Hakimiyyət seçim qarşısında: ya demokratiya, ya sanksiya

Qərblə qarşıdurmadan istifadə edən Rusiya Azərbaycan üzərinə hücuma keçib.
MEAzərbaycan hakimiyyəti ilə demokratik Qərb dünyası arasında ötən aylar səngiyən gərginlik yenidən fəal mərhələyə daxil olub. Sentyabr ayında “Turan” İnformasiya Agentliyin direktoru Mehman Əliyevi və bir neçə siyasi məhbusu həbsdən azad etməklə beynəlxalq sanksiyalardan yayınan hakimiyyət vəziyyət sakitləşdikdən dərhal sonra güzəştləri dayandırdı. Əslində, bu cür siyasi manevrlər YAP rejiminə xas olan ənənəvi davranış tərzidir. ABŞ-ın və Avropa qurumlarının sanksiyalar təklifini təxirə salmasından istifadə edən Əliyev iqtidarı vətrəndaş cəmiyyətinə və müxalifətə qarşı siyasi repressiyaları yenidən gücləndirib. Ölkədə siyasi məhbusların azadlığa buraxılması istiqamətində başlanan aldadıcı proses dayandırılıb. “Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında” Qanuna mürtəce vdəyiçiklik edilərək, nümayəndəlik institutu faktiki olaraq qadağan edilib. Beynəlxalq dairələrin bütün çağırışlarına baxmayaraq, Respublikaçı Alternativ Hərəkatının lideri İlqar Məmmədovun qeyd-şərtsiz azadlığa buraxılmasına dair Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı icra edilmir. Həmçinin, Bakı şəhər İcra Hakimiyyəti REAL Hərəkatına qurultay keçirmək üçün yer ayırmaqdan imtina edib. Hacıbala Abutalıbovun rəhbərlik etdiyi orqanın özbaşınalıqları bununla yekunlaşmayıb. Nümayəndəlik institutunun bərpası tələbi ilə nümayəndələrin və vəkillərin noyabr ayının 18-də aksiya keçirmək üçün müraciətinə BŞİH icazə verməyib. NİDA-çı fəal Ümman Səfərov heç bir səbəb olmadan saxlanılaraq barəsində 15 sutka müddətinə həbs-qətimkan qərarı çıxarılıb.
 
IMAzərbaycanda insan haqları və demokratiya sahəsində vəziyyətin getdikcə ağırlaşması demokratik Qərb dövlətlərini və beynəlxalq hüquq-müdafiə təşkilatlarını hərəkətə gətirib. Ona görə də cari ilin noyabr ayının sonu, dekabrın əvvəli Azərbaycan hakimiyyəti üçün həlledici rol oynaya bilər. Artıq Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun işi ilə bağlı ikinci qərarını da elan edib. Məhkəmə qərarda Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin (ədalət mühakiməsi hüququ) pozuntusu müəyyən edib və 18-ci maddənin (hüquqlara məhdudiyyətin qeyri-legitim məqsədlə qoyulması) ayrıca araşdırılmasına ehtiyac olmadığını qeyd edib. Bu o deməkdir ki, hakimiyyət İlqar Məmmədovu tezliklə azadlığa buraxmasa sanksiyalar məsələsi yenidən gündəmə gələcək. Lakin Azərbaycan rəhbərliyi Avropa Məhkəməsinin qərarına bu dəfə də etinasız yanaşarsa, beynəlxalq qadağalardan yayınmaq imkanı olmayacaq. Çünki dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsinin növbəti iclası keçiriləcək. Həmin tarixə qədər REAL sədri sərbəst buraxılmazsa, AŞ Nazirlər Komitəsi Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq edəcək.
 
btBu günlərdə 37 beynəlxalq insan haqları təşkilatı da Avropa Birliyinin rəhbərliyindən bütün imkanlardan istifadə etməklə prezident İlham Əliyevi insan haqlarına basqıları dayandırmağa çağırmağı xahiş edib. Beynəlxalq qurumların sözügedən mövqeyi əslində, Azərbaycan hakimiyyətinə təzyiq vasitələrini işə salmağın vacibliyinə dair  müraciət kimi başa düşülməlidir. Azərbaycandakı rejimin islah olmaq istəmədiyini demokratik dünya ictimaiyyəti görür, cəza mexanizmlərindən istifadə etməyin vaxtı çatdığının fərqindədir. Hadisələrin hakimiyyətin xeyrinə, yoxsa ziyanına işləməsi isə Azərbaycan rəhbərliyinin yaxın günlərdə atacağı addımlardan asılı olacaq.
 
