Gürcüstanda yeraltı qaz anbarı tikiləcək

Gürcüstanda ilk dəfə olaraq tikiləcək  yeraltı qaz anbarının texniki-iqtisadi göstəricilərinin layihəsinin hazırlanması hesabatı sona çatıb.
 APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib. Onun sözlərinə görə,  layihənin dəyəri 50 milyon dollar olacaq. Nazirin sözlərinə görə, Gürcüstanda  yeraltı qaz anbarının tikintisində Azərbaycan şirkəti SOCAR da maralıdır və bu barədə danışıqlar gedir. Gürcüstan Neft və  Qaz Korporasiyasından bildirilib ki, yeni tikiləcək qaz anbarının tutumu 210-280 milyon kubmetr olacaq. Bu da Gürcüstanın illik ehtiyacının təqribən 15%-i təşkil edəcək.
Qeyd edək ki, bu gün Gürcüstanın energetika naziri Kaxa Kaladze, Gürcüstanın Neft və Qaz Korporasiyasının baş direktoru David Tvalabeişvili və layihə rəhbərləri Samqoridə yeraltı qaz anbarı tikiləcək sahədə olublar. Məlumata görə, ölkədə ilk dəfə tikiləcək qaz anbarın texniki layihəsininin yekun hesabatını beynəlxalq tenderdə qalib gələn  Fransanın “Jeostok” şirkəti hazırlayıb və bu barədə  Gürcüstanın Neft və Qaz Korporasiyası 2015-ci ildə şirkətlə müqavilə bağlayıb.
Gürcüstanın Neft və Qaz Korporasiyasının baş direktoru David Tvalabeişvili bildirib ki, yeraltı qaz anbarının tikintisi sayəsində Gürcüstan strateji obyektin sahibi olacaq və ölkə öz enerji təhlükəsizliyini təmin edəcək. Gürcüstanda ilk dəfə olaraq tikiləcək  yeraltı qaz anbarının texniki-iqtisadi göstəricilərinin layihəsinin hazırlanması hesabatı mərasimində Azərbaycanın Gürcüstandakı  səfiri Azər Hüseyn, SOCAR-ın Gürcüstan nümayəndəliyinin  rəhbəri  Mahir Məmmədov və digər rəsmi nümayəndələr  iştirak ediblər.