Hacı Tahir Elmar Vəliyevə korrupsiya ittihamı irəli sürəcək- İMAMZADƏNİN TƏMİRİNƏ AYRILAN MİLYONLAR NECƏ TALAN EDİLİB?

 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin şəhərdən didərgin saldığı İmamzadə Türbəsinin axundu Hacı Tahir Abbaszadə ona qarşı korrupsiya iddiası irəli sürəcək. Bu barədə Gununsesi.info-ya axunda yaxın mənbələrdən məlumat daxil olub. Məlumatda qeyd olunur ki, illərdir icra başçısı tərəfindən sıxışdırılan, hətta son zamanlar həbs edilmə təhlükəsi ilə üzləşən Hacı Tahir Abbaszadə əks-hücuma hazırlaşır. Belə ki, o, dövlət büdcəsindən və Prezidentin Ehtiyyat Fondundan Gəncə İmamzadə Kompleksinin təmiri üçün ayrılan on milyonlarla vəsaitin talan olunduğu iddiası ilə bağlı hüquq-mühafizə orqanlarına şikayətlərdə bulunacaq. Onun əlində kompleksin tikintisi zamanı məsrəflərin şişirdilməsi, habelə, podratçı şirkətlərin pullarının verilməməsi, çoxmilyonluq korrupsiya halları barədə məlumatlar olduğu bildirilir.
 
Onu da qeyd edək ki, İmamzadə Kompeksinin yenidən qurulması prosesini Gəncə İcra Hakimiyyəti həyata keçirib. Qafaqaz Müsəlmanları İdarəsi bu prosedən ilk gündən kənarda qalıb.
 
Xəbəri dəqiqləşdirmək üçün Gununsesi.info-nun əməkdaşı Hacı Tahirlər əlaqə saxlayıb. Hazırda sistem altında olduğunu deyən axund səhhətinin pisləşdiyini bildirib: “Vəziyyətim yaxşı deyil. Bu, birinci hal deyil ki, baş verir. Bu qədər də olmaz. Mən özüm sizinlə əlaqə saxlayıb, danışacam”.
 
Gəncənin icra başçısı Elmar Vəliyevin də bu olaylara münasibətini öyrənmək istəsək də buna nail ola bilmədik. belə ki, icra başçısının telefonuna cavab verən köməkçisi onun məşğul olduğunu əsas gətirərək, bizi calaşdırmaqdan imtina etdi.
 
Xatırladaq ki, Xural.com saytı Hacı Tahirə istinadən Elmar Vəliyevin “İmamzadə”yə hücum təşkil etdiyini, onu həbsə aldırmaq istədiyini deyib. O, bildirib ki,  şərlənəcəyi təqdirdə intihara əl atacaq.