Hadı Rəcəbli Politika.Az-a nələr danışdı? - ÖZƏL

 
 
Son günlər deputat Hadı Rəcəbli medianın gündəmindən düşmür. Millət vəkilinin açıqlamaları qalmaqal yaradır və mətbuatda, sosial şəbəkələrdə müzakirələrə səbəb olur. Onun çıxışlarına müxtəlif aspektdən yanaşanlar millət vəkilini qınayırlar.
 
Eyni zamanda Qarabağ əlilləri və məcburi köçkünlər, şəhid ailələri haqda söylədikləri ictimia qınaqla qarşılanır. Medianın baş mövzusu olan H.Rəcəblinin gah polisə çağırıldığı, gah Prezident Administrasiyasında töhmət aldığ bildirilir.
 
Üstəlik, biznes şəbəkələrinin olması haqda informasiyalar tirajlanır. Həmçinin, Politika.Az xəbər portalında da deputatla bağlı istinadla yazılar dərc olunub. Bu məlumatlar media üzərindən yayılan xəbərlərə istinadən təqdim olunub.
 
Deputat isə açıqlama verərək iddiaları yalanlayıb. Habelə, Daxili İşlər Nazirliyi də onun polisə çağırılması xəbərinin yalan olduğunu açıqlayıb. Amma hörmətli millət vəkili barəsində kampaniya xarakterli yazılar səngimək bilmir.
 
Bununula bağlı H.Rəcəbli Politika.Az-la əlaqə saxlayaraq açıqlamasında qeyd edib ki, onun çıxışlarını məqsədli şəkildə təhrif edən və müxtəlif istiqamətlərə yozanlar var. Millət vəkili hesab edir ki, qərəzli şəkildə ona qarşı çirkin kampaniya aparılır və heç də verdiyi açıqlamalar təqdim olunduğu kimi qəbul edilə bilməz.
 
Onun sözlərinə görə, həmişə şəhid ailələri, məcburi köçkünlər, 20 Yanvar və Qarabağ əlillərinin sosial təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, müavinətlərin artırılması haqda müxtəlif təklifləri olub:
 
“Mən hər zaman onlara dəstək olmuşam, sosial hüquqlarını müdafiə etmişəm. Ancaq xaricdə olan bəzi ermənipərəst və qara niyyətli qüvvələr mənim çıxışlarımı fərqli istiqamətlərə yozur. Məqsəd məni gözdən salmaq, nüfuzuma xələl gətirmək və cəmiyyətdə qıcıq yaratmaqdır. Mən təcrübəli insanam, sosial siyasət sahəsini gözə bilirəm. Həmin çıxışlarımı yanlış yerlərə yönəldirlər”.
 
Deputat biznesinin olması barədə mətbuatın dayanmadan yazdığını və heç bir araşdırma aparmadığını xatırladıb. Bildirək ki, Politika.Az deputatın ailə biznesinin olması haqda xəbəri istinadla yayıb. Bu xəbər jam.az və meydan.tv-də yayımlanıb.
 
Hörmətli H.Rəcəbli saytımıza qeyd edib ki, biznesi yoxdur və jurnalistlər fasiləsiz bu haqda yazırlar: “Araşdırma aparsınlar, mənim mövqeyimi öyrənsinlər. Milli Məclisin verdiyi xidməti avtomobilimdən istifadə edirəm.
 
Hər gün məndən yazırlar. Cəmiyyəti əsassız yerə qıcıqlandırırlar. Bunu da edən dairələr xaricdə əyləşib. Hadı Rəcəbli heç bir kəsi təhqir etməyib, aşağılamayıb və xahiş edirəm ki, yazarkən diqqətli olsunlar. Mən jurnalistlərin həmişə dostu olmuşam. Mətbuata açıq adamam, nə sual varsa zəng edib soruşsunlar”.