Hafiz Hacıyevdən İsa Qəmbərə qeyri-adi can sağlığı arzusu: "Onunla işimiz bitməyib hələ..."

 
 
Keçmiş Müsavat başqanı, Milli Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin ürəyində yaranan problem səbəbindən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi xəbəri bir neçə gündür ki, cəmiyyətin və medianın diqqət mərkəzindədir. Hamı keçmiş başqana can sağlığı arzulayır və tezliklə sağalaraq normal həyatına davam etməsini dua edir.
 
Maraqlıdır ki, YAP da İsa Qəmbərin xəstəliyinə biganə qalmadı və hakim partiyanın icra katibinin müavini Siyavuş Novruzov onun dövlət hesabına müalicə ediləcəyini də dilə gətirdi. Hətta bəzi məlumatlara görə onun səhhəti dövlət başçısının nəzarəti altındadır və keçmiş başqanın ən qısa zamanda sağalması üçün lazım olan bütün prosedurların ən yüksək səviyyədə həyata keçirilməsi göstərişi verilib.
 
Maraqlıdır, görəsən, tez-tez İsa Qəmbər haqqında sərt fikirlər səsləndirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev keçmiş başqanın özünə və ya yaxınlarına zəng edərək "keçmiş olsun" deyibmi?
 
Moderator.az-aın əməkdaşı məsələ ilə maraqlanıb. H. Hacıyev deyib ki, o da hamı kimi ən qısa zamanda İsa Qəmbərin sağalmasını arzulayır. Çünki onunla hələ savaşı bitməyib və qarşıda onunla üzbəüz debatlar və söz atışmaları edəcəyi çoxlu mövzular var:
 
"Təbii ki, qəlbində Allah xofu və sevgisi olan hər bir insan övladı İsa bəyin tezliklə sağalıb ayağa qalxmasını arzulamalıdır və mən də ona can sağlığı arzulayıram. Mən anlayıram ki, ona yaşamaq çox çətindir və vaxtilə etdikləri səhvlərin psixoloji gərginliklərinin altından asanlıqla çıxmağın mümkünsüzlüyünü də o anlamamış deyil. İnsan yaşa dolduqca gənc yaşlarında buraxdığı səhvləri saf-çürük edəndə çox çətin duruma düşür. İllah da o səhv ölkədə vətəndaş müharibəsinə və qardaş qırğınına gətirib çıxara, qurulmuş hökumətin dağılması üçün bulanıq suda balıq tutmaq həvəsinə düşüb hər şeyi məhv edəsən. Amma tam səmimi deyirəm ki, onunla hər hansı şəxsi ədavətim-filanım yoxdur və onun yorğan-döşəyə düşməsini və ya başına bir iş gəlməsini istəməyənlərdənəm. Ümid edirəm ki, o tezliklə sağalacaq və mən günlərin bir günü onunla təkbətək və üzbəüz bütün bu olanların hesabını sormaq fürsətim olacaq. Necə deyərlər, borclu borclunun sağlığını istər. Mənim ona borcum olmasa da hesab edirəm ki, onun bu millətin övladlarına veriləcək çox borcu var".

Загрузка...
Загрузка...