Hakimiyyət siyasi müstəvidə də ciddi addımlar atmalıdır

Baxış sayı: 
155
1  
0  

Azərbaycanın həssas bir mərhələyə daxil olduğunu nəzərə alsaq bir neçə il öncə aparılan iqtidar-müxalifət siyasi partiyalar dialoqunun bərpa edilməsinə ehtiyac yaranırmı sualını cavablandıran ADP sədrinin müavini Taliyət Əliyev bildirdi ki, cəmiyyətdə siyasi qüvvələr arasında dialoqa hər zaman ehtiyac var. Amma bu dialoq imitasiya xarakteri daşımamalı, mövcud olan problemlərin həllinə kömək etməlidir.

“Bir neçə il bundan qabaq Azərbaycanda iqtidar-müxalifət arasında keçirilən siyasi dialoqların təəssüflər olsun ki, ölkəmizin qarşısında duran problemlərin həllinə heç bir müsbət təsiri olmamışdır. Bu da onu göstərdi ki, iqtidar bunu görüntü xətiri üçün edir, özünü beynəlxalq ictimaiyyətə demokratik prinsiplərə sadiq olan siyasi qüvvə kimi göstərmək istəyir. Yəni, siyasi dialoq yalnız hakimiyyətin marağına xidmət edib və ya ona lazım olanda bu yada düşüb. Ümumiyyətlə, cari ayda baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycanda vəziyyəti gərginləşdirməkdə maraqlı olan qüvvələr məqam gözləyir. Bu qüvvələr kimdir, niyə yaranıb, nə etmək istəyirlər və niyə etmək istəyirlər sualına cavab axtaranda görürük ki, bunun motivində təkcə Azərbaycanı sevməyən xarici qüvvələr durmur. Həm də ölkədəki idarəçilikdə mövcud olan ciddi problemlər və bu idarəçilikdən əziyyət çəkən insanların haqlı narazılıqları durur. Hesab edirəm ki, hakimiyyət təmsilçiləri son baş verən hadisələri analiz edərək düzgün nəticə çıxarmalı atılan hər bir addımda yalnız hakimiyyətin maraqları deyil, xalqın və dövlətin maraqları da nəzərə alınmalıdır. Əks halda heç kim zəmanət verə bilməz ki, ölkədə bu tipli xoşagəlməz hadisələr bir daha baş verməyəcək. Bunun üçün təkcə hüquq müstəvisində atılan addımlar yetərli deyil. Hakimiyyət siyasi müstəvidə də ciddi addımlar atmalıdır. Ölkədə siyasi mühitin yumşaldılması, siyasi azadlıqların bərpa edilməsi, ölkədə vətəndaş sülhünə nail olunması və iqtidar-müxalifət münasibətlərinin sivil bir müstəviyə daşınması istiqamətində addımlar atılmalı və islahatlar həyata keçirilməlidir.”
 

Загрузка...
Загрузка...