AIBelə ki, noyabrın 27-də Azərbaycanın dövlət başçısı Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin sammitində iştirak etmək üçün Brüsselə səfər edəcək. İlham Əliyevin həmin sammit ərəfəsində və səfər çərçivəsində apardığı danışıqlar Qərbin rəsmi Bakıya qarşı sərgiləyəcəyi münasibətə həlledici təsir göstərə bilər. Brüsseldə Azərbaycanın Avropa İttifaqı Assosiasiya Sazişinin də maddələrini özündə ehtiva edən strateji tərəfdaşlıq müqaviləsinə qoşulması ehtimalı demək olar sıfıra bərabərdir. Hər zaman olduğu kimi, Azərbaycan hakimiyyətinin bu müzakirələrdə iştirakı daha çox görüntü xarakteri daşıyır və Qərbin yalan vədlər verməklə zaman qazanmağa xidmət edir. Ancaq qeyd edildiyi kimi, zirvə görüşü ilə eyni vaxtda Azərbaycanda siyasi məhbuslar məsələsinin həllinə dair öhdəliklər və İlqar Məmmədovun azadlığa buraxılması barədə Avropa Məhkəməsinin icra vəziyyəti müzakirəyə çıxarılacaq. Ona görə də rəsmi Bakının Qərbin təzyiqlərindən yayınması asan olmayacaq. Azərbaycan rəhbərliyi noyabrın 27-ə qədər İlqar Məmmədov da daxil olmaqla siyasi məhbusların azadlığa  çıxmasını təmin edərsə, Brüsseldə Avropa İttifaqı ilə dialoqun baş tutacağını söyləmək olar.
 
AHİkinci ehtimal Azərbaycan hakimiyyətinin güzəştdən imtina etməsi ilə bağlıdır. Əgər rəsmi Bakı Qərbə müqavimət göstərməkdə davam etmək qərarını seçərsə, o halda dövlət başçısı İ.Əliyevin Brüsselə səfərinin baş tutacağı inandırıcı səslənmir. Bu halda dekabrın 5-də Azərbaycan hakimiyyətində təmsil olunan vəzifəli şəxslərə, siyasi məhbusların həbsində rolu olan hakimlər, prokurorlar, müstəntiqlər və polis rəislərinə viza qadağaları, onların bank hesablarının dondurulmasını nəzərdə tutan sanksiyalar tətbiq ediləcəyi gözlənilir.
 
SSQərblə münasibətlərdə artan gərginlik yalnız hakimiyyət təmsilçilərinin deyil, həm də bütövlükdə Azərbaycanın strateji maraqlarına zərbə vuracaq istiqamətdə irəliləyir. Belə ki, iqtidarın Qərblə qarşıdurmasından istifadə edən Rusiyanın son günlər Dağlıq Qarabağ problemi ətrafında fəallaşması müşahidə olunur. Ermənistan prezidenti Serj Sarkisyanın noyabrın 14-də Moskvada Dağlıq Qarabağ münaqişəsinə dair apardığı danışıqlar, yaxın günlərdə isə Rusiyanın xarici işlər nazifri Sergey Lavrovun sözügedən problemlə bağlı Bakıya və İrəvana gözlənilən səfəri Kremlin yeni planlarından xəbər verir. Rusiyanın beş rayonu qaytarmaq müqabilində Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İqtisadi Birliynə üzv olmağı təklif etdiyi barədə informasiyalar yenidən gündəmə gəlib. Rusiya YAP rejiminin Qərblə münasibətlərindəki ziddiyyətdən yaralanaraq Dağlıq Qarabağ məsələsində Azərbaycana təzyiqləri artırmaqla geosiyasi güzəştlər əldə etməyə çalışır. Kremlin planına görə, rəsmi Bakı 5 rayonun qaytarılması əvəzində qeyd edilən şərtləri qəbul edərsə, Dağlıq Qarabağın yekun hüquqi statusu “Lavrov prinsipləri” adlanan təkliflər paketinə görə qeyri-müəyyən müddətə təxirə salınacaq. Üstəlik, Moskva Rusiya qoşunlarının sülhməramlı mandatla münaqişə bölgəsinə yerləşdirilməsini istəyir ki, bu da Dağlıq Qarabağın, Laçın və Kəlbəcər rayonlarının nəinki erməni işğalında həmişəlik qalmasını təmin edər, hətta Azərbaycanın suverenliyinin itirilməsi ilə nəticələnə bilər.
 
RusiyaGöründüyü kimi, hakimiyyətin səriştəsiz siyasəti ucbatından bu gün Azərbaycan getdikcə beynəlxalq aləmdə sıxılmış bir vəziyyətə düşüb. Kreml isə bundan istifadə edərək Azərbaycanı Rusiyanın orbitinə daxil etməyə çalışır. Brüssel sammitində Ermənistanın insan haqları və demokratiya sahəsində bir sıra öhdəliklərə imza atacağı gözlənilir ki, bu da  Azərbaycanla müqayisədə işğalçı ölkənin mövqeyini dünyada xeyli gücləndirə bilər. Azərbaycan hakimiyyəti isə mübarizəni Ermənistana qarşı aparmaq əvəzinə, insan haqları fəallarına, gənclərə, jurnalistlərə qarşı yönəldib.
 
Səbinə MƏMMƏDLİ

Загрузка...
Загрузка...