başçısının, yoxsa onun xanımının namizəd olacağını müzakirə edir. Buna ancaq təəssüflənmək olar. Azərbaycanda hakimiyyətin varislik yolu ilə ötürülməsi, təəssüf ki, dərinləşir və biz artıq Azərbyacanda sülalə hakimiyyətinin formalaşması yolunun olduğunu görürük. Bu da təbii ki, üzücü bir vəziyyətdir”.
 
“Kimin namizədliyi irəli sürülürsə-sürülsün, mən hakimiyyətin təbiətinin dəyişəcəyini düşünmürəm”
 
“Hesab edirsinizmi ki, yeni təyinatlarla Mehriban xanım özünün gələcək komandasını formalaşdırır” sualına S.Əkbər belə cavab verdi: “Birincisi, kimin namizədliyi irəli sürülürsə-sürülsün, mən hakimiyyətin təbiətinin dəyişəcəyini düşünmürəm. MDB məkanında Azərbaycan yeganə dövlətdir ki, hakimiyyət varislik yolu ilə ötürülübdür. İkincisi də, dövlətin birinci və ikinci şəxslərini eyni ailədən olan iki şəxs tutubdur. Üçüncüsü, bundan sonra da varislik yolu ilə ötürülən hakimiyyətin sülalə hakimiyyətinə çevrilmə prosesi gedir. Bu, MDB ölkələrinin heç birində müşahidə olunmayan bir prosesdir”.
 
“Məni Azərbaycanda demokratiyanın, ölkənin, xalqın gələcəyi maraqlandırır”
 
“Məni hakimiyyətin namizədənin kim olacağı maraqlandırmır. Məni Azərbaycanda demokratiyanın gələcəyi, ölkənin, xalqın gələcəyi maraqlandırır, Azərbaycan xalqının Konstitusiyanın birinci maddəsinə sahib çıxıb, öz iradəsini ortaya qoyub-qoymayacağı maraqlandırır”, - deyə partiya sədri əlavə etdi.
 
“Yeni Azərbaycan Partiyası kimi namizəd müəyyən edəcəksə, o, onların siyasətidir”
 
 
 
Ümid Partiyasının sədri İqbal Ağazadə isə dedi ki, o, kimin namizəd olacağı ilə bağlı hakimiyyətin yerinə düşünəsi deyil: “Bu Yeni Azərbaycan Partiyasının, hakimiyyətin özünün qərarına bağlı məsələdir. Kimi namizəd müəyyən edəcəksə, o onların siyasətidir. Biz o məsələyə qarışmırıq. Bizim o məsələdə deyə biləcəyimiz şey yoxdur ki, o barədə də danışaq”.
 
“Yeni təyinatlar hər hansı bir qarşıdurmadan xəbər verən amil deyil, əksinə, ortaq hakimiyyətin mövqeyidir”
 
İ.Ağazadə yeni təyinatlarla bağlı fikrini bu cür bildirdi: “Mən deyərdim hakimiyyət öz komandasını formalaşdırır. Mən hakimiyyəti ayrı-ayrı fərdlərə bölmək və yaxud - bu, cənab pezidentin, Mehriban xanımın komandasıdır - kimi bölgü aparmaq istəmirəm. Hakimiyyət öz komandasını müəyyənləşdirir, yeni təyinatlar edir. Bu da hesab edirəm ki, hər hansı bir qarşıdurmadan xəbər verən amil deyil, əksinə, ortaq hakimiyyətin mövqeyidir”.
 
“Bəlkə razılaşıb, irəli sürürlər”
 
İ.Ağazadə hesab edir ki, hakimiyyətin namizədini YAP seçəcək: “Mehriban Əliyeva iqtidar partiyasının, yəni Yeni Azərbyacan Partiyasının sədr müavinidir. Prezidentiliyə namizədliyi də daha çox partiyalar irəli sürür. Xüsusilə keçən dövrlərə diqqət etsək, görərik ki, İlham Əliyevin də namizədliyini Yeni Azərbaycan partiyası irəli sürüb. Yeni Azərbaycan Partiyasının sədri də prezidentdir. Yeni Azərbaycan Partiyası istəyəcəksə, namzədliyini irəli sürəcək. Bəlkə razılaşıb, irəli sürürlər. Yox, sürməyəcəksə, yenə də onların işidir. Mənim burada qarışa bilcəyim və deyə biləcəyim bir şey yoxdur”.
 
Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...