Hafiz Hacıyev danışdı: "Heydər Əsədov pul yığmağı daha yaxşı bacarır" - ÖZƏL

 
 
“Azərsun Holdinq”in vicdanı olsun!
 
Ölkədə baş verən proseslərə hər zaman xüsusi və özünəməxsus yanaşması ilə seçilən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə müsahibəmizin mövzusu bu dəfə bahalaşma, sosial vəziyyət oldu. H.Hacıyev Politika.Az-a bir çox mətləblərdən danışdı:
 
- Hafiz bəy, yəqin ki, bazarlardakı bahalaşmanı siz də hiss edirsiz. Necə dolanırsız?
 
- Biz də bu ölkənin vətəndaşıyıq, çətinlikləri hamı ilə bərabər hiss edirik. Ərzağın, xüsusilə kənd təsərrüfatı məhsullarının qiymətinin qalxması çox acınacaqlı bir durum yaradıb. Təəssüf ki, bizim bu durumu yaxşı yola verməyə imkanımız yoxdur. Allah özü bu millətə kömək eləsin. Çalışırıq ki, bu vəziyyətdən çıxmaq üçün bir yol tapaq, çətin durumda xalqımızın yanında olaq. Amma təəssüf ki, bü gün kənd təsərrüfatına cavabdeh olan insanlarla bir yana çıxa bilməyəcəyik. Əsasən kənd təsərrüfatı malları bahalaşıb, toyuq əti, yumurta, mal əti, kərə yağı, bitki yağı hamısı görünməmiş dərəcədə bahalaşıb. Bunun səbəbi odur ki, Azərbaycanda aqrar sahəyə rəhbərlik edən şəxs bu sahədən başqa hər işi çox gözəl bilir. Yaxşı rüşvət almağı, millətin cibinə girməyi çox yüksək səviyyətə bacarır Heydər Əsədov. O, bunlara görə xalqın qarşısında cavab verməlidir. Millətdə yanlış fikir formalaşır, bəzən istəyirlər ki, hər şeyi birinci şəxsin üzərinə atsınlar, amma elə deyil. Prezidentimiz çalışır ki, vəziyyətdən çıxamq üçün xalqa kömək etsin, lakin neynəmək olar ki, onun ətrafında olan Heydər Əsədov kimi vicdanını itirmiş, hər şeyi pulda görən, yalan məlumatlar verə-verə ölkəni bu günə salan adamlar var. Mən düşünürəm ki, hər kəsin öz adı ilə çağırılmasının zamanı çatıb. Bugünkü bu bahalaşmanın səbəbi ancaq və ancaq kənd təsərrüfatı nazirinin fərasətsizliyinin nəticəsidir.
 
Millət gərək prezidentimizə dəstək olsun ki, o, ətrafındakı moşennikləri, iqtisadi sahədə təxribatla məşğul olan şəxsləri yanindan dəf eləsin. O sahəyə bacarıqlı kadrlar gəlməlidir ki, millət əziyyət çəkməsin. Əəvvəllər təntiyəndə kartof, yumurta alıb yeyirdik, indi bundan da məhrum oluruq, bunlar da bahalaşıb. Bu gün verilən maaşla iki kilo yağ, iki kilo ət alıb dolanmaq mümkün deyil, bunun xeyri var, şəri var. Mən istərdim ki, məllitimiz səbrli olsun və ölkə prezidentinin ətrafında sıx birləşsinlər.
 
- Bu bahalaşmada bəzən vergi və gömrükdə alınan qeyri-rəsmi ödənişləri də səbəb kimi göstərirlər. Siz necə fikirləşirsiz?
 
- Bununla razılaşmıram. Duz Azərbaycana xaricdən gəlir ki, ondan rüşvət alınsın? Kartof, yumurta xaricdən gəlir? Mən gömrüyün əl-üzünü yumuram, orda da çatışmazlıqlar var, amma mal əti xaricdən gəlmir axı. Əksinə, gömrüklə bağlı düzgün qərar verdi ki, xaricdən gətirilən malların rüsumu artsın, yerli istehsal güclənsin. Vergi əməkdaşları Heydər Əsədova demirlər ki, yalan məlumat versin desin Azərbaycan özünü taxılla təmin edir. Axı xaricdən külli miqdarda taxıl gətirilir. Kənd təsərrüfatı məhsullarına, maldarllığa, quşçuluğa vergi yoxdu. Hər şeyi düz danışmaq lazımdır, deməsinlər ki, Hafiz Hacıyev qərəzli danışır. Əgər biz daxildə yağ istehsal etsəydik, nəyimizə lazım idi gedib Finlandiyadan yağ gətirirdik ki, hər gün də onun qiyməti qalxır olurdu 14,5 manat? “Ancor” yağı 11 manatdan baha satılır. Bizim daxili istehsalımız olsaydı, kərə yağı, nehrə yağı istehsal etsəydik kilosu 4-5 manatdan baha olmazdı. Duz Masazırda ola-ola niyə qiyməti bahalaşmalıdır? Biz bunları düzgün təhlil etməli və xalqa düzgün yol göstərməliyik. Heç kimə tərəf danışmıram, hamısında günah var, amma əsas günah istehsala nəzarət edən qurumdadır. Sahibkarı bu gün incidirlər, sahibkara kredit verilmir, verilənin də 15-20 faizi şapka kimi alınır. Sahibkar da məcburdur ki, o şapkanı istehsal etdiyi məhsulun üzərinə əlavə etsin. Bütün bunlara səbəb olanlar, aqrar sahənin rəhbəri özü istefa verib gedib məhkəmə qarşısında oturmalıdır ki, mən prezidentə xəyanət etmişəm. Heydər Əsədovun Hesablama Palatasında pul saymaqdan əlləri qabar olmuşdu, indi də gəlib aqrar sahəni yaman günə qoyub. Əlbəttə, ət bahalaşacaq, Baytarlıq Xidmətinin rəisi axşamacan qəssablardan rüşvət yığmaqla məşğuldur.
 
- Deyirsiz ki, daxili istehsal güclənsə qiymətlər ucuz olar. Məsələn, “Azərsun Holdinq” daxili istehsalla məşğuldu, amma onun məhsulları hamısından bahadı, özü də ən birinci qiyməti bu holdinq qaldırır. Sizcə, niyə bu şirkət bahalaşmaya gedir, fürsətdən istifadəmi edir, yoxsa tələbat varmı?
 
- Abdulbari Gözəl (“Azərsun Holdinq”in prezidenti-red.) gərək yiyəsinə hörmət eləsin. Mən bunu həmişə demişəm. Düzdü, deyəndən sonra məni qınayanlar, üzərimə hücuma keçənlər də çox olur, amma mən düzünü deyirəm. Məsələ ondadır ki, əgər Lənkəranda çay istehsal olunursa, onu baha satmağın izahı yoxdur. Şəkər tozunun qiyməti artıq 2 manata çatır. Bunlar düşünmürlər ki, bütün bu problemlərin səbəbini hamı ölkənin birinci şəxsində, prezidentdə axtarır. Xalqı niyə narazı salırlar prezidentdən?
 
Əlbəttə ki, “Azərsun”un da vicdanı olmalıdır, onun rəhbəri gərək özünün himayədarını, ona hörmət edib şərait yaradanı nəzərə alsın, milləti incitməsin. Hər halda, milləti incitmək yaxşı sonluqla nəticələnə bilməz.