Hakimiyyət Bankların müdafiyəsini təmin etdi!

Samir Şərifovun hazırladığı təkliflə yenə də banklar qazanacaq
 
Banklar kredit siyasəti sanki ölkə vətəndaşlarını hər zaman borc bataqlığında saxlamağa hesablanıb. Ölkədə baş verən ardıcıl 2 kəskin devalvasiyadan sonra bankların soyğunçu kredit siyasətinin iç üzü açıldı. Bununla da vətəndaşların onsuz da yüksək faizlə götürdükləri kreditlərin həcmi 2 dəfə artdı. Bu da özündə problemli kreditlərin həcminin artmasına səbəb oldu. Milli valyutanın kəskin ucuzlaşması, əhalinin gəlirlərinin isə azalması vətəndaşların banklar qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməyi mümkünsüz etdi. Dollar kreditlərində yaranan problemlər vətəndaşlar kimi bankları da çıxılmaz vəziyyətə saldı. Kreditlərin geri qayıtmaması bankları ən çox gəlir gətirən sahədən məhrum etdi. Bununla da bankların maliyyə-kredit siyasəti iflasa uğradı. Bankların bu vəziyyətə düşməsinin əsas səbəbi isə yalnış kredit siyasətidir. Azərbaycan iqtisadiyyatı neftdən asılı olduğu kimi, bankların da taleyi kreditdən asılıdır. Manatın ucuzlaşması isə bankları bu gəlirdən məhrum etdi.
 

Hökumət bankları düşünür
 
Problemli kreditlərin həlli üçün həm müstəqil ekspertlər, həm də hökumət rəsmiləri təkliflərlə çıxış etdilər. Verilən təkliflərin hər biri isə özü-özlüyündə kreditlərin dövlət tərəfindən kompensasiya olunmasını ehtiva edirdi. Ancaq bu təkliflərin heç biri qəbul olunmadı. Problemlərin kreditlərin həcmi isə günü-gündən artır. Banklar müflis olur, vətəndaşların isə günü məhkəmə qapılarında keçir. Bank-vətəndaş qarşıdurmaları son həddə çatıb. Maraqlı məqam ondadır ki, hökumətin bu yöndə apardığı siyasət yalnız bankların xilas olunmasına hesablanıb. Bu da əhalinin narazılığının artmasına səbəb olur. Lisenziyası ləğv olunan hər hansı bir bankın əmanətləri qaytarmaq prosesi manat ekvivalentilə aparılır. Dollar əmanətləri bankın bağlandığı günün məzənnəsinə uyğun olaraq manata çevrilir. Ancaq kreditlərin ödənilməsində bu sistem işləmir. Kreditlər günün məzənnəsinə uyğun olaraq banka ödənilməlidir. Ödəniş isə Mərkəzi Bankın verdiyi rəsmi məzənnə ilə deyil, bankın tətbiq etdiyi satış qiymətilə həyata keçirilir. Bu da məbləğin daha 4 faiz artması deməkdir. Bu problemin həllində irəliləyiş olmasa yeni bir təklif var.
 
 
 
Təklif isə yenə də bankların maraqlarına uyğun hazırlanıb. Belə ki, dollar bahalaşdıqca kreditlərin müddətinin də buna uyğun olaraq uzadılması təklif olunur. Bu da həm kreditlərin həcminin, həm də faizlərin artması deməkdir. Yəni, əgər bu təklif qəbul olunarsa bu dollar kreditlərinə yox, bankların gəlirlərinin artmasına xidmət edəcək. Çünki bu təklif vətəndaşların uzun zaman borc ödəməsinə, bankların isə geri almaqda çətinlik çəkdiyi vəsaitlərini bu yolla qaytarmasına şərait yaradacaq. Yenə də itirən vətəndaş, qazanan banklar olacaq.
 
Məsuliyyət vətəndaşın “boynuna” yüklənir
 
Dollar kreditlərinin həlli üçün “güzəşt” adı altında bu cür təkliflərin verilməsi əhali arasında da gərginliyin armasına səbəb olur. Bir müddət öncə Milli Məclisdə  dollar kreditlərilə bağlı verilən  təklif iqtisadçılar və vətəndaşlar tərəfindən normal qəbul olunurdu. Belə ki, Milli Məclisdə 1000 dollara qədər dollar kreditlərin ləğvi, 5000 dollara qədər 1.05 məzənnə ilə, 5000 və daha yuxarı kreditlər isə 1.25 məzənnə ilə ödənilməsi təklif edilir. Məlumata görə, bu təklif hökumətin ən üst məqamlarında müzakirə olunaraq ilkin razılıq verilsə də, sonradan maliyyə nazirinin müdaxiləsilə elə təklif olaraq da qalıb. İndi verilən təklifin isə məhz Maliyyə Nazirliyi tərəfindən hazırlandığı iddia olunur. İkinci devalvasiyadan sonra hökumət rəsmiləri deyirdilər ki, dollar kreditlərinə heç bir güzəşt olmayacaq. Bu məsələ bank-müştəri arasında həll olunmalıdır. Vətəndaşlar isə borclarını qaytara bilmir, banklar müflis olur. Hökumət  vəziyyətdən çıxış yolu kimi məsuliyyəti yenidən vətəndaşların “boynuna” yükləməyə qərar verib. Əks halda yalnız bankların maraqlarına xidmət edəcək təkliflə çıxış etməzdi.
Cebhe.info