​Hakimiyyət dəyişikliklər astanasında: kim gedir, kim qalır? - Siyahı

 
Yanvarda səs-küylü istefalar gözlənilir; Hakimiyyət daxilində bəzi refreşlər olacağı xəbər verilir...
 
Etibarlı qaynaqlardan Politika.Az-a verilən məlumatlarda iddia olunur ki, hakimiyyət ciddi dəyişikliklər astanasındadır.
 
Artıq ilin sonuna kimi tam statistik nəticələr məlum olacaq və daxili monitorinqlərə əsasən qərar veriləcək. Hakimiyyətin daxili siyasi konsepsiyasına zidd fəaliyyət göstərən qüvvələr Nazirlər Kabinetindən uzaqlaşdırılacaq.
 
Referendum ərəfəsində islahatlar olacağı barədə rəsmi açıqlamalar verilirdi. Bu bəyanatların davamı kimi yanvarda sensasion dəyişikliklər gözlənilir.
Hakimiyyət komandaya əl gəzdirmək niyyətindədir. Daxili idarəçilikdə problemlər yaradan və heç bir əsaslı dönüşə nail olmayan məmurların postundan kənarlaşdırılması realdır.
 
Prezident İlham Əliyev komandasına yenidən baxmağı və onun daxili siyasətində reputasiyasına kölgə salanlarla vidalaşmağı nəzərdən keçirəcək. Bu köklü kadr islahatlarının davam edəcəyi, bir sıra oliqarxlaşmış nazirlərin başının gedəcəyi xəbər verilir.
 
Politika.Az-a verilən məlumatlarda iddia olunur ki, siyahıda yeni adların olacağı bildirilir. Bu sırada axır vaxtlar fəaliyyətindən ciddi narazılıq olan vergilər naziri Fazil Məmmədov, səhiyyə naziri Oqtay Şirəliyev, kənd təsərrüfatı naziri Heydər Əsədov var.
 
Habelə NK-nə aid olmayan “Azərsu” ASC sədri Qorxmaz Hüseynov, “Azəriqaz” İB rəhbəri Əkbər Hacıyev, Standartlaşdırma və Patent Komitəsinin rəhbəri Ramiz Həsənov, Su və Meliorasiya ASC rəhbəri Əhməd Əhmədzadə xüsusi yer alır.
 
Prezidentin kadr islahatlarını davam etdirəcəyi və qısa zamanda daha bir neçə icra başçısı vəzifəsində yerdəyişmələr edəcəyini də proqnozlaşdırılır.